Hələ ki, yaşaya bilirəm sənsiz... - Nuridə ATƏŞİ - ŞEİRLƏR

 

Gözlərinə deyərsənmi

Gözlərinə deyərsənmi, izn versin,

O gözlərə həsrətdən yol çəkməyə.

Gözlərinə deyərsənmi, izn versin,

O gözlərə ümidlə yol gəlməyə.

 

Tellərinə deyərsənmi, izn versin,

Bircə dəfə qoxlamağa, oxşamağa.

Əllərinə deyərsənmi, izn versin,

Bircə dəfə toxunmağa, tutmağa.

 

Ləblərinə deyərsənmi, izn versin,

Şəkərindən, balından,

                        qaymağından dadmağa.

Qollarına deyərsənmi izn versin

Həsrətindən bükülmüş boynuma sarılmağa.

 

Tər sinənə deyərsənmi, izn versin,

Sinən üstə baş qoyub uyumağa?

Lal köksünə deyərsənmi, izn versin

Ürəyinlə gizli-gizli pıçıldaşmağa?

 

Eşqin ayaq səsləri

Səndəmi eşqi uzaqdan tanıyırsan?

Ayaq səslərini səndəmi eşidirsən?

Səndəmi çaşıb qalmısan?

Nə edəcəyik indi?

Ax, sən arxanı çevirib çıxıb gedəcəksən,

Mənsə qollarımı açıb üstünə qaçacağam...

 

Ən gözəl şeirim

Sən yazmaq istədiyim ən gözəl bir şeirsən,

Görəsən, necə yazacağam səni?

Həsrətli baxışlarımla?

Bəlkə titrəyən dodaqlarımla?

Yoxsa silə bilməcəyin göz yaşlarımla?

Bəlkə də hələ yaşamadığım

                        bir atəşlə, hərarətlə?

Yoxsa qadağan edəcəksən mənə

Dünyanın ən gözəl eşq şeirinin yazılmasını?

Amma, yox, yazacağam səni

                        keçib canımdan,

Ürək artıq əmr eləyib qələmə!

 

Üçüncü kəs

Onu ilk dəfə gördüyümdə

Günəş kimi doğdu könlümün adasına,

Tezcə qaytardım onu buludların arxasına.

Bir az çətin olsa da.

İkinci dəfə onu gördüyümdə

Dan ulduzu kimi parladı yenə

                        ruhumun zülmətində,

Ürəyimə əmr elədim

                        onu tezcə batırsın deyə.

Bu dəfə daha çətin oldu,

                        amma bacardım yenə.

 

Ax, onu üçüncü kəs gördüyümdə isə

O andaca  hiss etdim ki,

Güclü Amazonun  qılıncı 

                        bu dəfə düşəcək yerə.

 

Yad şəhər

O yad şəhərdə tanıdığım tək sən idin.

Ziyarətinə gəldim.

Bir az söhbət elədik

Gözlərinin dibinə endim.

Heç birimiz dinmədik.

Məni qapıyacan ötürdün,

Sonra getdim küçə boyunca, susaraq.

Birdən-birə özünlə birlikdə o yad şəhəri

Necə doğmalaşdırdın mənə!

 

Bir gün

Bir gün mənimlə görüşsən,

Bütün dünya mənim olacaq.

Görəsən heç bağışlayarsanmı ki,

Bu boyda dünyanı birdən-birə mənə sən?

 

Qərib

Onunla başqa şəhərdə görüşdük -

Qısa, ötəri, tələsik,

 Sonra döndüm öz şəhərimə.

 Berlinin küçələri daha geniş olmuşdu,

Ağacları daha yaşıl,

Evimin illərdir içimi donduran

                        divarları isinmişdi sanki.

Bağçamda çiçəklər daha ətirli qoxuyurdu,

Və quşlar eyvanımda daha şən oxuyurdu.

Bir saatda o qərib neynədi şəhərimizə?

 

Bunca zəhmətin boşuna

Sənə aşiq olmamı əngəlləməkçün

                        nələr etmədin, nələr!

Məktublarıma cavab yazmadın,

Sorularıma cavab vermədin,

Arzularıma, məhəl qoymadın,

Duyğularıma etinad eləmədin.

 

Yaşadığın uzaq şəhərə gəldim,

Evini axtarıb tapıb, yaxınlığına köçdüm.

Duydun, bildin, gördün, susdun və qaçdın,

Soyuq oldun, biganə qaldın,

Etina etmədin, saymadın.

Qarşıma hasar hördün,

Sədd çəkdin,

Qadağalar qoydun.

Hər şey etdin.

Qaçdın, qaçdın,

Var gücünlə qaçdın məndən!

 

Ax…Minnətdaram sənə,

bu şair qəlbimi belə

                    coşdurub-daşdırmamaqçün,

Sənə dəlilər kimi

                    aşiq olmamı əngəlləməkçün,

Əlindən gələn hər şeyi etdin.

Minnətdaram gerçəkdən sənə,

Amma heyif, əzizim,

Bunca  zəhmətin boşuna getdi!

 

O gecə, o şəhər

O gecə o şəhərə güclü yağış yağmışdı,

Tələbələr üsyana qalxmışdılar.

Sən ilk görüşə gəlməmişdin.

Və mən yağışın altında ayaqyalın

O çayın kənarında itmiş

                        bir ruh kimi dolaşırdım.

Çayın üzərinə tökülən yağış damlaları

sənin adını yazırdı...

 

Zirə toxumu

Ürəyinin susuz torpağına düşmüş

bir zirə toxumuyam.

Orada cücərməyim imkansız.

bilirəm, əzizim, söyləmə, nolur,

heç vaxt söyləmə!

Amma usulca götürüb bir dibçəyə

Ya da ömür bağçanın uzaq bir küncündə

bir yerə əkə bilərsən məni.

Heç su vermə, bəsləmə!

Ara-sıra yanına gedib

            "sənə su verəcəyəm" - söylə.

Zirə toxumu su istəməz ki,

ümidlə yaşar, heç bilirsənmi?

Ürəyinin susuz torpağına

            düşmüş bir zirə toxumuyam;

Məni qoparıb sənsizliyin

                        zülmətinə atma, nolur.

 

Dan ulduzuma

Bir gün gözlərinə çatacağam, dan ulduzum!

Nərdivan dayamışam göylərə

Hər gün bir pillə qalxıram,

Göylərin üzünə dirənə-dirənə.

 

Tanrıdan qopan işıq

Səni ilk gördüyümdə

Tanrıdan qopan bir ışıq kimi doğdun içimə.

O gündən o işığı tutub gedirəm,

Bilmirəm hara?

Kim ki nuru, görə bilib bir kərə

Bir daha istəməz ki, qaranlığa qərq olsun!

Məni geri qaytarma, lütfən!

 

Kaş bir ehtiyacın

olaydı mənə

Kaş bir ehtiyacın olaydı mənə!

Hər hansı bir şeydə

Bir gərəyin ola biləydim!

Yararlı ola biləydim sənə!

Bir tələbin olaydı!

Bir qayğın olaydı!

Bir sorunun olaydı,

Bir istəyin olaydı!

Bir əmrin olaydı!

Bir arzun olaydı keşkə

İmkansız bir şeyə!

 

Nə olursa-olsun,

Bir şey istə,

Bir şey dilə məndən!

Ulaşılamayacak bir şey tələb et,

Həyati bir şey!

 

Məndən bir şey istə!

Elə bir şey ki

Bu boyda dünyada heç bir qadının

Sənin üçün edə bilməyəcəyi bir şey!

 

Hələ ki, yaşaya

bilirəm sənsiz...

Elə bilmə, dünyam sənsiz daralıb,

Hələ ki, yaşaya bilirəm sənsiz.

Elə bilmə, günüm sənsiz qaralıb,

Hələ ki, yaşaya bilirəm sənsiz.

 

Çatmasa da sənə ünüm,

Görməsə də  səni gözüm,

Qəmdən saralsa da üzüm,

Hələ ki, yaşaya bilirəm sənsiz.

 

Dayana bilməsəm sənsiz,

Dünyam onda dağılacaq.

Yaşaya bilməsəm sənsiz,

Evim onda yıxılacaq…

Hələ ki, yaşaya bilirəm sənsiz.

 

Kəsə yol

Sən mənim dan ulduzum,

Mən yorğun bir sarvanam,

Uzaq yoldan gəlirəm -

nabələdəm bu yola,

Səfərim uzaqlara.

 

Gözünün zülmətində

Azdırırsan, məni hey

Çaşıb qalmış yolçuyam.

Ürəyinin yolunu -

arayan, soraqçıyam.

 

Budur sevgimin yolu -

Eşqinlə içim dolu,

Gəl göstər öz xoşunla,

Qəlbinə çıxan ən kəsə yolu!

Salma məni dağa-daşa!

 

Heç bir qadın

Heç bir  qadın belə gözəl "Yox" eşitməyib,

Heç bir qadın belə asan tərki-silah edilməyib.

Heç bir sevgini belə

                     mehriban rədd etməyiblər,

Heç bir qadını belə səmimi ağlatmayıblar.

 

Heç demədi məni sevə bilməyəcək,

Heç demədi mənə ümid verməyəcək,

Heç demədi bir daha gəlməyəcək,

Heç bir  qadın belə gözəl tərk edilməyib.

 

Hər gün məktublarımı oxuyub, susdu,

Ah- naləmi duyub da, çarəsiz durdu,

Bir gün sözarası yazdı sevgilisi olduğunu,

Heç bir qadın qəlbinə belə xəncər saplanmayıb.

 

Hansı qadın belə qəlbən  rədd edilib?.

Hansı qadın belə içdən etiraz görüb?

Hansı qadın ürəyinə belə məğlub edilib?

Heç bir qadın!

Heç bir qadın belə gözəl "Yox"eşitməyib!

 

Mənimlə bir dil tap

Qürrələnirsən ki,

"Neçə dil bilirsən!"

Amma mənimlə danışmağa bir dil tapmırsan.

 

Heç bir dildə bircə misra,

Bircə kəlmə belə olsa yazmırsan mənə!

Nə dillər tapardım,

Hansı dili desən öyrənərdim sənə görə!

 

Gəl mənimlə bir dil tap,

Şeir dili, səssiz haykıran bir ruhun dili,

Lap həsrətin dili olsun bu dil.

Ya da sevən qəlbin sözsüz nəğmələrini oxusun.

Bu qədər incitmə məni,

Gəl mənimlə bir dil tap!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!