Dayanıb kitab üstdə
Qələm gözləyir səni.
Sükuta qərq olubdur,
Elm gözləyir səni.
Hanı arzun, diləyin?
Sevən, coşan ürəyin?
Dərsdə tələbələrin
Elə gözləyir səni.
Qazan xan yolun üstdə,
Qorqudundan söz istə.
Telli saz hey ahəstə
Tel-tel gözləyir səni.
Sarıdonlu Selcanın
Hələ sözü bitməyib.
Nəvə toyunu görmək-
Arzun kama yetməyib.
Hələ oynatmamısan
Alpərini doyunca.
Toğrula qələm tutmaq
Gəl, sən öyrət yolunca.
Ərtac üçün elçi get,
Sözü şəkərə cala.
Ürəyin dağa dönsün,
Nəvə toyunda oyna.
"Aytac davamçım olsun,
Bu kitablar onundur."
Arzular dilə gəlsin,
Qəlbimizi ovundur.
Nəfəsin kitablara
Ruh verib canlandırır.
Sözlər nöqtəsinədək
Elə səni andırır.
Elmin yuxusuzluğu
Gecəni paralasın.
Qaranlıqdan işığa
Qələminlə yol alsın.
Dağlar çöksün dənizə,
Dəniz qalxsın səmaya.
Qələminlə yaransın
Dünyada yeni dünya.
Elin Qorqud atası,
Sözün qılıncdan keçir.
Elə bircə baxışın
Sözdən də kəsərlidir.
Dayanıb kitab üstdə
Qələm gözləyir səni.
Yer kürəsi fırlanmır,
Həyat gözləyir səni.
Cəvahir Tanrıverdi
Astara Pedaqoji kollecinin müəllimi
(professor Əzizxan Tanrıverdinin gəlini)
18 iyul 2018
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!