Birinci hissə
1. Canım İstanbul
Aparıcı
İl - 1904.
Aylardan - may.
Günlərdən - çərşənbə.
İstanbulda
bir evdə doğuldu.
Adını
Nəcib Fazil qoydular.
Aparıcı
Ruhumu əridərək qəlibdə dondurmuşlar,
Sonra adımı İstanbul qoyub,
göydən yerə endirmişlər...
İçimdə yanan hər şey:
hava, rəng, əda, iqlim,
Zamanları,
məkanları aşıb gələn -
O mənəm,
O mənəm, sevgilim.
İstanbul mənim canım,
Vətənimdə vətənim.
Xor
İstanbul mənim canım,
Vətənimdə vətənim,
İstanbul mənim canım,
Vətənimdə vətənim.
Solist (alt)
Çiçəyi qızıl ulduz, suyu telli-pulludur,
Aymı, günəşmi,
ikisi də doğuşdan İstanbulludur!
Dəniz və torpaq yalnız onda bulmuş vüsalı
Yalnız onda qovuşmuşlar röyalar misalı...
Aparıcı
Tarixin gözləri var, bürclərdə dəlik-dəlik,
Sərv, ətli-əndamlı sərv axirətə pərdəlik...
Buludda şahə qalxmış Fatehdən qalma qır at,
Almas-almas qübbələr,
bəlkə bir milyard Qırat...
Şəadət barmağıdır göyə dəyən minarə,
Hər naxışda bu məna: öləcəyik, nə çarə?
Həyatdan diri ölüm,
günahdan güclü rəhmət,
Bəyoğlu
fəryad qoparınca,
ağlar Qaracaəhməd...
Solist (alt)
İstanbul mənim canım,
Vətənimdə vətənim...
Xor
İstanbul mənim canım,
Vətənimdə vətənim.
İstanbul mənim canım,
Vətənimdə vətənim.
Aparıcı
Mən - İstanbulluyam.
Atam da, anam da İstanbulludular.
Ata tərəfimdə olduğu kimi,
ana tərəfimdə də
babam, nənəm İstanbulludular.
Bu üzdən
mən İstanbula qara sevdalı!
Bu üzdən
Mən qərib bir şair...
İstanbul
qəlbimdə eşi-misali
olmayan bir qadındı,
məğrur!
Xor
İstanbul - kişilərin gözündə mərhəmət...
İstanbul - qadınların gözündə
namus, qeyrət...
İstanbul - gənclərin gözündə səmimiyyət...
İstanbul - qocaların gözündə şəfqət...
İstanbul, İstanbul, İstanbul...
İstanbul mənim canım,
Vətənimdə vətənim...
İstanbul mənim canım,
Vətənimdə vətənim...
İstanbul mənim canım,
Vətənimdə vətənim...
Vətənimdə vətənim -
İstanbul!
2. Mən
Xor
Mən - kimsəsiz səyyahı
naməlumlar küçəsinin,
Mən - ah-naləsindən qaçan çocuq,
öz səsinin.
Mən - kürəyində daşıyan
görünməmiş günahı,
Mən - Allahın qarışqası, cinlərin padişahı.
Mən - usanmaz gözətçisi,
Mən - usanmaz gözətçisi
qonaqsız-qarasız karvansaraların,
Mən - ucsuz-bucaqsız meşəsi
isinməz külhanların,
Mən - ucsuz-bucaqsız meşəsi
isinməz külhanların.
Mən - qütb gəmisiyəm
buz bağlamış qayalarda,
Mən - yetimin qızıl baxtı,
ulduzdan mahyalarda.
Mən - Allah deyənlərin
boyunlarında babal,
Mən - bugünlərə keçmiş,
yarınlara istiqbal.
Mən, mən, mən - xəritədə
dəniz görərkən boğulmuş,
Mən - doqquz kəndin sahibi -
doqquz kənddən qovulmuş,
qovulmuş,
qovulmuş...
Mən - həp ayna və xəyal,
mən - həp pərvanə və şam,
Ölü və inkir-minkir,
baş gicəllənməsi, uçurum
və qaranlıq axşam...
3. Şəkillər
Aparıcı
Qadın oturduğu yerdə başını divara söykəyib, gözlərini tavana dikmişdi. Çürük taxtalardakı ləkələr lampa işığında aydınlandıqca, ortaya mənası və bənzəri olmayan bir mənzərə çıxırdı.
Xor
Sakit, kimsəsiz bir küçənin ortasındayam,
Dönüb arxama baxmadan yüyürürəm.
İşıqla zülmətin qovuşma nöqtəsindəyəm,
Sanki məni gözləyən bir xəyal,
bir xəyal görürəm,
görürəm,
görürəm...
Solist (tenor)
Nə xəstə gözlər sabahı,
Nə təzə ölünü məzar,
Nə də şeytan bir günahı,
Səni gözlədiyim qədər.
Nə xəstə gözlər sabahı,
Nə təzə ölünü məzar,
Nə də şeytan bir günahı,
Səni gözlədiyim qədər.
Xor (alt)
İnsan - bir məsud zalım,
İnsan - bir məğrur cahil...
Qayıq sınıq, su azğın
Və görünməməkdə sahil...
Solist (tenor)
Uzun bir yuxudan qalxıb bir sabah,
Baxdım ki,
yepyeni mənzilimdə min yad əşya...
Bu, çocuqluq otağım deyildi... Eyvah!
Hara uçub getdi, bəs, o dünya,
Hara uçub getdi, bəs, o dünya?
Sordum yan-yörəmdən: nə olub, nə var?
Nədi üzümdəki çur-çuxur yollar?
Sanki bu həyata inamım qədər
Məndən böyük bir şey aldı o röya...
4. Məhmədə məktub
Aparıcı
Uzaqdan, çox uzaqdan gələn rüzgarın səsi ilə köpəklərin ulartısı bir-birinə qarışırdı...
Qapının önündən bir adam sürətlə keçdi!
Daşlara sürtülən dəmir ökcələr insanın əsəblərinə toxunan bir səs çıxarırdı...
Birdən-birə küçədə tarap-turup ayaq səsləri eşidildi. Pəncərənin önündə iki kişi nəsə danışırdı.
Sonra üzbəüzdəki evin bəyaz rəngli kərpic divarında bir-birinin üstünə düşmüş iki iri kölgə göründü:
Sanki başının üstündə dayanmışdılar.
Sonar kiminsə acıqlı səsi gəldi.
Xor
Səs - dəmir, su - dəmir, çörək - dəmir...
İstərsən, dəmirdə bir şey tap, gəmir...
Əldən nə gələr ki, qədər bu, əmir...
Səs - dəmir, su - dəmir, çörək - dəmir...
çörək dəmir...
çörək dəmir...
dəmir...
Zavallı pəncərəcik, kiçik, daracıq:
Dünya üzünə bağlı,
Allah üzünə açıq...
Allah üzünə açıq!
Xor
Səs - dəmir, su - dəmir, çörək - dəmir,
Səs - dəmir, su - dəmir, çörək - dəmir,
Səs - dəmir, su - dəmir, çörək - dəmir,
Səs - dəmir, su - dəmir, çörək - dəmir!
Aparıcı
İncə, qısıq, ürkək bir səs cavab verdi:
Xor
Mənə yaraşmaz
can vermək isti qucaqda,
Mən bu səkilərin əmizdirdiyi çocuğam!
Aman, səhər açılmasın,
bu qaranlıq küçədə,
Bu qaranlıq küçədə bitməsin yolculuğum!
Dua, dua... əllər göyə uzanmış,
Ulduzlar - ovucda, səma parçalanmış,
Göz yaşı şəbnəm-şəbnəm,
əkin yeri yoncalanmış...
Bir nəfəs, bir tüstü, bir buğ -
Dua, dua, dua!
5. Çocuq və zaman
Aparıcı
Nəcib Fazil şairliyə on iki yaşında ikən başlayıb. Kitablarından birinə yazdığı önsözdə bunu belə şərh edir: "Anam xəstəxanada idi. Baş çəkməyə getmişdim. Bəmbəyaz yataq örtüyünün üstündə qara üzlü, köhnə, kiçicik bir dəftər vardı. Sağ yanındakı çarpayıda yatan gənc, vərəmli bir qızın şeirləri imiş... Anam bir an gözlərimin içinə baxıb dedi:
- Sənin şair olmağını nə qədər çox istərdim!
Gözlərim xəstəxana pəncərəsində... sovrulan qara və ulayan rüzgara qarşı içimdən bir nida qopdu:
- Şair olacağam!"
Xor
Anası gül qoxlasa, ağzı gül qoxan çocuq,
Ağac içində ağac yetişdirən tumurcuq...
Çocuqda - çərpələnglə göyə çıxmağa qeyrət,
Fil görsə, - filə heyrət,
Qarışqa görsə, - qarışqaya heyrət...
Fatehlik duyğusundan üzü bir nurlu möhür...
Biz ağlımızın dustağıyıq,
Çocuqdur ki,
çocuqdur ki,
çocuqdur ki, əsil hürr!
Aparıcı
Və yazaraq hesablaşdı
"Mən" dediyi nəfsiylə,
"O" dediyi Yaradanla...
"Böyük Şərq" dediyi qələmiylə!
Xor
Nədir zaman, nədir?
Bir sumu, bir quşmu?
Nədir zaman, nədir?
Enişmi, yoxuşmu?
Bir səsə bənzəyir:
Arxanız hey zifir -
zifir!
Bir səsə bənzəyir:
Önünüz hey qəbir -
qəbir!
Zamanın çarxları
Sizi üyüdür!
Zamanın çarxları
Məni üyüdür,
Məni üyüdür...
Aparıcı
Deyirlər ki, mənə:
qalsın söz də, şeir də Yerdə!
Sən araşdır:
göylərə çıxmağa
nərdivan hardadır, harda?
Xor
Səma bizə səslənir:
Gəl, qalma işgəncədə!
Ruhumuz əbədidir,
Bunu duy tək kəlmədə!
Ömür ki, bir quraq çöl,
Onu iki yox, bir günə böl,
Şeh kimi doğul və öl
Ulduzlu bir gecədə!
İkinci hissə
7. Nur
Solist (bariton)
Parıltı dolu büllur:
Xor
Nur ver bizə, Allahım, nur!
Solist (bariton)
Fəryad qoparır farfor:
Xor
Nur ver bizə, Allahım, nur!
Solist (bariton)
Bir rəng olsun, o üzdən:
Xor
Nur ver bizə, Allahım, nur!
Solist (bariton)
Və bir səs ver o bəstədən:
Xor
O bəstədən, o bəstədən
Solist (bariton)
Və bir səs ver o bəstədən:
Xor
O bəstədən, o bəstədən.
Solist (bariton)
Nur ver bizə, Allahım, nur!
Xor
Nur ver bizə, Allahım, nur!
Nur ver bizə, Allahım, nur!
Xor (alt)
Nur ver bizə, Allahım, nur!
Nur ver bizə, Allahım, nur!
Nur ver bizə, Allahım, nur!
Nur ver bizə, Allahım, nur!
Nur ver bizə, Allahım, nur!
Nur ver bizə, Allahım, nur!
Solist (bariton)
Böyük KİTAB və hüzur...
Sonda hürr olacaqsan, hürr...
Xor (alt)
Nur ver bizə, Allahım, nur!
Nur ver bizə, Allahım, nur!
Nur ver bizə, Allahım, nur!
Nur ver bizə, Allahım, nur!
Nur ver bizə, Allahım, nur!
Nur ver bizə, Allahım, nur!
Solist (bariton)
Sonsuzluq, ölümsüzlük,
Bitməz - tükənməz düzgünlük,
Bitməz - tükənməz düzgünlük...
Xor (alt)
Nur ver bizə, Allahım, nur!
Nur ver bizə, Allahım, nur!
Nur ver bizə, Allahım, nur!
Nur ver bizə, Allahım, nur!
Nur ver bizə, Allahım, nur!
Nur ver bizə, Allahım, nur!
Solist (bariton)
Nur ver bizə, Allahım, nur!
Bitməz-tükənməz,
bitməz-tükənməz!
Düzgünlük ver bizə, Allahım, düzgünlük!
Bitməz-tükənməz,
bitməz-tükənməz!
Aparıcı
Günəşin üzünü örtür çamur!
Xor
Nur ver bizə, Allahım, nur!
Aparıcı
Almas boynu bükük,
qətran məğrur!
Xor
Nur ver bizə, Allahım, nur!
Aparıcı
Yandırın şamı, yandırın!
Xor
Nur ver bizə, Allahım, nur!
Aparıcı
Nə donanma, nə yanğın...
Xor
Nur ver bizə, Allahım, nur!
Nur ver bizə, Allahım, nur!
Nur ver bizə, Allahım, nur!
8. Onun sənəti
Xor
(Yox) bir (var)dır,
Keçid verməz, -
Darmı? Dardır!
(Yox) bir (yox)dur,
Ağıl erməz, -
Nə də çoxdur!
(Var) bir (yox)dur,
Yusyuvarlaq
Dönən oxdur!
(Var) bir (var)dır.
Ona varmaq...
Bu qədərdir!
Bu qədərdir!
9. Sərsəri
Xor
Yerüzündə yalnız mənəm sərsəri,
Yerüzündə yalnız mən dərbədərəm.
Hər kəsin dünyada vardır bir yeri,
Mənsə, bütün dünya mənimdir deyərəm!
Mənimdir deyərəm!
Solist (bariton)
İllərlə qovğalarda yordum başımı,
Aradım, bulmadım ömür-gün yoldaşımı.
Ölsəm, qoyan olmaz başdaşımı,
Halıma özüm belə
heyrət edərəm,
heyrət edərəm.
Xor
Könlüm nə dərdlidir, nə də bəxtiyar,
Nə özünə yar, nə özgəsinə yar.
Bir röya eşqinə hey diyar-diyar
Kölgəmin ardınca çıxıb gedərəm!
Çıxıb gedərəm!
10. Sən "ol" desən, olar
Aparıcı
Allah və insan
Səni aramağım üçün məni uzağa atdın!
Aləmi mənim, məni özün üçün yaratdın!
İnsan və Allah
İnsan... İpdə bir düyün, suda bir anlıq surət...
Allah... Olmanın ona məxsus olduğu qüdrət!..
Göydə zamansızlıq hansı nöqtədə?
Əlindədirsə, ulduz-ulduz hecala.
Hökm yazılarkən qara taxtada,
İnsan yenə çarə arar əcələ!
Gənclik... Gəlib keçdi... bir günlük süsmüş,
Nəfsi doymamışdan dünyadan küsmüş...
Toplayım şey-şüyümü, işim əcələ!
Toplayım şey-şüyümü, işim əcələ!
Solist (soprano)
Bərk-bərk sarılmışam hayana baxsam,
Sarılan
olar da,
olar da,
Saran olmazmı,
olmazmı?
Xor
Sən "Ol!" desən,
olar!
Solist (soprano)
Kimdi üzümüzü çəkən bu rəssam,
Keçib ayna önünə
soran olmazmı,
olmazmı?
Xor
Sən "Ol!" desən, olar!
Sən "Ol!" desən, olar!
Bir parçacığam mən, bütünə həsrət,
Zaman - min yol dönsə də, o günə həsrət!
Solist (soprano)
Ruhumuzsa, zamanüstü bir ana həsrət.
Xor
Bir an - əbədiyyət...
Solist (soprano)
Bir an...
olmazmı,
olmazmı?
Xor
Bir an...
olmazmı,
olmazmı?
Sən "Ol!" desən, olar!
Sən "Ol!" desən, olar!
Solistlər (soprano, alt, tenor, bariton)
və xor
Bizə nur ver, Allahım, nur!
Bizə nur ver, Allahım, nur!
Üçüncü hissə
11. Marş
Elə o ərəfədə "Ulus" qəzeti "Milli marş" müsabiqəsi elan etdi. Bir xeyli dilətutmadan sonra "Sən yaz!" dedilər.
Razılaşdım və yazdım...
Xor
Allahım, qurtulmuş seçdiyin millət!
Allahım, başımızı göylərə yüksəlt!
Allah - millət! Millət - Allah!
Millət - Allah! Allah - millət!
Yüyür, altun nəsli o tunc Oğuzun!
Sayın az, zaman dar, yol uzun!
Keç Nur yolundan yurdumuzun!
Fəthinə çıx, Şərq,
fəthinə çıx sonsuzun!
Böyük Şərq! Böyük Şərq! Ey qara torpaq,
Atəşdən bayrağımızı göylərə yüksəlt!
12. Anama məktub
Aparıcı
Külək açsa qapımı bir anda,
Qara xəbər gəlmiş kimi ürkərəm.
Sanki gəmilərim batmış ümmanda,
Sanki qaralmışdır göydə ülkərim.
Xor
Ana... Ana...
Solist (soprano)
Mən bu qürbət elə düşdüm-düşəli,
Eyvah, ilmə-ilmə süzülməkdəyəm.
Hər gecə, içinə mərmər döşəli
Bir soyuq yataqda büzülməkdəyəm.
Xor
Bir soyuq yataqda büzülməkdəyəm.
Ana... ana... ana... ana...
Ana!
13. Pərdəni çək
Aparıcı
İl - 1983.
Aylardan - yenə may.
Günlərdən - yenə çərşənbə.
Gözlərini yumdu göy qibləyə.
O da bir quldu nəhayətdə.
Adı - Nəcib Fazil -
yaxşılıqda anıldı.
Xor
Dünyanın hər üzünü gördüm,
Növbə məzara gəldi.
Dünyanın hər üzünü gördüm,
Növbə məzara gəldi,
məzara gəldi.
Yetər mənə -
üç-beş arşın bez olsa, -
gözləmədiyim mallar bazara gəldi,
bazara gəldi.
Aparıcı
Pəncərəmdə bir gün -
Səs bayğın, rəng solğun, işıq süzgün,
İnsanlıq naməlum bir səmtdə sürgün...
Çək pərdəni, günəş nəzərə gəldi,
Çək pərdəni, günəş nəzərə gəldi!
Xor
Pəncərəmdə bir gün -
Səs bayğın, rəng solğun, işıq süzgün,
İnsanlıq naməlum bir səmtdə sürgün...
Çək pərdəni, günəş nəzərə gəldi,
Çək pərdəni, günəş nəzərə gəldi!
Nəzərə gəldi, nəzərə gəldi!
Çək pərdəni, çək pərdəni!
Çək pərdəni, çək pərdəni!
(alt)
Çək pərdəni, çək pərdəni,
Çək!
Tərcümə edəni: Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!