Daha söyləmərəm sənə dərdimi... - Əhməd Qəşəmoğlu - ŞEİRLƏR

Təbrizin qönçələri

Yağış yağır qızılgülün üstünə,

Torpaq ətri qəmli tarix danışır...

Damlalar içində yaşıl yarpaqlar

Sirlə dolu qönçələrə qarışır...

 

Təbəssümü Təbrizimə bənzəyən,

Ərklə baxan o qönçələr doğmadı.

Şirin-şirin nəğmə dediyi yerdə,

Kövrələn qönçələr qəfil ağladı...

 

...sular sellənər gedər,

sevdalar olmaz hədər,

üzün gülsün, Təbrizim,

daha bəsdi qəm, kədər.

 

bu yağan hansı qardı?

sədası gələn yardı...

gah yaxın, gah uzaqsan,

qəlbim qubar-qubardı..

 

Çox qarışıb bu yer üzü, Təbrizim,

Dar günümdə  sən arxam ol, əhdim ol.

Mən sənsiz  sınığam, param-parçayam,

Müqəddəs bir yoldu, sənə gələn yol.

 

Şirvan şikəstəsi

Ustad Aşıq Şakirə rəhmətlə                   

 

Ey Şirvandan söhbət açan  sübh üzü,

Heç nəyi unutma, el inciməsin.

Kimsədə qüdrət yox vəsf eyləməyə,

Özün vəsf eylə ki, dil inciməsin.

 

Tarixdə, ən ulu qədim çağlarda,

Başı buludlara dəyən dağlarda,

Ülgüsün behiştdən alan bağlarda

Qəlblər inciməsin, gül inciməsin.

 

Müqəddəs ruhların məskəni bu yer,

Dahi müdriklərin ölkəsi bu yer,

Muğamın da doğma nəfəsi bu yer,

Elə dindir tarı, tel inciməsin.

 

İgidləri, gözəlləri şahanə,

Bir gözəli etdi məni divanə,

Dünyada yox ona tay, nişanə,

Qəşəmoğlu, dövran, il inciməsin.

Qəlbində bir işıq

alışa bilsə...

Toz-duman alanda hər bir tərəfi

Bir addım qabaq da görünmür gözə.

Amma ki, yaxında, bəlkə səninlə

Ilahi bir aləm durub üz-üzə.

 

Bəlkə  qızıl güllər bürüyüb səni?

Bəlkə min əlvanlıq, sehr içindədi?

Bəlkə də dindirsən sən hər birini

Görərsən hamısı eşq bürcündədi...

 

Hələ ruhdan  salır səni bu duman,

Hələ itirmisən özünü, qorxma.

Qəlbində bir işıq alışa bilsə

Sənə yol göstərər, dumana baxma.

 

Köklən kainata, ətrafı unut,

Köklənsin ahəngə qəlbin telləri...

Gör dinən nəğmələr hara çağırır?

Ordadı ruhunun doğma elləri.

 

Daşkəsən dağlarında

Yallar açıb allı-güllü yaxasın,

Tanımadım çiçəklərin çoxusun...

Bu halıma ildırımlar şaxısın,

Bağışla sən bu vəfasız oğlunu.

 

Yaşım gəlib daha qırxı haxlayıb,

Ömür məni səndən uzaq saxlayıb.

Sinəmdən doyunca ruhun axmayıb...

Dindir indi bu vəfasız oğlunu.

 

Çən-dumandı Söyünxanın yaylağı ,

Doğma babaların doğma oylağı.

Giley etdi Qaşqaçayın çaylağı,

Gəzdir eldə bu vəfasız oğlunu.

 

Əlimdə saz, dilləndirir var-yoxu,

Aşkar olur tarix olanın çoxu.

Saz kiminsə, dağlar onundu axı,

Oyat, anlat bu vəfasız oğlunu.

 

Həsənnənə, Həsənbaba, Xoşbulaq,

Sizdən Ələsgərin sədasın alaq,

Qədim cığırlardan gəlir min soraq,

Ağlat, güldür bu vəfasız oğlunu.

 

Bu duruşa, bu çiçəyə, bu gülə

Neynəyim, qarışım mən gilə-gilə...

Qəşəmoğlu getsə, çətindi gələ,

Qoyma getsin bu vəfasız oğlunu.

 

Yıxıldım

Sərv nurum məni duymadı,

Budağından yıxıldım.

Hər an gözləri doğmaydı,

Yanağından yıxıldım.

 

Bu qədər qısqanclıq olar?

Hər an ilan kimi çalar.

Gileyimdən kitab dolar,

Varağından yıxıldım.

 

Şübhə düzür ətrafına,

Suallar sual yanına...

Min yol çəkir imtahana ,

Sınağından yıxıldım...

 

Hərdən qalmadı ümidim,

Qəlbim qırıq, didim-didim,

Körpü saldım, gəldim...gəldim...

Qırağından yıxıldım.

 

Min  sahilə atdı məni,

Tonqallara çatdı məni,

Ayrılıq qorxutdu məni,

Fərağından yıxıldım.

 

Axı, nurdan nur doğular,

İtər, gedər qalmaqallar...

Yarım, nə vaxt bitər bunlar?

Marağımdan yıxıldım.

Səndən nur yağır

Səni çiçəklərmi yaradıb, yoxsa

Buluddan süzülüb, işıqtək gəldin?

Necə də ilahi baxırsan hərdən,

Dindirdim, nə doğma ədayla dindin?....

 

Cənnət guşəsidir sənin dörd  yanın,

Sənsə bu cənnətin bir məlakəsi...

Nə gözəl dolanır başına sənin,

Sənə aşiq olan günəş şöləsi...

 

Axı, belə kimsən? Səndən nur yağır...

Ətraf sehr içində şəfəqlərindən...

Nə qədər doğmasan, nə qədər əziz...

Duydum o titrəyən gül əllərindən...

 

İlham pərisi

...Tarixin ən böyük

günlərindən biri

"Şəbi-hicran" qəzəlinin

yarandığı gündü...

 

Həmin gün

nələr olubsa tarixdə,

bu qəzəldən sonra gəlir 

onların

göy üzüylə, yer üzüylə sevdası,

                             nuru, ziyası....

 

Füzuli qəlbindən, 

Füzuli qələmindən

             axıb gəldi bu qəzəl...

 

Ey dünya!

bir kimsə bilmir,

kim idi o vədə Füzuli qəlbini

göy üzünə kökləyən,

göy üzüylə  gəzdirən gözəl...

bu ilahi sözləri

bir ilahi nizamla

                       düzdürən gözəl...

 

"...Deyildim mən sənə mail,

sən etdin əqlimi zail.

Mənə tən eyləyən qafil,

səni görcək usanmazmı?..."

 

Hər ilahi şeirin

ilahi nurunda

ilahi bir gözəl var...

 

Ölə bilməz, itə bilməz

elə gözəllərin ruhu....

bəlkə də, çiçəklərin, göy üzünün

gözəlliyindən boy verir

             onların ruhu....

Bu dövrana verməm səni

Yer üzündə külək əsir,

Dumanı toza bulaşıb...

Şər xeyirə hücum çəkir,

Qarası ağa daraşıb.

 

Niyə yaranıbdı insan?

Müdriklərdən xəbər alsan,

Özün də bir arif olsan,

Bilərsən, dövran dolaşıb.

 

Çox düşündüm qəni-qəni,

Bu dövrana verməm səni,

Könlündən xəbər al məni,

Bir bax, o, mənlə barışıb.

 

Qəlbinə nur tək dolaram,

Bağın bağbanı olaram,

Elə bir aləm quraram -

Orda gül-gülə qarışıb.

 

Baxma mənə belə kövrək

Ahəng hökmün dərk elədim,

Çox hürkünü tərk elədim.

Dünya sirlər açdı mənə,

O sirləri görk elədim.

 

Çiçək baxır, min nazı var,

Çaylar axır, öz sözü var.

Hər eşqin bir qaranlığı,

Qaranlığın gündüzü var.

 

Baxma mənə belə kövrək,

Quşlar uçur ürkək-ürkək.

Üzüm sənə gülümsəyir,

Qəlbim yanır ləçək-ləçək.

 

Daha söyləmərəm

sənə dərdimi               

Daha söyləmərəm sənə dərdimi,

Dərdimi duymağa nurun qalmayıb.

Uca zirvə idin, zirvələrdə sən.

Zirvələr yox olub, qarın qalmayıb.

 

Ömrümü bürüyən bir alov idin,

Sözümdən, üzümdən hey şölə verdin,

Mən sənə ruhuma ruhumsan dedim,

Sönübsən daha sən, qorun qalmayıb.

 

Səni də bu dövran aldı apardı,

İlğımlar könülü candan qopardı.

Ümidim də yoxdu, vaxtım çox dardı,

Sovrulmuş bir bağsan, barın qalmayıb.

 

Kainat verəcək

hökmünü adil

Yer üzü yaşamaz belə nizamla

Nizam dəyişəşək, yol dəyişəcək.

Kainat verəcək hökmünü adil

Əllərin üstündə əl dəyişəcək.

 

Bütün fəlsəfələr etmədən tərslik,

Çiçəklər olacaq ən gözəl dərslik,

Məhəbbət hər qəlbdə bir nur, üzərrik

Acı söz keçəcək, dil dəyişəcək.

 

İblisin hökmündən insan arınıb,

Axır biləcək ki, niyə yaranıb?

Uca kəhkəşandan nümunə alıb

Allahın yolunda el dəyişəcək.

 

O vədə səmalar olacaq yerim,

Yenidən dillənər mənim hər şeirim,

Ruhumdan boy verər  o ilham pərim

Dövran dəyişəcək, il dəyişəcək.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!