Xoşbəxtlik
Xoşbəxtlik gələndə
qırıq-qırıq gəlirsə...
Bir gün əllərin sevinirsə,
bir gün gözlərin gülürsə,
bir gün də səsin
xoşbəxt olursa...
Sonra qırıq xoşbəxtliklər
qırıq xəyallar kimi
gözlərinin suyunda
zədələnirsə...
Sən xoşbəxt
olmadığını anlayırsan.
Anlayırsan ki,
xoşbəxtlik gələndə
bütöv gəlməli,
tam gəlməli.
Və üzünün ikisi də xoşbəxt olmalı,
gözünün ikisi də gülməli-
biri güləndə,
biri ağlamamalı.
Bir ovuc
Dodaqlarımda iki-üç şeirlik pıçıltı,
barmaqlarımın arasından süzülən sözlər.
Hərfləri tütün kimi sarıyıram vərəqə...
Xəbərim var ki, ayağımın altında
yer yarpaqlayır,
yarpaqların üstündə kölgəm gedir.
Udqunduğum günlər dolaşır boğazımda...
qəhərdi, bilirəm.
Hər şeir qəhərdi,
hər qəhər bir nəmli baxış.
Üzümü dəyişdirmək istəyirəm
bir ovuc suda...
Bir ovuc suda axır ulduzlar.
Hər şey ulduz kimi ölür,
ulduzlar şeir kimi.
Ölü şeirlər yazıram bir ovuc suda...
bir ovuc adamlar qalıb oxumağa.
Ovcumu yumuram bərk-bərk,
adamları qoymuram getməyə.
Təzad
Havaların doğmalığı
havama qovuşmur, qovuşmur.
Gedənlər dən-dən sovuldu,
dərdləri sovuşmur, sovuşmur.
Yatan qaldı, yetən öldü,
öldürdülər, vətən öldü,
Sənin yurdun nədən öldü,
bir kimsə soruşmur, soruşmur.
Bu torpağın sıyıq üzü,
qəbirlərdən oyuq üzü,
o buz üzü, soyuq üzü,
adama yovuşmur, yovuşmur.
Gedirəm
Mən çoxdandı yol əhliyəm,
yolumu salıb gedirəm.
Havaların havasında
havamı çalıb gedirəm.
O dağların, oylaqların,
dərələrin, çaylaqların,
gözü durna bulaqların
gözündə qalıb gedirəm.
Can piyada, könül atlı,
illər uçur yel qanadlı,
bu dünyadan Elçin adlı
yükümü alıb gedirəm.
Kim dünyanı sevdisə...
Başqa bir yol da yoxdu,
durub çıxıb gedəsən.
Gözünü yaşamaqdan
çəkib, yığıb gedəsən.
Nə başqa bir yer də var,
başqa saatlarıyla.
Hanı başqa adamlar,
başqa həyatlarıyla.
Başqa bir yer axtardım,
bu yer məni açmadı.
Bu yol mənə yatmadı,
bu yol məndən qaçmadı.
Keçmişdə qalır hamı,
keçmiş necə evdisə.
Ölüm gəlib apardı,
kim dünyanı sevdisə.
Vaxt
Hər şey keçib gedib, elə keçib ki,
zamanı geriyə qaytarmaq olmur.
Nə keçən günləri geri gətirmək,
nə günü dünənə aparmaq olmur.
Bütün şəkillərdə zaman dayanıb,
dayanmış zamanda şəkil kimiyəm.
Elə bilirəm ki, yenə o vaxtdı,
yenə də o vaxtı çəkir kimiyəm.
Geriyə çəkməyə ömür çəkilmir,
bu ömrün şaxtalı qış vaxtındayam.
Quruya çıxardıb gələn vaxtları,
bu gedən vaxtların yaş vaxtındayam.
Mənim vaxtlarımın gülüşü itib,
sevinci harasa qaçıb gedibdi.
Mən vaxtın dalınca qaçandan bəri
vaxtın əqrəbləri uçub gedibdi.
Sənli xatirələr
Bütün xatirələr adına bağlı,
indi xatirənin sənsizliyidir.
Şəklimi özündə aparıb gedən
solğun gözlərinin mənsizliyidir.
Mən sənli dünyanın sənsizliyində,
sən mənli dünyanın mənsizliyində.
Necə tutuşacaq baxışlarımız
qaranlıq dünyanın günsüzlüyündə?
Beləsi heç olmur, elə sevəsən,
sonra həsrətlərə yovuşmayasan.
Dizində susasan ayrılıqların,
sonra da öləsən, qovuşmayasan.
Sənli xatirələr xatirə deyil,
daha indən belə sənsizlik imiş.
Mən harda varamsa, orda sən yoxsan,
sən harda varsansa, mənsizlik imiş.
Bütün xatirələr yaralı quşdu,
uçurlar, təzədən mənə dönürlər.
Sənin mənsizliyin qara torpağa,
mənim sənsizliyim sənə dönürlər.
Qürbət
Bir vətən sükut eləyək...
Amma min sükut vətən eləmir.
Acizlik eləyir,
sınıqlıq eləyir,
vətənsizlik eləyir.
Və sevdiyin yuvalar yoxdusa,
bir ömür qürbət eləyir: -
Ana vətən,
dədə yurdu,
ata ocağı,
baba eli,
nənə yaylası
adında nə varsa -
hamısı qürbət eləyir.
Gəzirəm
Tofiq Abdinsizliyə
Gözümdə dünya yolları,
bir yol gəzirəm, gəzirəm.
Əlimi atıb tutmağa
bir kol gəzirəm, gəzirəm.
Ömrün bu itkin çağında,
çölündə, düzdə, dağında,
gəlməyə yolun sağında
bir sol gəzirəm, gəzirəm.
Namərd, viranlıq dünyada,
qarışıq, toranlıq dünyada,
Bu qədər qaranlıq dünyada
bir nur gəzirəm, gəzirəm.
Sevgi
Göyüm göyündən keçmirsə,
külüm külündən keçmirsə,
bütün yollar
sənin yolundan keçmirsə...
keçmirsə, sevgi deyil.
Sevgi söz yarasıdı,
göz yarasıdı.
Sevgi ürəkdə köz yarasıdı,
buludu yandırır,
göyü yandırır.
Ən isti yağışlar sevgili buludlardan yağır,
sevgili göylərdən gəlir.
Hələ getmədiyin yollar var,
getmədiyin yerlər var sevgi adında.
Heç bilmirsən gedib hara çıxır.
Başına sevgi gəlməyən yerdə,
başına dərd gələr,
dərdlərə danışarsan bütün yuxularını.
Göyüm göyündən keçmirsə...
bütün sevgilər ayrılıqdı.
Bu sevda dediyin...
bir uçuş uçmaqlıq,
bir baxış baxmaqlıq
və bir şeirlik olur.
Sonra ha uçsan da təyyarələrdə,
bu uçuş o uçuşa bənzəmir.
Bu baxmaq o baxmaq olmur
və yazdığın bütün şeirlər
o sevda şeiri kimi içindən gəlmir.
İçindən gəlməyən gülüşləri
gülürsən dodaqlarında,
içindən gəlməyən
bir yaşam yaşayırsan.
Görürsən ki, bu ömür sənlik deyil...
sənlik deyil bütün günlərin ertəsi...
Sən orda qalmısan,
bir baxışda,
bir uçuşda,
bir şeirdə.
Və bir günün ertəsi...
gözlərinin yaddaşından silirsən
bütün xatirələri.
Sonra iki damla yaş yandırır dodaqlarını...
İki damla yaşda ya gözlərinin dadı,
ya sevdanın.
Bu sevda dediyin...
ayrılıq adında,
bu uçuş dediyin ayrılıq adında
və bu şeir də ayrılıq.
Arasında
Mən də başı dumanlıyam
dumanların arasında.
Bu taledən bir gözəllik
umanların arasında.
Yelkənim yellərdə gedib,
çəfkənim əllərdə gedib,
öz nəğməm dillərdə gedib
yamanların arasında.
Bir əl yoxdu əlim ola,
bir gül yoxdu gülüm ola,
bir gümandı, günüm ola,
gümanların arasında.
Yol gedib köçdə dayanır,
ömür də bir küncdə dayanır,
saatım heçdə dayanır
zamanların arasında.
Sınır
Tufan elə qəfil qopur,
qəfildən dirəyin sınır.
Diz üstündə bölünməkdən,
bir gün də çörəyin sınır.
Ah var ki, ahdan ağırdı,
yox var ki, yoxdan ağırdı,
söz var ki, dağdan ağırdı,
çəkirsən, kürəyin sınır.
Yanğınlarda yandıranda,
çox dərdləri qandıranda,
dünya səni sındıranda
dünyadan ürəyin sınır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!