Eşidilməsin səsi sehrli duaların,
Qoy sükutunda qalsın.
Mənə bir Tanrı göstər, göstər, basım bağrıma,
O da mənə inansın.
Gizli məbədimizin qapılarından keçib çatsın kor quyuların
İçindəki ağrıma...
Açsın pəncərələri, toxunsun şüşələrə buludların kölgəsi,
Gətir, gətir yolları ayağına dolayıb
Qəlbimin dərinində ən yaşıl ağaclara uçanların ölkəsi
Hələ yağışlarına ovuc açan olmayıb...
Sorağı cığırların qurumuş otlarına dönüb, dönüb xışıldar
Toxunmaz ayaqları
Yerə ruh adamların.
Gümüşü yuxularda anqappaq qanadları "amin" - deyib pıçıldar
Pıçıldar quanqların budağında təklənib ölən quş yuvaları...
- Amin - deyib qalxaram, içimin ibadəti bitəndə göyə sarı...
- Tanrı,
Qoru, - deyərəm, - qoru yolçuluqları, olmayan şəhərlərə...
Qollarını qaldırıb uçası yerdi dünya
Quanq xışıltısından, çaylaq gümüşlüyündən
Gözlərinin qapanmış qaranlığında guya
Nə var...
Həyatdan qopub gedəm ölmüşlüyümə...
Yağış damcılarında sıxışıb qalıb ömür,
Orda arzu qurmuşuq,
Orda xəyal etmişik
Yol tutub nə edirik, - yolu atmaq da olmur,
Harda nə olub bizə, uzaqlara getmişik...
Ovcumuzda bir əlçim can, çırpınıb sıxılıb
Dağı-daşı yerindən oynatmışıq,
Nə olsun...
Daşlar ayağımızın altındaca yıxılıb
Demişik - budur eşqi, sevgisi yolsuzluğun...
Apar, yolların tamam qurtardığı yerə çax,
Orda göyərib qalım,
Orda ağac olum mən.
Hər axşam pəncərəndən günəş doğan yerə bax,
Bax,
Baxa bildikcə bax,
Qayıtmayım o yerdən...
...Və bu gizli şəhərin ən dərin küçəsində
Ən bağlı qapısında
Səssiz pəncərəsində su damcıları kimi çiçəklər düyünlənir...
Qarışıb göy ovcunun çuxurundakı izə,
Hələ düşmür rəqsinin kölgələri gündüzə.
Qərib pıçıltıları
İtik nəfəsindəki kiçik toxunuşları bir sapa düzə-düzə
İçinə atır şəhər...
Və hər axşam, hər səhər
Yumulu gözlərimdən o üzdədir ən qərib
Ağacları bu yolun.
Gecəsinin əriyib üfüqə qarışdığı aylı kölgəliyində
Səslənməmiş səslərin,
deyilməmiş sözlərin məktubunu oxudum.
Gözünü açmısansa,
Qaldır baxışlarınla günəşi dan yerindən.
Bacarırsan - bunu et, bacarmayırsansa get
Heç nə istəmirəm mən...
Və bu gizli şəhərin yox olan otağında qəlbimə yuxu ensin
O özü mənə desin,
Desin:
"Səni sevirəm"...
Kölgəmi
İşıqlarından süzülən sükut qarşıladı.
Səbəb,
Yaşamaq üçün bir udum nəfəs,
Səbəb, ölümqabağı vəsiyyət
Səbəb, nə olursa-olsun, sənə gəldiyimi bilirəm, sevdiyim...
Gülümsəyirəm.
Tanış küçələri addımladıqca, xatırladıqca hər şeyi
Yad şəhərin gecəsində həsrət əriyir,
Hansısa pəncərədən bir çağırış boylanır və çağırır:
-Ey,
Mən burdayam,
Çox yaxında...
Hardan baxsan,
Gecənin sirrinə doğru açılıb qollarım.
Səhərəcən
Dolaşacam bu şəhərin küçələrini
Gəl məni tap...
Lap
Üç günlük ömrüm qalıbsa da, son gücümü toplayıb
Sənə
Və günəşi qarşılamağa gəlmişəm...
Kədərləndim...
Kədərləndim,
Birdəncə pəncərənin göy gurultusunu duyduran açıqlığında
Susdu içimdəki səs
Dayandı rəqs edən balaca qızcığaz...
Və günlər sonra ilk dəfə əllərim tutrədi...
İrəlilədikcə səssiz çöllərin
sarı-sarı qurumuş otlarının üstündən külək,
Baxışlarımı göm-göy səma parçasından endirdim
İçimdə
Payızı qarşılamağa hazırlaşan ağacların budağından
Hansısa sındı düşdü...
Orda, uzaqlarda, gizli məbədlərin divarları arasında
Yenə zər qanadlı göy kəpənəklər uçuşdu...
...Biz ki bunları bilərək aşiq olmuşduq bir kərə, olsun,
Olsun, - dedim öz-özümə, - yarıaçıq
pəncərədən hələ yaşıl ağaclar görünür...
***
Kiminsə
Danışılmış nağılının yarpağıydı
Budağında bitməyə macal tapmamışdı...
Əvvəl ağacını kəsmişdilər,
Sonra suyunu
Damarlarında üşüyürdü uşaqların yelləncək oyunu...
Torpağa qarışmazdan əvvəl
Bir ah çəkdi,
Nağılları xatırladı, ağacı kəsilməsəydi
Uçub gedəcəkdi o şəhər...
Müqəddəs Ea,
Tut ayaqlarımdan və mənə uçmağa icazə vermə.
Ürəyinin harda döyündüyünü bilmədiyim bu yad şəhərə
Göylərdən deyil,
Küçə-küçə
Ağac-ağac
Pəncərə-pəncərə
İnsan-insan baxmaq istəyirəm...
Yıxılmaq istəyirəm, ayağım səki daşına ilişəndə
Qalxmaq istəyirəm bir işıq dirəyindən yapışıb
Oturmaq istəyirəm ən uzaq küncündə.
Bilmirəm
Hardan gəldiyimi...
Keçmiş bu torpağa ayaq basdığımdan bir an sonra
Yoxluğa qarışıb...
Xatirələrə
Ən uzaq yerdə...
Ea,
Bir də...
Gözlərini yum,
Qulaqlarını tut
Məni unut, mən yad şəhərdəyəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!