Hamı şaxtadı...hamı külək... - Ümid Nəccari

Uçmasın deyə

Göyü qurşağından vurdular.

Uzaqda bir göy qurşaq idim,

rəngsiz!

Ulduzdan bir uşaq idim

qaçırdım gecənin qara səhifəsində

Bir əlimdə kölgə

O birisi əlim də qalmışdı səndə.

Dayanım deyə qarşıma bir nöqtə qoydular

Durdum sükut durağında.

 

Ac şəhərin yoxsul yollarında

Bütün qəpiklərimə işıq aldım.

 

Aşağı şəhərdə hamının adı maska

Yuxarı küçədə əllərimi tuturam

Qucaqlayıram özümü

Gecə ağrıyır

Axı qaranlığı qanadından vurdular

Ona görə də, uça bilmirik.

Gecəyarı

Kibriti yandırıram,

Üşüyür dilimdəki sözlər

Gecəni üstümə çəkirəm

Bir qəzeti görürəm

Manşetdə uzanır cənazəm.

 

Kibriti yandırıram

Ayaqyalın,

Ayı göydən dərib,

Şarı uşağa verirəm

Gülür...

Gülürəm...

 

Dörd yolda

Odların izdihamı...

Hamı şaxtadı,

Hamı külək.

Səndən gizlətdiyim söz:

"Dodaqların isinmək üçündür"

Sənə demədiyim söz:

"Ayaqların ölmək üçün".

Sənə yaxınlaşıram

Bir məhəllə də uzaqlaşır məndən.

 

kibriti yandırıram

Gözlərini yum,

Dodaqlarına isladacam!

Yox oluram

Yuxu olursan

Cəbhədə bir ayağımı unudub evə dönürəm

Yarım səndə qaldı,

Yarımı da böldü qaraçılar.

 

Son kibritimi yandırıram,

O gəlir gözlərimin önünə

Gözlüyüm gözümdə deyil, bağışla.

 

Özümü yandırıram,

İşıqlanır divarlar

Qaranlıqlaşır sabah.

 

Sonra

Şarı uşaqdan alıb

Ayı yerinə taxıram,

Ağlayır

Ağlayıram...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!