Mihai Eminesku Beynəlxalq Ədəbiyyat Akademiyasının prezidenti İon Deakonesku Rumıniyanın öndəgələn şair və elm adamlarından biridir. Adı dünya ədəbi çevrələrində yetərincə tanınan İon Deakonesku ilə 2015-ci ilin belə bir sentyabr günündə Rumıniyanın Krayova şəhərində dünya şeir festivalında tanış olacaqdım. Və bu tanışlığımız sonra dostluğa çevriləcəkdi. Bəri başdan deyim ki, İon Deakoneskunun dünya ədəbiyyatına xidməti ölçüyəgəlməzdir. Onun təşkil etdiyi şeir festivalları sayəsində dünyanın çeşidli yerlərindən gələn sənət adamları bir-birilə yaxından tanış olur. Bu tanışlıq da sonralar qırılmaz dostluq əlaqələrinə, ədəbi coğrafiyaların genişlənməsinə gətirib çıxarır. İon Deakoneskudan yazarkən, əvvəllər də müxtəlif səbəblərlə işlətdiyim fikri bir daha təkrarlamaq istəyirəm: Bir adam az, milyon adam çox deyil. İon Deakoneskunun gördüyü işləri bir-bir sadalasam, yəqin ki, uzun bir yazı alınar. Sadəcə, onu deyim ki, onun dünya ədəbiyyatının tanıdılmasında və təbliğində gördüyü işlər kimsə ilə müqayisəyə gəlməz. İon Deakonesku 1947-ci ildə Rumıniyanın Tırqu-Loqreşti bölgəsində dünyaya gəlib. Ali ədəbiyyat təhsilini Buxarest Universitetinin filoloji fakültəsində alıb. Alimlik dissertasiyasını da eyni universitetdə müdafiə edib. Uzun illər Krayevo Universitetində müəllim kimi fəaliyyət göstərib. Dünyanın bir çox ölkələrində Rumın ədəbiyyatı və mədəniyyətinin çeşidli problemləri ilə bağlı məruzələr edib. Böyük rumın şairi M.Emuneskunun yaradıcılığına həsr olunmuş çoxsaylı araşdırmaları var. İon Deakoneskunun dünyanın bir çox dillərində şeir kitabları, romanları, elmi məqalələri çap olunub. Onların arasında "Ruhun fotosunu çəkmə cihazı" (1981), "Anın sonsuzluğu" (1986), "Səsin maskası" (1987), "Qrammatika davası" (1991), "Dinamik sıfır" (1995), "Şəfəq titrəyişi" (1995) "Səhra bağçası" (1997), "Qaranlıq yarası" (1998), "Kədər bayramı" (2001), "Boş əks-səda" (2002), "İşığın qanadları" (2009)," Lənətlənmiş şair" (2011) və s. kitabları çap olunub. Dünyanın bir çox nüfuzlu mükafatlarına layiq görülüb. Bu önəmli sənətkar uzun illərdir təsisçiləri arasında Soyinka və Çeslav Miloşun kimi Nobel mükfatı laureatları olan və öz ətrafında Avropa elm və mədəniyyətinin görkəmli xadimlərini birləşdirən Mihai Eminesku Beynəlxalq Ədəbiyyat Akademiyasını prezidentidir. İon Deakoneskunun yaradıcılığı haqqında Ejen Qiyvik, Rafael Alberti kimi dünyanın bir çox öndə gedən söz adamları önəmli fikirlər söyləmişlər. Fransız ədəbiyyatının klassiki Ejen Qiyvikin diliylə desək, "Onun əsərləri, ruhun yoxluğuna, yalnızlıq və həssaslığın tükənməz quyusuna dalış kimidir." Elə bilirəm, dilimizə çevirməyə çalışdığım aşağıdakı şeirlər bu fikrin təsdiqinə xidmət edəcək. Məmməd İSMAYIL
Addımların izi ilə görüş
Köpəyi gəzdirirdi
Bu şəhərdə o
Ehtimal daxilində görünürdü
Bütün illərin peyğəmbərliyi
Bir tükdən daha ağır deyildi;
Addımların
Arxasınca qıvrılan
nifrət kimi
ağır izlər...
Nə zaman ki, arxamızca
Allah bizi izləyir
Fərqli şeylər haqqında
danışdıqda biz
Onlar danışmasalar da
Bizim fikirlərimizdən
Çaşıb qalarlar...
Anlaşılmaz işarətlər
Onlarda gizlidir;
Söylənməmiş sözlər
Və palçıq qoxusu...
Davamlı yuxusuzluq
Rüzgar qanadlarında,
Və suda.
Təsəlli etdilər bizi
Sübhün işıqları,
Gecənin alatoranıyla.
Nə söyləyək biz?
Bax,
Gecəyarısının quşları
Səsləri ilə doldurur çevrəmizi
Və bizi səsləyir.
Qədim çağların əfsanələri
çoxdan unudulsalar da
cana yaxındırlar.
Kəskin baxışların işığı altda
Onu tənhalığın gürültüsü oyandırar.
Daha nə söyləyə bilərik?
Ordakı gillərin arasından
Allahsa bizi izləyən;
Rahatladınızmı?
Dağılma və pozulma
Ev çökdü,
Kərpiçlər günün günorta
havasında sərxoş
kəpənəklər kimi
hərəsi bir tərəfə uçdu.
Qohumların fotoları divarlardan
səpələndi ətrafa,
Yalnız çərçivəli yararsız rəsmlər
Hələ də mismarlardan asılı...
Hər yanda dağılma və pozulma
Varfolomeya gecəsi başladı
deyə bilərsiniz buna.
Kəllə qoparmaq üçün
həyəcan siqnalları çalınır
barbarların ziyafətində.
Və
gilin üç ruhu
Xəyalımı utandırır
Yandırıcı daş ruhuyla
Bu qəribə gilli qüvvələr
Adlarını unutdurdu onların
Nə başa düşməli
Şirələr necə çəkilir
Yoxluğun varlığından?!
Gil minerallarının üç ruhu
Dinləməyə məcbur edər
Heç zaman heç kim tərəfindən
eşidilməyənləri.
Qatı səssizlikdə
Qırmızı balıq sürüsü
Göyqurşağına qədər uçmağa çalışır
Çünki bezdirib onları əski rənglər.
O ruhlar
açdı gözlərimi az da olsa.
Bilmirdim indiyədək o gecələri ki
Bıçağın iti tiyəsinin altından düşən
(Daş kədərlə itiləmişdim onu)
Şehi sevməyi öyrədəcək mənə.
Sonunda gil minerallarının ruhları
məni inandırdı ki,
Sevinc cəlladın baxışlarında gizlənib
müalicəsi bir anlıq.
Yalnız onda bildim
cəlladların müalicəsi necə olur.
O ruhlar söylədi ki,
Axırda anlayacaqsan ki,
Niyə birbaşa hərəkətlər
Qarşılıqlı əlaqəni bilməz.
Sonra gil mineralları
Yeddi kilidlə kilidli
Qapıdan keçdilər
Gizləyə bilmək üçün
Səhrada göz yaşlarını...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!