Mən dünyanın ən təmiz zirvəsində dayanmışam... - Şeirin Şamlu tərəfi - Əhməd ŞAMLU

 

Danışan dili olaydı

eşqin kaş

"Səni sevirəm" - deyən kəs

bir üzgün musiqiçidir

ki, itirib səsini.

 

Danışan dili olaydı eşqin kaş.

 

Min  şən Torağay

sənin gözlərində.

Min səssiz bülbül

mənim boğazımda.

 

Danışan dili olaydı eşqin kaş.

 

"Səni sevirəm" - deyən kəs

Qəmgin ürəkli gecədir ki,

Axtarır ayını.

 

Danışan dili olaydı eşqin kaş.

 

Min gülər günəş sənin şivəndə

min ağlar ulduz

mənim yalvarışımda.

 

Danışan dili olaydı eşqin kaş.

 

Səslədim səni

Qaranlıqda axtardım gözlərini,

qaranlıqda tapdım gözlərini

və gecəm ulduzlarla doldu.

 

Səslədim səni

Ən qaranlıq gecədə, ürəyim səslədi səni.

Və sən səsimlə gəlirdin mənə sarı,

əllərinlə nəğmə oxuyurdun əllərimə,

Gözlərinlə gözlərimə,

dodaqlarınla dodaqlarıma.

Bədəninlə nəğmə oxuyurdun bədənimə.

Mən gözlərinə, dodaqlarına öyrənmişəm,

öyrənmişəm təninə.

Məndə bir şey söndü,

cücərdi məndə bir şey.

Mən yenə körpəlik beşiyimdə

                                   yuxuya getdim

və keçmişdəki gülüşümü geri aldım,

məndə şübhə yuva salmışdı.

 

Bir bulaq kimi axdı mənə tərəf əllərin

və yeniləndim,

inandım,

qucağıma aldım inancı bir oyuncaq tək

və ilkin illərin beşiyində yuxuya getdim

ətəyində...

ora röyalarımın beşiyidir!

Və dodağıma qayıtdı keçmiş gülüşlərim,

təninlə laylay çaldın tənimə.

Mənimlə idi gözlərin

Və bağladım gözlərini.

Niyə ki, əllərin güvəniləsiydi!

Qaranlıqdır pislik!

Cinayətkardı gecələr!

Ey sevgilim, ey inanc,

mən pisliklə küsəm!

Və oxuyuram səni bir böyük gün kimi.

Səsləyirəm səni, dinlə,

 ürəyim səslər səni!

Hasar çəkib gecə həndəvərimə

Və mən səni izləyirəm.

Ulduzlarını izləyirəm

                        ürəyimin pəncərəsindən.

Niyə ki, günəşdir hər ulduz

Mən günəşə inanıram,

mən dənizə inanıram.

Və gözlərin dənizlərin çeşməsi,

İnsan dənizlərin çeşməsi!

 

Həmişənin özü

Ən gözəl sözünü söylə,

aydınlat işgəncənin gizlin sükutunu

Qorxma ki, desinlər:

Boş - boş nəğmə oxuyursunuz!

Axı bizim nəğməmiz

Boş nəğmə deyil!

Çünki eşq,

boş söz deyil!

 

Qoy elə günəş də doğmasın

sabahlarımıza görə,

əgər bircə toxuma minnətdirsə!

 

Çünki eşq elə sabahın özüdür,

həmişənin özüdür.

***

Darıxmağın bir kiçik adı olardı kaş,

Ki, canına çağırardın,

bir kiçik ad

ki, məhəbbətə görə oxuyardın.

Ölüm kimi...

Ki, həyatın kiçik adıdır!

***

Kimsən ki, güvənərək adımı

                        sənlə səsləyirəm,

sevinclərimin çörəyini sənlə bölürəm,

otururam yanında.

Dizin üstündə beləcə yuxuya gedirəm,

Kimsən ki, mən belə tələsik

röyalarımın vadisində sənə tələsirəm?!

 

Ey eşq

Ürəyimlə əllərimin titrəməsi

o üzdən idi ki, eşq sığınacaq olsun

Uçmaq yox,

qaçış yolu olsun.

 

Ey eşq... ey eşq,

Mavi üzün bəlli deyil!

 

Və məlhəmin soyuqluğu

odlu yaraya.

Şölənin şuru yox,

ürək sərinliyinə...

 

Ey eşq... ey eşq,

Al üzün bəlli deyil!

 

Təskinliyin qübarı

huzura.

Və azadlığın dincliyi

huzurun qaçışına...

Qaranlıq,

mavi sakitliyə

Və yarpağın yaşıllığı,

qırmızıya...

 

Ey eşq... ey eşq,

Tanışlıq rəngin bəlli deyil!

Sirr

Bir sirdir göz yaşı,

bir sirdir təbəssüm,

Sevgi bir sirdir.

O gecənin göz yaşı,

sevgimin gülüşüydü.

Nağıl deyiləm ki, söyləyəsən,

nəğmə deyiləm ki oxuyasan.

Dinləməyə səs deyiləm,

ya görməyə bir şey deyiləm,

ya bir şey ki, biləsən...

 

Mən ortaq bir dərdəm,

bağır məni!

Ormanla danışır ağac,

səhrayla tikan,

kosmosla ulduz.

Və mən sənlə danışıram.

Mənə adını söylə,

əlini ver mənə,

mənə sözünü söylə,

ürəyini ver mənə.

 

Kökünü bildim sənin,

dodaqlarınla bütün dodaqlara söz söylədim,

tanışdır əllərin mənə.

Ey gec tapılmış,

Səninləyəm!

Bulud qasırğaya olan kimi

Tikan çölə olan kimi

Yağış dənizə olan kimi

Bülbül bahara olan kimi

Bir ağac kimi ki, ormanlığa danışır.

 

Çünki kökünü bildim sənin,

çünki səsim səsinə tanışdır!

 

Ölülər

Bütün ölülər idim mən.

Səssizcə nəğmə oxuyan quşların ölüsü,

ən gözəl heyvanların ölüsü

torpaq üstə və su içində.

İnsanların ölüsü,

Pisi-yaxşısıyla.

Mən ordaydım -

keçmişdə.

Nəğməsiz,

heç bir sirr mənlə deyildi.

Nə bir təbəssüm

Məhəbbətə nə bir həsrət.

Məni vaxtsız yuxuda gördün,

və səninlə oyandım!

***

Qəm

burda yox,

Ordadır!

Bu qaraxananın soyuqluğunda

Döyünür ürək!

Bu şad olmayan qürbətdə,

təəssüfdür həvəs

ki, keçir dayanışın ucqarlarından.

İçsiz badam sındırırıq.

Diyarın xatirəsi

və cəhənnəmin acılığı

Keçir damarlarımızdan.

***

Sən hardasan?

Bu dünyanın sınırsız ərazisində.

Sən hardasan?

Dünyanın ən ucqar yerində

                        mən dayanmışam,

sənin yanında.

 

Sən hardasan?

Bu dünyanın təmiz olmayan ərazisində.

 

Sən hardasan?

Mən dünyanın ən təmiz

                        zirvəsində dayanmışam,

bu böyük çayın yaşıl yerində dayanmış,

ki, səs-səsə verirb oxuyur

Səninçün...

Tərcümə etdi: Ümid NƏCCARİ

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!