Sevmə ağılsız sevgini... - Firuzə Məmmədli - ŞEİRLƏR

Nə vardı

Xatirə

Bu dünyanın yalanı da düz idi,

Düzüb-qoşan, özümüzdük, biz idik.

Aralıqda hər nə idi, söz idi,

Sözdən-sözə calanmağa nə vardı?!

 

Bir məhəbbət nəğməsiydi hər bulaq,

Ömür - nağıl, igidimiz - Nərbala.

Yolumuzun dərd satanı - dərd alan,

O vaxt dərdə qalanmağa nə vardı?!

 

Ürək dolu arzulara yar idik,

Abır idik, həya idik, ar idik.

Ağıl-kamal bağçasında bar idik,

Baxışlarda talamağa nə vardı?!

 

Ümidlərə yol kəsəydi yüz kərə,

Can-ciyərdi əyri gedən, düz gələn.

Qəlbimizdə xəzinəydi söz-kəlam,

Bircə sözlə can almağa nə vardı?!

2018

 

Bahar         

Bax, indi gündüzə kim qonaq gedir,

Gecədən nə qalıb şeh yanağında.

Bir qönçə qızılgül alyanaq gedir,

Öpür incə-incə meh yanağından.

 

Nəfəsi kəsilən ilkindi çağı,

Gündüzü küçədən yığammır daha.

Yağsa, yağışlar da çiçəkdən yağır, -

Göylər təndirlənib, yağammır daha.

 

Təpələr dərəyə axır ətəkdən,

Qaratikan belə ağ gül gətirib.

Arı zümzüməsi daşır pətəkdən,

Bağlar budaq-budaq bülbül gətirib.

 

Baxıb təbiətin cavanlığına,

Əli qələm gəzir qoca şairin.

Yazdıqca ayağı yerdən üzülür,

Xəyalı göylərdən uca şairin.

2017

 

Kiçik çillə

Dünən kiçik çillə çəkdi yükünü,

Elə gözəl gəldi, gözəl də getdi:

Gördük kiçiklərin böyüklüyünü, -

Gəlmişdi... Yoluna düzəldi, getdi.

 

Gəlişi ağappaq qar məkanıydı,

Gedişi Günəşdən ərməğan idi.

Ay çıxaran idi, gün doğan idi,

Fəslin bir ağgünlü gözəli getdi.

 

Nağıldı; bol idi düzüb-qoşmağı,

Qardan çuxasıydı, buzdan başmağı.

Düzün xalısıydı, dağın yaşmağı,

Məzəli gəlmişdi, məzəli getdi.

 

Şəhər qiyafəli, şəhər dəbliydi,

Üzü yaza idi, qışın səbriydi.

Elə sənət sözlü, şeir təbliydi, -

Ömrün müxəmməsi, qəzəli getdi.

2017

Dünya sazlı, sözlüydü

Səməd Vurğun var idi,

Rəsul Rza var idi.

Hər cür qanun var idi...

 

Var idi Məmməd Rahim,

Osman Sarıvəlli də.

Şeirlə danışırdı,

Nağıl, qaravəlli də.

 

Mirvarisi, Nigarı,

Mədinəsi haqq idi.

Onda şeir yazan da,

Oxuyan da xalq idi.

 

Balaş, Söhrab və Qabil,

Sonra Bəxtiyar, Nəbi,

Hüseyn, Əli Kərim...

Dəyişdi şeirin təbi.

 

Onların qələmində

Bülbüllər avazlıydı.

Bulaqlar güzgülüydü,

Dünya sözlü, sazlıydı.

2017

 

Durnalar qayıtdı

Baharda oyanan xatirələrin

Qoluna girib də kəndə qayıtdım.

Getmişdim bir payız durna köçündə,

Durnalar qayıtdı, mən də qayıtdım.

 

Bir dəstə bənövşə, bir qom kol dibi,

Baxırdı torpaqdan, dərim, dərməyim?!

Ruhumu oyadan yaşıl yol oldu

Kəndə qayıtmağım, kəndə gəlməyim.

 

Çox şey dəyişmişdi o vaxtdan, çox şey,

Qalan nə idi bəs?.. Vallahi, heç nə.

Nə kənd həmin kənddi, nə qonum-qonşu,

Dəyişən nə imiş, İlahi? Heç nə!

 

Bu adlar, soyadlar tanış gəlsə də,

O vaxtkı deyildir kənd adamları.

Oğlanlar - şortikdə, qızlarsa - cinsdə,

Həm kənd başqalaşıb, həm adamları.

 

Uşaqlar ağlını test ilə ölçür,

Qadınlar danışır kişi səsilə.

Cavanlar üzbəüz gəlsələr belə,

Salam-kəlam edir esemes ilə.

 

Daban-dabanadı hər qapı hər tin,

Bu evin o evə həniri yetməz.

Mağar da qurula, toy da vurula,

Qonşudan-qonşuya səmiri yetməz.

 

Dəyişib... Yazdığım şeirin belə

Üzündə təbəssüm sətri qaçıb.

Təkcə çiçəklərdi öz mizanımda, -

Nə rəngi dəyişib, nə ətri qaçıb.

 

Bənövşə rəngini gözümdə gördü,

Çəmən yaşılını geydim əynimə.

Şəftəli budağı tərpənişilə

Çəhrayı şalını saldı çiynimə...

 

Getmişdim bir payız durna köçündə,

Durnalar qayıtdı, mən də qayıtdım.

2018

Dünyaya

Elnarə Abdullayevanın

"Ana" muğamını dinləyərkən

 

Ağlayım, ürəyim boşalsın bir az,

Bir az içərimdən daşım dünyaya.

Çoxdandı dindirmir duyğular məni,

Yaman qarışıbdı başım dünyaya.

 

Elnarə ağlatsın, Qədir ağlatsın,

Rübabə "Segah"a xətir ağlatsın.

Şeirimdə bir qərib sətir ağlatsın,

Qardaşım dünyaya, bacım dünyaya.

 

Mən də bir sehrdə qapalı qalan,

Axşamda, səhərdə qapalı qalan,

Obada, şəhərdə qapalı qalan

Qəlbimlə yenidən acım dünyaya.

 

Ya da bir yalana qəlbim aldansın,

Ömürlə savaşım, hərbim aldansın.

Bir dəli sevdadan dərdim aldansın,

Yanılım dünyaya, çaşım dünyaya.

 

Əl edim, səsləyim ötən illəri,

Məni mənlə bölüb itən illəri.

Qoparım sonuncu ildən illəri,

Görüm yaraşırmı yaşım dünyaya?!

                                               

Kənd şəhərə nəğmə dedi

Ah, bu dəhşətli gecənin

Sabahı açıldı axır.

Buludlar yırtıldı, Ayın

Qabağı açıldı axır.

Sübhə kimi şaqqaşaraq

Göy üzünü qamçılayan

O qarıcıq nənənin də

Yumağı açıldı axır.

Bir qızıl məcməyidimi, -

Günəş qalxdı dan yerinə.

Axdı lalə çöhrəsindən

Nur süzüldü qan yerinə.

Səhərgülü şeypur-şeypur

Al səhərə nəğmə dedi.

Verdi çiçək nəfəsini,

Kənd şəhərə nəğmə dedi.

Bir köçəri quşca olub,

Qayıtmadım kəndə bu yaz.

Çökdüm şəhər çəkisinə

Yekə-yekə mən də bu yaz.

Ekranlardan güldü mənə       

Yaşıllığı çöl-çəmənin.

Ətirini duyammadım

Dekorativ qönçələrin.

Ətəyimdən nəydi çəkən

Ötəmmədim mən özümü.

Arsız teleekranlara

Örtəmmədim mən gözümü...

Ötüb keçdi yaz nəfəsi,

Yay istisi qarsdı məni.

Sərinkeşin qarşısına

"Pərdə" deyib asdı məni.

2017

***

Sudur, elə şır-şır axır,

Quma, gilə qarışır, axır.

Ömrü mənə qarşı axır,

Mən hara axıb gedirəm?

 

Başımda-pirlik havası,

Yox ta "əl-ətək" həvəsi.

Gözümə eynək əvəzi,

Canımı taxıb gedirəm.

 

Səbrimdən dözümü sıxıb,

Şeirdən sözümü sıxıb,

Buluddan gözümü sıxıb,

Şimşəkdən çaxıb gedirəm.

2018

Niyə

Bu ocağın odu sönmüşdü çoxdan,

Bu can bir cəsədə dönmüşdü çoxdan.

Bu ruh yaşamırdı, ölmüşdü çoxdan,

Onu bu uyğudan oyatdın niyə?

 

At üstündə çapan qara gün idi,

Vaxt sürüydü, çoban qaragün idi.

İtirən mən... Tapan qara gün idi,

Qara gün içindən boy atdım niyə?

 

Bir az sünbül idim taxıl baxtıma,

Dedilər, iməklə, yıxıl baxtına.

Allah, məni də yaz paxıl baxtına,

Ömrümə sığmasın həyatım niyə?

 

Eylə dərdlərinə mükafat məni,

Qəlbinin küncündə ocaq çat məni.

Cənnət də - biz bazar; apar sat məni,

Mən kimi bir səhvə qayıtdım niyə?

 

Çökdü vicdanına nəfsim, ağrıdı,

Dilləşdim şerimlə, səsim ağrıdı.

Oldu bu taleyə təslim, ağrıdı,

Susdu qoşmam niyə, bayatım niyə?

2018

***

Gün asılıb yaxasından,

Göylər gündüzə çəkilib.

Batıb gül-çiçək içində -

Dərələr düzə çəkilib.

 

Gənclik - anın gözəlliyi,

Ömür, hanı gözəlliyin?

Düz dünyanın gözəlliyi

Bircə bu qıza çəkilib.

 

Sevmə ağılsız sevgini,

Ağla ağrısız sevgini.

Dilsiz-ağızsız sevginin

Ağrısı gözə çəkilir.

2018

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!