***
Ayrılıq yoxmuş
əslində;
bir az göynədir,
bir az incidir
tikan batırmış kimi
amma sonda yuxu görürsən
elə orda qalırsan.
oyanmaq yox
çünki oyansan
dəli olarsan
çünki
ölüm ayrılıqdan
daha rahat
əzizim,
o mahnıda
dimdiyində məktub olan
quş vardı
indi
rüzgar
onu vurmuş
nə apardığını unutmuş
fırlanar sadəcə
göy üzündə
o gəmilər - kağızdan
boş şeydi
tək həqiqət
o sular
dərinliyində
ölüm
sənsizlik.
***
Birdən,
Vaxt vadisindən keçib
Boşluğa
Yəni qolların arasına düşdüm,
Bağışla,
Yolumu azmışdım
Bu gecə...
***
Birdən, elə qışqırdım ki,
Göydə ulduzlar diksindi,
Ya mənə elə gəldi,
Ay paralandı
Orağı bir yana,
Dəryazı bir yana,
Sabah biçindi,
Dərdlər
Vağam-vağam...
***
Sevmək,
Bütün şübhələri atmaq,
Dəlicəsinə sevmək,
Unutmaq hər şeyi,
Anadan olduğun tarixi,
Ad gününü,
Bir ağacın gövdəsinə adını yazmaq,
Getdiyin yerdəcə azmaq.
Ora qayıtmaq,
Qəlbin içinə,
Gizlənmək,
Qardan, yağışdan, istidən, tozdan
Ölümdən
Hə, səndən belə
Toza dönmək
Sözə dönmək,
Gözlmək ki,
İlk kim səni deyəcək
Kimin qulağına
Ya qarın, yağışın altında
Axıb getmək
Hə,
Ölmək...
***
Bu həyatın gəlib keçməyini istəyirəm indi,
Yanımdan
Tozanaq qoparmadan
Unudulum,
Yadına düşməyim kiminsə
Ağacdan qopan yarpaqları
Kim görür
Kim fərqinə varır
Düşdü,
Ya
Qaldı...
***
Eşikdə qar yağır,
Səsi alınmış
Bir nəğməni
İçindəki uzaqlarda
Dinləyən adamın
Batmış səsinə yağır
Bu qar
Hərdən
Sükut pozulur
Qar lopasıyla
Sonra
Səs
Daha uzaqlara gedir
Qayıtmamaq həvəsiylə...
***
Ömür bitdi,
Tükəndi.
O addan.
O işdən
O yazılardan
Çıxdım,
Yalın-yalqız qaldım.
***
Mənə çox şey toxunur,
Quşların qanadları,
Küləyin səsi,
Ölümün nəfəsi.
Qəbir darlığı...
Hər şey...
Toxunur,
Bir kitabın səhifələri çevrilir
Yazılan nə varsa
Yox olur.
Alnım qırışır
Orda da yazılanlar
Tərsinə oxunmasa
Bilinmir...
***
Mənə çox şey toxunur,
Bilmirəm sözünün bütün hərfləri,
Nar ləçəyinə bənzər
dodaqların uçuğundakı sözlər
Quruyub qaxaca dönmüş,
açılmamış səslər...
gör nə vaxtdı gəlirəm
əllərini uzat ki,
gözlərində boğulmayım...
nar ləçəyi məni
uşaqlıqdan aldadır...
***
Bir gün səhər yuxudan ayılıb
dörd tərəfin yandığını görsən
barmaqlarının ucu göynəsə
közdən qopubmuş kimi...
ah çəkmək istədikdə
qəhr olsan
demək,
unuda bilməmisən
demək, ölməyəcəksən...
***
Ah çəkib qıvrılmaqdansa
Susmaq yaxşıdı
Susmaq...
Gəzdiyin,
keçdiyin
Yerlərdə
Ayaq izlərinin yanıq yerlərini
Nəfəsinə çəkib dayanmaq
Yenə susmaq...
***
"Sən hardasan?"
soruşsan...
Olmadığım yerlərdə,
- Deyə bilsəm...
***
İndi dünyanın,
Yox, bəlkə həyatımın
Səs çatmayan küncündə
Oturub
Səni unutmağa çalışıram
Unutduqca
Yadıma düşür
Nar çiçəyinin üstündəki
Titrəyən xal... ...
Səni qucaqlayan qollarımı
Kəsib atsam,
Nə olar...
***
Saatın əqrəblərindən
Qan damır çürümüş döşəməyə...
Bu kimsəsiz evdə
Kim yaşayıb son dəfə?!
Kimin nəfəsi pırıltıyla uçub
Ömür ağacından göylərin dibsizliyinə...
Danışan adamların dilsizliyi
Görən gözlərin korluğuyla qonşudu...
Bir vaxtlar bu ev gülüşlərdən titrəyəndə
Damdan bir topa quş atəş kimi atılardı
Meşənin yaşıl sükutuna...
***
Yenə təklik, tənhalıq,
Yenə içində göynəyib
Bir çeçələ barmağına həsrət qalmaq,
Yenə zindan,
Yenə zəhər
İçmək, hər gün damcı-damcı,
Yenə küsmək - səndən
Yenə yuxunun dərinliyində ağlamaq - məndən
Yenə, yenə...
Ölənə qədər.
Amma əzizim,
Qoy mən gedim
O zindanın içində
O dərinliyin qaranlığında
Çürüməyə
Sənsiz və hər nəsiz.
Dil tutulur
Gözlər danışır
Söz gəlmir.
Yuxuda danışırmış kimi oluram,
əllərimi doğrayıram dırnaqlarımla
bircə söz də çıxmır ki çıxmır...
Sən məni bağışla, əzizim,
Hələ sağam....
***
Bir gün
Yuxudan durub telefonuna baxacaqsan,
Bir gecə
Yuxuya dalıb
Qəfil oyanacaqsan,
Ömrü təzədən başlamaq
Və məni bu arada
Unutmaq istəyəcəksən,
Çünki
Mən sənin ömründə
Bütün stansiyalarda dayanmayan
Qatar kimiydim.
Bir gün
O qatarı
Marşrutdan çıxaracaqlar,
Sən perronda dayanıb
O yağan qara qarışıb
ərimək istəyəcəksən...
ömür alınmasa,
ölüm də gəlməz
əllərin üşüyəcək
həmişəki kimi
hər gün
hər gecə
beləcə üşüyəcəksən
bir ömür...
səssizcə..
ömrün
ömründə bircə yol
döyülməyən qapıya bənzəyəcək...
açmaq istədikdə
dəstəyi əlində qalacaq...
***
Gəl bir gül ləçəyində yaşayaq
Bir gül toxumunda
Tumurcuq içində
Gizlənək
Ya da yox...
Sən qal,
Gedəcək yerim var mənim,
Yozulacaq yuxum
Pozulacaq əhdim,
Mən hamını aldatdım,
Bütün məni sevənləri
Qoymadım məni unudub öldürsünlər -
Ona görə aldatdım...
İndi səni də aldadacam,
Mən bir yağış damcısına dönüb
Saçlarının
əllərim olan yerində qalmaq
istəyirəm...
"... masanın üstündə kəsilmiş qollarım..."
Qar yağır,
Yağış çiləyir,
Göydən
Uçan evlərin
Qırılan könüllərin
Daş-divarı yağır,
Divarın üstündə
Yazı: unuda bilsən, unut...
Amma zəhmət çəkmə,
Məni hər kəs çox asan unutdu,
Sənə nə var ki...
***
Gecə hamıdan qabaq yatıb,
Sabah olmamış
Yerindən astaca qalxıb
İş yerinə gəlirsən.
Və beləcə hamını,
Elə özünü də aldadıb
Heç kəsin gümanı gəlməyən
bir yerə qonaq gəlirsən.
Burda pəncərənin ağ-qara şəklindən
Payızın qızıl xəzəlinə
Baxıb
Dodaqların uçuqlayır.
Ömrüm boyu burda olmağı arzulamışdım, ola bilmədim
İndi səhər açılacaq və gizlənməyin
Mənası itəcək.
Ömrün mənası nə uzun yaşamaqda
Nə tez ölməkdədi.
Bu məna gecəylə gündüzün tən ortasında
Heç kəsin
Olmadığı yerdədi
Elə özünün də...
***
Sən
Başqa birisinə deyə bilmədiyin
Ürək eləmədiyin
Sözləri
Hərdən ona deyirmiş kimi
Mənə deyirsən.
Bunu bilirəm,
Bildiyimdən
Belə kədərliyəm...
Üfüqlərin qaşında
Qeyb olan səsini
Tutub
Səs-səs
Söz-söz
Ovcumun içinə yığıram
O səsin
Göz qapaqları açınca
Sanki
Bir gülün ləçəyindən şeh damır
Ömrümün
Son nöqtəsinə.
Dünyanın hansı küncündəsə
Gömülmüş
Bir həsrətin
Qıvrıldığını bildinmi
İlan kimi qıvrılıb
Həsrətin
Bərələ qalmış
Gözlərinin içində öldü
Ümidlər.
Sən qulağıma deyərsən
O adama deyəcəyin
Sözləri.
Eşitməkçün
Burda qalacaq
Eşidən nə idisə...
***
Bir səhər
Üfüqlərin ətəyindən
Nəsə süzüldü
Düşdü yerə
Səssiz-səmirsiz...
Həyatı
Eynək kimi gözlərinə taxıb
Baxırdı
İnsanların üzünə.
Nəsə axtarırdı
Çoxdan quruyub qaxac olmuş
Qırışların arasına
əlini uzadıb
şəhadət barmağı ilə
bir qadının
ağ saçlarının arasından
kiminsə kədərinin
ayaq izlərini tapıb getdi
həyat da gözlərində...
***
Əfsunlanmış bir ceyranın
Gözündən yarpaq-yarpaq tökülürəm,
Hər gün
Çirklənir,
Yadlaşıram
Bir iynə ucu boyda
Hər gün ...
Ayrılıqda
Sevmək dediyin
Qırmızı xətti keçirmiş belə
Bir yandan yoxluğun,
Bir yandan
Ölümüm.
Bir yandan
O yarpaqlara bükülən
Həsrətim,
Yaşa görüm,
Nə bilirsən.
Bu gün ad gününə gəldim
Ölümdən
Sabah geri dönəcəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!