Çağdaş Azərbaycan sərbəst şeirinin özünəməxsus üsluba və istedada malik gənc nümayəndəsi Fərid Hüseynin “Səmərqənd divanı” adlı poetik silsiləsi bir neçə baxımdan maraqlıdır: Əvvəla poemaların, uzun şeirlərin, poetik silsilələrin az yazıldığı, yaxud heç yazılmadığı bizim dövrdə Fərid Hüseyn “Səmərqənd “divanı” adlı poetik silsilə qələmə almaqla ilk növbədə ənənəni dirçəldir. Eyni zamanda, müəllifin məcazi mənada “divan” adlandırdığı poetik əsərində klassik Şərq və ümumtürk poeziyasına xas məcaz, təşbeh və bənzətmələri stilizə edir, bəzilərini isə yeni yozumda, fərqli şəkildə təklif edir. Bununla da “divan” adına bəraət qazandırmağa çalışır. “Səmərqənd “divanı” “Şərqin Roması” adlandırılan bir şəhərin – Səmərqəndin tarixi yerlərini gəzən, bu səfər zamanı şəxsi, ictimai, fəlsəfi duyğu və düşüncələrini, əbədiyyət, fanilik və ötəriliklə bağlı fikirlərini bölüşən şairin monoloqudur. Bu monoloq şəhərin – Səmərqəndin tarixi ilə uğurlu şəkildə bağlanır, bəzən oxucuda tarixi-poetik esse təəssüratı yaradır. “Səmərqənd “divanı” eyni zamanda Azərbaycan-Özbəkistan ədəbi əlaqələrini çağdaş və parlaq səhifəsi kimi də qiymətlidir. Mən müəllifi təbrik edir, onun bu maraqlı poetik əsərinə həqiqi divan ömrü arzulayıram. ANAR
Fanilik duyğusuna ithaf edilir...
Zəni eylə o əyyamdır, fikr ilə nəzər sal gör,
Dərgah haman dərgahdır, meydan da haman meydan.
Söyləyər: ayağın bərk bas, göz yaşını tök rahat,
Biz torpaq olub getdik, sən də diri torpaqsan.
Xaqani Şirvani “Mədain xərabələri”
İndi dörd yanı tarix qoxuyan,
ruhlar mühasirəsində yaşayan –
qılınc və nal səslərinin
dilinin batdığı bu şəhərdə nəfəs alıram –
kiminsə ahının üstünə.
Onsuz da, tale günün birində
başımızı aşağı əyir– sinəmizə
və insan öz könül evində
qurşanır etiraf ibadətinə – tövbəyə
və qəlbinə səcdə edir beləcə.
Tarixin adətidir səssiz yaşamaq,
bizim adətimizdi
itən addım səslərini dinləmək:
qanlı saraylarda,
sağalmayan yaralarda.
Çox şey bizə
danışılan kimi deyil deyə
dünyaya baxıram
gözüdolusu nabələdliklə...
Adəm övladının tarixini öyrənirəm:
vaxt gəlir insan,
hamının gözündən yayınıb
doymağını hiss etmək istəyir,
bax onda qaçır yüksəldiyi vəzifədən,
qazandığı addan,
gələcəyindən,
cənnətindən,
daha onun qorxusu qalmır,
əliboş dağlara zəncirlənməkdən.
Divarın üstündəki adlara,
qızıl qatılmış palçıqla
suvanan qalalara baxıram, –
insanın özünün dırnaqla,
tişəylə, dəmirlə
ölümsüzlüyə həkk etmək həvəsinə –
uzun yaşamaq nəfsinə,
fanilərin əbədiyyət tamahına,
silinmiş insan izlərinin
əlləri yaman yaraşır,
unudulacaq insanların yaxasına.
Nə sülslə
nə nəstəliqlə,
nə kufi ilə
yazma mənim ismimi
dəri üzərinə, Xəttat,
mən öz adımı
unudulacağım hər yerə qazımışam.
Diqqətlə baxsalar görərlər,
məni bağışlamayanlar
adımı hər lövhədən oxuya bilərlər.
İndi qızıllarla bəzədilmiş saraylarda,
ötən əsrlərin laylasının şirinliyindən
yeni əsrin vicdanı məts olur.
Sən keçmişin nəğmələrinin
üzünü köçürmə, Xəttat, –
bəlkə də ancaq unudulanlar
həqiqi taleyini yaşayır.
Bayramlarda ev-ev
baş çəkdiyin adamları,
gün gəlir
məzar-məzar ziyarət edirsən,
beşikdən qəbirə
yol göstərən ox işarəsini,
süslə,
kufiylə,
nəstəliqlə,
nə “çəkə”,
nə yaza bilərsən, Xəttat.
Dünyanı gəzdikcə,
olanları gördükcə
tarixin üzündəki təcrübədən utanıram.
Anlayıram ki, insan öz gücüylə,
qılıncıyla,
dırnaqarası zəfərləriylə
sirkə içirdirmiş qəlbinin ədalətinə.
Tarix keçmişin üzündəki
yaranı gecə-gündüz qaşıyır,
qan gölü,
baş təpələri ilə öyünən səltənətlər
tarixin geyindiyi
xəritə köynəyində
ləkə yerləri kimi yaşayır.
Tarix yaman darıxırmış,
hökmdarları siqaret kimi
bir-birinə calamağından,
havalı adam başı kimi
taleləri oyan-buyana
bulamağından görürəm.
Sən demə, yalanla həqiqət,
əhvalatla olmuşlar siam ekizləriymiş –
biri öləndə, o biri də yaşamır.
Ona görə hər dövran öz yalanıyla,
hər vaxt öz həqiqətiylə
sulayır könül səhramızı,
evimizi,
eşiyimizi,
çatlamış tale məzarını,
bəxtin xarabazarını.
Qəlbin sarı simə keçən,
sifətlərin kölgələnən,
əllərin hönkürən,
səbrin üzü qaralan yerdə dayanmışam.
İndi yaşadığım anlar
səbəblərə gözünün ucuyla da baxmır,
yarasa gözlərində ölüb
zamanın qaranlıq sifəti,
gələcəyimizdə qeybə çəkilib
bu günümüzün bərəkəti.
İnsan başlarından ucaldılan piramidalar,
bölüşdürülən hərəmxanalar,
“Allah” sözü divarlarına naxışlanan saraylar,
“Bizim gücümüzə inanmayanlar,
tikdirdiklərimizlə inansınlar” deyən hökmdar,
rahat uyu məzarında,
olduğun yerdə,
zamanın unutmaq ixtiyarını
al gələcəyin əlindən.
İndi şairlərin kəlmə kəndirbazlığı,
alimlərin şübhə zəncirləri,
münəccimlərin səma əlifbası,
əyanların tərif bülbülləri,
tarix aynasının arxa üzündə
heç zaman dolmayacaq
bir buluda doluşublar, –
Qiyamət gününün
vətənsizliyinə sığınıblar.
Muncuq kimi sapa düzələn
zəfər ilğımları
vaxt hakiminin əlində qırılıb,
insanlar hökmdar, mömin,
alim qəbirlərinə ziyarətində
fanilik səcdəsində qapanıb.
Bu dilsiz məzara –
bu sakit, qara daşa baxıram.
Şəhadət gətirə mənə əbədi göylər,
onun islandığı yağışların,
onu isidən günəşin,
onu çətinə salan dumanın dilindən,
deyin ki, biz yağan torpaqlara,
səhralara,
saraylara gəlmisən,
deyin ki, qırmızı kərpicli saraylar,
deyin ki, qızıl suyuna çəkilən qılınclar,
al ipəklər
bu qara daşlar önündə
dayanan həqiqətin
pərtlikdən qızarmış yanağıdı,
deyin ki, bu lal məzarlar
qəhrəmanlığın dodağına
“sus” qoyan şəhadət barmağıdı.
Quyruğunun altında neştər gizlədən arı kimi,
gizlədir ölüm sonuncu addımımızı,
hansısa həyat dolu bir gündə.
Həyat ömrümüzə sığınacaq verib
fanilik vətənində.
Tarix suyun ehtirası öldürdüyü kimi,
öldürür qələbələri, zəfərləri,
həyatın qart üzündə.
Daha əcaib doğulur,
məğlubiyyət nəvələri.
Bir gün bir itki doğulur ömrümüzdə,
bizi silkələmək,
bizi ayıltmaq üçün,
xatırlatmaq üçün ki,
sizin gözləmədiyiniz ölümlər də var;
öyrəşmədiyiniz ağrılar da,
dadmadığınız məşəqqətlər də.
Dərdlə bəxtsizliyi əl-ələ görüb,
arzularla əlçatmazı qol-qola görüb,
şəhər darvazasının səsiylə
örtülür insan üzünə zamanın qapısı,
və Şahi-zində sükutu çökür dünyanın qəlbinə.
Əlçatmazlığa aşiqliyi öyrədən
göylərə boylanıram,
görə bildiyim ulduzlara,
ucsuz-bucaqsız səmaya baxıram,
necə susqundu,
necə dinməzdi,
necə sirrverməzdi
bu şəhadət nəhəngi.
Ulduzların səyahətini,
səmanın sevgisini,
ilin günlərini
bircə günlük yanlışla öyrənən bəndələr,
elmi hücrələrdə mənimsəyənlər,
sizin tikdiyiniz ibrət köynəkləri
cahil cəsarətlərinin əyninə gəlmir,
indi səmaya baxmağa vaxt tapmır adamlar –
daha heç kəs susmağı göylərdən öyrənmir.
Baş əyilən qapıların arxasında
boyun əydirməyən adamlar əyləşmədikcə,
bükülən qədlər düzələn,
kəsilən səslər eşidilən deyil...
Şair qəlbində sözlərin qiyamət günü var,
o sözləri ki, deyə bilməmişik,
o kəlmələri ki, beşiyində boğmuşuq,
o sözləri ki, susmuşuq,
həmin körpə sözlər
bir gün qundaqlarından qalxacaqlar,
bələklərinin iplərini açıb
boynumuza dolayacaqlar
və bizi yaşadığımız yalanlar boyu sürüyəcəklər.
Vaxtın zindanında
fitnə zəncirləri ilə
qandallanıb ayaqlarımız,
qollarımız,
arzu dəryalarımızı qurudub
bizi səhralara öyrəşdirdi,
qum sayı günahlarımız.
Nə baş sındırmaqla,
nə beyin yormaqla,
nə zəkamızı itiləməklə
dünyanın mənasını,
ömrün məqsədini
dirilik suyu kimi tapmaq olur,
nə də bu Teymur şahmatı həyatda –
irəlilədiyin xanalarda,
yarası köhnəlməyən,
ağrısı keyiməyən
vicdanı toxtatmaq olur.
Ulduzların təpiyindən əzilə-əzilə,
Günəşin qapazaltısında yaşayan,
əcəb sərkərdələrik:
guya döyüşürük,
qan tökürük,
tarix yazırıq,
öz aləmimizdə qəhrəmanlarıq,
əslindəsə, zəmanəsinə zəhər bişirən aşpaz,
təqvimləri qırmızı və qaralara boyayan
fərsiz rəngsazlarıq.
Dolmuş qaba axan,
suyun səsi gəlir keçmişdən,
dünən bu günlərini yaşamağa,
bu günlə yaşlanmağa çoxdan tövbə edib,
o, öz guşənişliyinə – tarixin hücrəsinə çəkilib.
Gələcəksə əcdadlarından xəbərsiz
özündən başlayacaq günün intizarındadı,
onun damağındadır hələ yaşanmamış günün dadı...
Gözəlləşməkdən doymayan,
ənlik-kirşandan usanmayan
qadın kimisən, ey şəhər,
keçmişi bəlkə də günaha sövq etmisən,
ən gözəl qarət libasları geymisən,
indisə özünə tamaşaya çağırırsan hamını,
istəyirsən gözəlliyin daşa dönməyini,
ecazın lallığını,
işvəkarlığın axırını,
hamı öz gözləriylə görsün,
istəyirsən fanilik aynalarında
daha çox adamın üzü görünsün.
Dünya bir Xanəgah “mehmanxana”sı,
ən ləziz yeməkləri,
ən şirin taamları,
ilə xürrəm edər səfərimizi,
parvardası,
nahabı,
tahibi ilə bəzəyər süfrəmizi.
Getməz ağzımızdan toy nanının dadı,
ən yumşaq döşəkləri,
pərqu balışları,
rahat yatacağı ilə döşəyər yerimizi,
sonra elə ağrılarla qardaşlaşdırar,
elə şükürlərlə naəlac qoyar ki,
hər şey öz diliylə danışar zülmün adından,
və beləcə yaddaşımız yalayar keçmiş səadəti
yanağındakı çuxuru gülüşünün
vəfa quyusuna çevrilmiş bir qadın xəyalından.
Qəlbi bətninə çevrilmiş,
meyvəsiz bir qadın varmış,
“bari-həmli”ni “göylərə göndərən”
nicatsızlığına yol yoldaşı sayan,
bir gün ayaqları əfsanələrə ilişən,
həya namələri xalq arasında dolaşan,
sən demə sevgisinin hüsnünə doymayanlar,
ona xəyanət donu biçibmiş,
zəmanəsə yalanları yaraşdıran
fürsətkeş dərziyə çevrilibmiş.
Zəmanə bir Danyal məzarıdır,
ədalət hər qarışda deyil,
başqa-başqa yerlərdədi.
Nemət ünvanı su içən quşlardan soruşdum,
gördüm ki, ruzimiz göylərdədi.
Dünya bir səs-küylü bazar,
hər kəs öz aldığını satar.
Qadın kimi gözəldir Siyob.
o hər səhər zəhmətin boyasıyla süslənir,
günortalar əziyyətin zənbilini daşıyır,
axşamlarsa əliboş qalmağın şövqünü yaşayır.
Divarlarına Quran səsi hopmuş,
ayələr hörülmüş,
hədislər boyanmış,
ibrət hekayətlərinin nəqşləri vurulmuş
ibadət sarayına baxıram,
qəfil bir qadın keçir önümdən,
heç zaman səsini eşitməyəcəyim bir qadın,
torpağı incitməyən yerişiylə uzaqlaşır
və günahların astarı sökülür yaddaşımda,
və beləcə ruhum bədənimə qarışır.
Başımı qaldırıb göy üzünə baxıram,
bizim olmayan,
ancaq bizimlə olan dünyaya,
saatım gələcəyə tələsir
və yaxamdan tutub məni sirkələyən biri
əliəyri illərin hamının gözündən yayınıb
ömrümdən oğurladığı günləri göstərir.
Tutuquşuya söyüş öyrədən dəcəl uşağın,
xatırlamadığı sözlərə qarışıb keçmiş.
Şəhər yaşamağa həvəslidir
gənc qızı sevən qoca kişi sayaq,
xəyallar keçmişin ağrılarını soyudur,
ilk sevgi unudulmur,
ilk məhəbbət əbədidi,
şəhərin yaddaşında yaşayan xoşbəxtlik hissi
qələbə sevincini müjdələyən
çaparların yolda ölən atlarının hünəridi.
Ey Şərqin Roması,
ay qanlı döyüşlərin
qabırğasından yaranan zəfər Həvvası,
ağasını gözləyən
faytonçu tələskənliyində itirdin
bütün qazandıqlarını,
xəzinə xizəyindən yıxılaraq sındırdın
əbədiyyən sənin olmayanlarını...
Dünyanı behişt bağına döndərib,
sonra cəhənnəm köynəyi geyindirdilər,
harının qəfil başlayan qara günləri kimi
ağardı şəhərin siyah zülfü,
qüdrət qırışlarını düzləyib torpağa yapışdırdı
yandırılan səadət evlərinin taxta sütunlarının
kömürüylə qızdırılan ütü.
Mənə öyüdnamələrdən misal gətirməyin:
qamış qələmləri bihudə zəhmətlərin
tərli yalanlarına batırıb yazıblar,
həkkak fışdırığıyla hopub divarlara,
qaliblərin ibrətli sözləri,
at azan bağlarda
çoxdan sönüb zəfər çırağının şöləsi.
Vaxtın bazarında
hərə öz sata bildiyi qiymətə satır ömrünü,
həyat ticarətə təşviqkar hökmdar kimi
bazarda daha çox mal olmasını istəyir
və beləcə ən yeyin addımıyla belə
kölgəsini tapdaya bilməyənlər
miniyini əcəl kölgəliyinə hörükləyir.
Hər kəs köynəyində bir məktub
qasid, çapar tələskənliyi ilə çapır,
qaranəfəs atlarını haldan salır,
zaval küləklərini geridə qoyur,
günəşi “gecə-gündüz nəğməsi”ylə uyudur
və özündən keçmişə
at cəsədləri,
sovrulmamış toz burulğanı,
yorğun ömür qoyur.
mənzil başına tələsir,
rəhm etmədən həkdən salır özünü
və əlbəəl yetirdiyi məktubdan
əzrail müjdələyir ona öləcəyi günü.
[1] Şərq ədəbiyyatında bu simvol – başın sinəyə əyilməsi daha çox qönçəyə aid edilir və məcazi mənada işlədilir.
[2] Ərəb əlifbasında yazılan klassik xətt növlərindən biri sayılan süls X əsrdə məşhur ərəb xəttatı Əbu Əli Məhəmməd ibn Muğlə tərəfindən yaradılmışdır.
[3] Nəstəliq xətti XIV əsrin sonunda nəsx və təliq xətlərinin sintezi nəticəsində yaradılmış və ərəb əlifbası ilə yazılan bədii xətt növlərindən birinə çevrilmişdir. Məşhur xəttat Mir Əli Təbrizi tərəfindən yaradılıb.
[4] Kufi xətti – Qədim tarixə malik olan kufi xətti VII əsrdə meydana gəlmişdir. . Ərəb qrafikası ən qədim kufi xətti əsasında İmam Əli tərəfindən yaradılmışdır. İlk “Quran” nüsxələri də məhz bu xətlə yazılmışdır.
[5] Bu fikir Əmir Teymura məxsusdur.
[6] Səmərqənddə “Gur-Əmir” mavzoleyində (məqbərə) dəfn olunan Əmir Teymurun məzarı nəzərdə tutulur.
[7] Əmir Teymur nəzərdə tutulur.
[8] Ömrü döyüşlərdə keçən, ölümü adilik kimi qarşılayan Teymur ilk övladı Cahangirin vəfatından bərk sarsılmışdı – bu itki ilə barışa bilmirdi.
[9] Şahi-zində Səmərqənddəki əsas memarlıq komplekslərindən biridir. Burada Teymurun nəslindən olan, habelə müqəddəs şəxsiyyətlərin dəfn olunduğu çoxsaylı türbələr var. Bura həm də qəbiristanlıq sayılır.
[10] Bu misrada Uluqbəy rəsədxanası və məqbərəsi, oradakı elm adamların fəaliyyəti nəzərdə tutulur. Uluqbəy (Sultan Al əüd dövlə Uluq bəy Gurkan, Turğay Mirzə) 1447-ci ildən Teymurilər sülaləsinə başçılıq edib, mədrəsə və rəsədxana yaradıb, onun hakimiyyət illəri elmin sürətli inkişafı dövrü kimi orta əsr elm, sənət tarixində mühüm əhəmiyyət kəsb edir.
[11] Binalar daxilində hücrələr tikmək sufi fəlsəfəsi, əxlaqi üçün çox uyğun memarlıq üslubudur. Səmərqənddə əksər tikililərdə hücrələr var. Hücrələr ölümü düşünmək, ölümdən əvvəl ölmək anlayışını ifadə edir, faniliyi, gəldigedərliyi, hədərliyi simvolizə edir. Eyni zamanda bu cür hücrələr darlığa sığınmaq, kiçik bir yerdə yaşamağın mümkünlüyünü, gözütoxluğu təlqin edir.
[12] Səmərqəndə yerləşən məşhur “Registan” (qum meydanı, qum ölkəsi) adlanan meydandakı üç mədrəsədə – Uluqbəy mədrəsəsi (XV əsr), Şir-Dor mədrəsəsi (XVII əsr) və Tilla-Karı mədrəsəsi (XVII əsr) – qapılar alçaq düzəldilib. Bu cür tikili üsulu elm, niyyət qapısından girərkən baş əymək, elm öyrənərkən təvazökar, ehtiramkar olmaq düşüncəsini təlqin edir.
[13] Əmir Teymur böyük şahmat taxtasının üstündə şahmat oynamağı sevirdi. O, şahmatın mövcud fiqurlarına iki dəvə, iki zürafə, iki keşikçi, iki mantil, vəzir və bir neçə başqa fiqur da əlavə etmişdi, nəticədə oyun və gedişlər xeyli çətinləşmişdi. Bu çox çətin, mürəkkəb, iti zəka tələb edən oyun “Teymur şahmatı” adlanır.
[14] Səmərqənd şəhəri nəzərdə tutulur.
[15] Bəzən Səmərqəndin gözəlliyinin, ecazkarlığının , möhtəşəmliyinin təhrikediciliyi barədə müxtəlif alimlər məcazi, rəmzi mənada yazırlar ki, Səmərqənd şəhəri özü Əmir Teymurun qulağına “pıçıldayırmış”: döyüşləri dayandırma, şəhərləri işğal et və qarətlərlə məni bəzə”. Sanki Əmir Teymur bu şəhəri daha da gözəl bəzəmək üçün qarətlər edər, gecə-gündüz döyüşərmiş,
[16] Bu yer Uluqbəy mədrəsəsi kompleksinə aid binalara aiddir, mehmanxana tipli tikilidir, burada çox hörmətli şəxslər qonaq edilirmiş..
[17] Səmərqəndə məxsus ləbləbi növüdür.
[18] Şəkər növüdür, Səmərqənddə çox vaxt çayla bu qənnadı içilir.
[19] Səmərqənddə hazırlanan halva növüdür..
[20] Səmərqəndə hazırlanan xüsusi çörəkdir. “Toy nanı” adlanan bu çörək bir həftə qalsa da kiflənmir, boyatlamır. Üstü müxtəlif şeylərlə (düyü, şəkər tozu) bəzədilir və çəkisi normal çörəkdən ağır olur.
[21] Bibi-xanım nəzərdə tutulur. Əmir Teymurun həyat yoldaşı Bibi-Xanım dünyaya uşaq gətirməsə də çoxlu xeyirxahlıqlar edərmiş. İndi onun məqbərəsi Səmərqəndin müqəddəs yerlərindən sayılır və uşağı olmayan ailələr oranı ziyarət edir və övladlarının olacağına ümid edirlər
[22] Bu ifadə “bətndəki körpə” anlamını ifadə edir. “Qurani-Kərim”də “Əl-talaq” – “Boşanma” surəsində işlənən ifadələrdən biridir.
[23] “Bibi-xanım”ın məscid tikən memarın Bibi-xanımı şərt qarşılığında öpməsi ilə bağlı heç bir fakta, gerçəkliyə əsaslanmayan əhvalat var. Deyilənə görə memar binanı vaxtında təhvil verməsi üçün belə bir şərt qoyur.
[24] Səmərqənddəki Danyal peyğəmbərin 18 metrlik məzarı var. Məzarın bu uzunluqda olmasının səbəbi cənazənin hissələrinin bir-birinə yaxın məsafədə ayrı-ayrı yerlərə basdırılmasıdır.
[25] “Siyop” Səmərqənddə böyük, tarixi bir bazardır. Burada zəhmətkeşlər, hamballar, alverçilər, nemətlər, bir sözlə, çox şey orta əsrləri xatırladır.
[26] Bibixanım məscidi nəzərdə tutulur.
[27] Harold Lemb yazır ki, “Teymur Səmərqəndi qoca kişi cavan qızı sevdiyi kimi sevib”.
[28] Səmərqənd Əmir Teymurun “ilk məhəbbəti” idi, o, ilk böyük qələbəsini həmin vilayətdə qazanaraq bu şəhəri əldə etmişdi. Səmərqənd Əmir Teymura özünəinam bəxş etmişdi deyə şəhəri uğurlarının səbəbkarı kimi sevirdi.
[29] Əmir Teymurun göstərişinə əsasən çaparlar, qasidlər atları ölənə qədər çapırmışlar. Ancaq bu şəkildə məktubları, gərəkli xəbərləri lazımı ünvana vaxtında çatdırırdılar. Buna görə də imperiya ərazisində yol boyu getdikcə çoxlu ölmüş atlar görmək olurmuş.
[30] Əsasən “Şərqin incisi” adlandırılan Səmərqənddə bəzən “Şərqin Roması” da deyirlər.
[31] Səmərqənddəki “Təxti-Qərəş” bağı nəzərdə tutulur. Deyilənə görə Səmərqənddəki bu bağ (park) o qədər böyük imiş ki, bir adam atını itirib, 6 ay sərasər axtarandan sonra tapıb.
[32] Əmir Teymur Səmərqənd bazarlarını inkişaf etdirirdi. O, insanları ticarətə həvəsləndirərək bazarları çoxlu mallarla doldurtdurmuşdu. Ticarətin bu səviyyədə inkişafına səbəb şəhərin tam təhlükəsiz olması ilə bağlı idi, tarixçilər yazırlar ki, gecə-gündüz əlində bir torba qızılla Səmərqənddə gəzsəydin sənə heç bir xətər toxunmazdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!