Özbək xalqının tanınmış şairi, publisisti Ötkür Rəhmət (Rəhmətov) 1948-ci ildə Səmərkənd şəhərində anadan olub. Səmərqənd Dövlət Universitetini və Daşkənd Dövlət Hüquq İnstitutunu bitirib. Özbəkistanın Televiziya və radio komitəsində müxtəlif yüksək vəzifələrdə çalışıb. 1991-1999-cu illərdə Ö Rəhmətov Özbəkistan Respublikasının prezidenti yanında Dövlət Müşaviri olmuşdur. Ö.Rəhmətov uzun illər jurnalist kimi fəaliyyət göstərib, hal-hazırda "Xalq sözü" və ("Narodnaya slova") qəzetlərinin təsisçisi və baş redaktoru vəzifəsində çalışır. Bu il 70 yaşı tamam olan Ötkür Rəhmətin indiyə qədər 18 kitabı işiq üzü görüb. Azərbaycanda dərc edilən bu kitab şairin 70 illik yubileyinə bir hədiyyədir.
Ehtiram
Səmərqənd şəhrində gəzir elə bil,
Göylərin ərşində ulduzlar ilə.
Onun mehri, axı, qəlblərdə təbil,
O, axı, yaşayır bizlərlə birgə.
Qayğılar küləyi dayanmaq bilmir,
Hər şey yarpaq olar onun yolunda.
Amma könül bəzən nədənsə dolmur,
Hərdən dad deyirik tale əlindən.
Gah hər şeydən ağır gəlməkdə həsrət,
Kirpiklər yaşlanar, ləblər titrəyər.
Uşaqtək sevincdən alırıq ləzzət,
Dumantək dağılır qəmgin ləhzələr.
Qədim günbəzlərdir göyün qardaşı,
Hər naxış, heykəldir şərəfə, şana.
Buralardan qalxan Şərqin günəşi,
Sonra da qərq olar o Zərəfşana.
Ruhları nigaran gedənlər döndü,
Öz yerini tapdı ar-namus vicdan.
Dan qızaran kimi, zülmətlər söndü,
Açıldı ümidə misli yox imkan.
Köksünü ötürər Əfrasiyab da,
Xaraba altından gələr sədalar.
Registan bağında başqa bir nida,
Durmadan səslənər sirli nəvalar.
Bəlkə Əmir Teymur Bibixanımdan,
Hər axşam muştuluq alar gizlicə.
"- Artıqdır bu yurda sevgim canımdan,
Nədən gülümsəmir bəs tale bizə?!"
Seyrə çıxmış kimi böyük münəccim,
Ulduzlar qoynunda tapmaqda ənam.
Uzaqlardan baxar bizə mülayim,
Göstərib nəsillər üçün ehtiram.
Qaynayıb kükrəyən damarlarda qan,
İstiqlal havası, dostlar havası.
Şeiriyyət ümmanı bağrında tüğyan,
Nəvai babanın odlu nəfəsi.
Boranlar, tufanlar gizlətdi üzün,
Əfsus, yuyammadı kimsə günahın.
Yenə qalib gəldi mətanət, dözüm,
Özlüyümü daim qoru, ilahi.
Yanında gəzməkdə sanki Səmərqənd,
Mavi göylərində sonsuz məhəbbət.
Onun ruhu daim qəlblərə peyvənd,
Ondan daim yağar ilham, hərarət.
Həmişə yanında gəzər Səmərqənd,
Qanında, canında gəzər Səmərqənd...
***
Atəşdən sıçrayan qığılcımlartək,
Uzaqdan diqqəti çəkər zərrələr.
Kiməsə bu halət duyular zər tək,
Kiminsə qəlbində günəşdən əsər.
Hər keçən gün salar sənə bir nəzər,
Xatirə oyadıb hər dəm, hər səfər.
Könül küçəsində yaşıllıq gəzər,
Qəlb titrər, kirpiklər səssiz nəmlənər.
Pıçıltı
Açılıb-saçılıb gülər təbiət,
Həsrət dəmlərinin qalar nəfəsi.
Açıl, ürəyində coşsun məhəbbət,
Qoy hamının sənə gəlsin həvəsi.
Hər kəsin vardır öz gül açmaq anı,
Səbir kasası da dolar bir günü.
Sübhün nəsimləri öyrədər danı,
Sonra yola düşər gizləyib ünün.
Sular nəğmə deyib tələsər hər dəm,
Gah pünhan, gah aşkar naz-qəmzə ilə.
Üfüqlərə tərəf yol alar xürrəm,
Kamın pıçıldayıb gətirər dilə.
***
Uçaq yerə qondu, təhlükə ötdü,
Artıq nigaranlıq arada qaldı.
Qəfildən canına düşən üşütmə,
Dumantək dağılıb birdən yox oldu.
Baxışım qalmışdı mat və məəttəl,
Bir xeyli pərişan idi əhvalım.
Sözlərim dilimə gəlməyən məhəl,
Yerində deyildi huşum, xəyalım.
Tələsik ayağa qalxdı hamı şad,
Kimi səs salaraq, kimi səmirsiz.
Cürətim elə bil qırılmış, qanad,
Könlümsə çəkirdi xəcalət, əfsus.
Hardansa yadıma düşür izlərim,
Köksümü tuturam təlaş içində.
Qəfildən yol çəkir gözlərim,
Elə bil can verir günəş içimdə.
Bu sonsuz təlaşlar ömrümə qənim,
Bir ağrı qurşayır düz kürəyimi.
Yada düşür yenə doğma Vətənim,
Orda qoymuşammış mən ürəyimi!
***
Gecə yarısı, zəng: bağrım yarılır,
Vücudumu birdən qorxu titrədir.
Bilmirəm, nə olub, harda qırılır,
Düşüncələr bir-bir, təlaşlar bir-bir.
Tələsik işığı yandırıram tez,
Otağımın üzü gülür qəfildən.
Yaxın ya uzaqdan bu soraq, bu iz,
Hərdən gəlir, məqsəd nədir, görəsən?!
Gecəli-gündüzlü ömür yolları,
Nələri başından keçirmir, axı,
Keçən gün yox idi zəngin əsəri,
İndi də istəyir, ucalıb, qalxıb?!
Gecə pəncərəmin sırğasındadır,
Külək öz-özünə gəzir dərbədər.
Nədənsə ümidim ah çəkib ağır,
Dəstəkdən gözləyir yalnız xoş xəbər.
Özbək dilindən çevirəni:
Dayandur SEVGİN
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!