Payız etüdləri... - Sona Vəliyeva - ŞEİRLƏR

 

Söz yolu

Yerdənmi, göydənmi gəlir söz yolu?

Şam eylər yoluna sağ əl sol əli.

Gedərəm çiynimdə bir cüt göyərçin,

Duraram min rəngli dumanlı yolda:

Xeyirli hansıdır, hansını seçim?

 

Sözün qırx qapısın açıb görərəm,

Dözümüm saçımdan asılıb göyə.

Canım söz içində sehrli quşdur,

Bir igid gələcək xilas etməyə.

 

Açılar ömrümün köz karxanası,

Sökülər dərd yükü, söz barxanası,

Allahla aramda körpü olası

Sətir böyüdürəm ona yetməyə.

 

Tanrı yolçusuyam, bəxtim söz yükü,

Mənalar canımı yonar, cilalar.

Bəzən axtardığım qalar o yana,

Kiminsə itiyi qarşıma çıxar.

 

Daşın da, sözün də yaddaşı varmış,

Ocağın, közün də yaddaşı varmış,

Tanrının, insanın söz, yaddaşıymış,

Mən də sözdən, sirdən, daşdan göyərdim.

 

Payız etüdləri

Payızın dilində şeir yazıram,

İçimdə, çölümdə payız nəğməsi.

Yarpaq qırğınıdır, məhşər başlayıb,

Yoxdu ağacların ağlayan kəsi.

 

İstədim əlini tutam payızın,

Ruhunu oxşayam, dərdini böləm.

Yağışa qarışam, kimsə görməyə,

Ya da durnalara qoşulam gedəm.

 

Getsəm nə dəyişər, qalsam, nə bilim?

Zamanla köçəni saxlamaq olmur.

Ölümə tələsən xəstə anamtək

Payız da kövrəkdi, ayrılmaq olmur.

 

Bu payız fərqlimi, ruhum qəribmi?

Ya qismət, bahara yetə arzular.

İçim yarpaq-yarpaq talanıb gedir,

Bu dəli küləyi əyləyən ola.

 

Çinar öz yarasın sarısa belə,

Yarpaq balaları qoruya bilmir.

(İlahi, qarşıdan hələ qış gəlir)

Gecikən sevgitək bu bəyaz çiçək

Tufanı tanımır, çovğunu bilmir.

 

Yarpaq məzarlığı bağa gözdağı,

Ya qismət, min çiçək doğurar bahar.

Tumurcuq diləklər Tanrı töhfəsi,

Bizdən güc alınca bitər sevdalar.

 

Həsrətin ölçüsü payızmış elə,

Qarışla, arşınla ölçülməz, demək.

Ayrılığın rəngin görmək istəyən

Saralan yarpağa toxunsun gərək.

 

Ağacam bu payız dağ sinəsində,

Bu payız duyulmaz sevincim, dərdim.

Ruhumu dumana, yağışa bükün,

Bahar qayıdanda, bəlkə, göyərdim.

 

Əməl dəftəri

Ya yağışlı havada,

ya da qar qapımı alanda,

sübh tezdənmi, bilmirəm,

bəlkə də, Ay işığında,

nə vaxtsa,

açılacaq yolla

qapına

gələcəyəm,

İlahi!

Əmanət verdiyin ruhumla,

səndən özgəyə oxunmayan

iki əməl dəftərimlə...

Sənə dönəcəyəm...

Son əvvələ qayıdacaq.

 

Sonra haqq tərəzisi, tale yazısı,

həyatın ədalət çəkisi,

hər iki dünyanın yaşam ahəngi...

ömrün üzü üstə çevrilmiş

Tanrı güzgüsü.

Sualın ölçüsü çox böyük:

Allahım,

mən necə yaşadım?

Sağ əlim sol əldən oğurlayıbsa,

ya elə sol əlin etdikləri ağırsa,

bu, mənim suçum,

bu da cəzamı çəkməyə etiraf gücüm...

Hazıram çəkməyə cəzamı,

İlahi!

 

Yer üzü bizdən,

sol  əlimizdən əyilibsə,

pisliklər sol əldən tökülübsə,

daşqına, yanğına, selə dönübsə,

dəyiş, İlahi, vəd etdiklərini,

ver yer üzünə

sağ əlin gətirdiklərini,

dünyamız düzəlsin.

İlahi, sağ əldən toplanan nə varsa,

Yer üzünə səp,

insanlar

xəlq etdiyin kimi təzədən,

təzədən adam kimi göyərsin!

 

Yallı

Göy gurultusudur

çalınan,

göy gurultusudur coşan qan.

Daram, daram...

nağaraya vurulan zərbə

içimdə min illərin

tarixinə daş atır.

"Yallı" çalınır.

yaddaş oyanır.

Bu, oyun deyil,

Təvafdır, təvaf.

"Ya Allah, ya Allah" -

"Yallı" çalınır, "yallı" ucalır.

Hara qayıdıram,

hardan boylanıram?

Atı ilk ram etməyə

yığılan,

əl-ələ, çiyin-çiyinə

dövrə vuran, sevinən,

çağıran elimdi bu...

"Yallı"m

"Ya Allah" - deyir.

Tək çadır dirəyinə,

tək Allah güvəninə...

 

Allahın gecəsinə,

gündüzünə inanan.

İlk gəmini yaradan,

ilk əkinə başlayan,

yurd qurmağı bacaran

atam, babam, qardaşım,

ilk yurddaşım

birləşib,

əl-ələ, çiyin-çiyinə

"Ya Allah", "Yallı" - deyir.

Milyon ildir

 

Qobustan qayasından

babaların duası

"Yallı"m "ya Allah" - deyir.

Məhrəm əllər, dost əllər,

düşüncələr, beyinlər

birləşib təvaf edir.

Yurd Kəbədi,

ətrafında

sevgi niyyət tutulur,

oğullar təvaf edir.

"Başına dolanım sənin",

"qurban olum" kəlməsi,

 min ilin oxşaması,

laylası, əzizləməsi

indicə kəşf olunur.

Yurd sevgisi yaranır,

yurd nəğməsi oxunur.

Oğuz eli qorunur,

Oğuz oğlu birləşir.

Əl-ələ, çiyin-çiyinə

çinar olur oğullar.

Sərhəd belə qurulur,

torpaq belə qorunur.

 

Əl-ələ, çiyin-çiyinə,

əl silahlı, dil dualı -

"Yallı" belə yozulur.

"Yallı"m göyə ucaldıqca

sərhədim genişlənir,

Pərən torpağım birləşir,

gedənim geri dönür.

"Ya Allah"lar ucalır,

"Yallı"m duaya dönür.

"Yallı"m Tanrı duası,

"Yallı"m sərhəd qalası.

Şeirin rəngi

Bu gecə

şeirin rəngini gördüm.

Tanrı şeiri

ağappaq işıq rəngində,

ağappaq yolla,

ağappaq təbəssümlə

göndərmişdi.

Hər sətir ağappaq

işıq saçan közdü...

içimə dolduqca

yol göründü, yol açıldı.

Sonra o yolla söz

doğuldu,

söz yarandı.

Söz vərəqin

üzünü ağartdı,

sonra, sonra

şeir sözü

rənglədi,

cilaladı...

Sözdən

ağappaq almaz

yarandı,

asıldı könlümüzdən,

gözəlləşdi içimiz.

Olanlar, qalanlar,

Qürbətlər, ayrılıqlar,

sevib unudulanlar,

kədərdən ağlayanlar

ağappaq işıqla

boylandılar şeirdən.

Tanrı sətir-sətir

yeni doğulmuş

körpə kimi

gülümsündü üzümüzə,

göndərdiyi

işıq töhfəsindən,

ağappaq şeirdən...

 

 Şeir yazılacaq...

İçimdə ünvanı bilinəmyən həsrət,

dilimin ucunda

dərdimi çatdırmağa aciz söz...

Sözün içində

ümidin qoruduğu köz...

qələm maşa,

hey qurdalayır içimin közünü.

Yana-yana,

dözərək yaşayır ürək,

yeni söz doğulacaq deyə.

Nə gecə bitir, nə şeir dünyaya gəlir.

İçimdə həsrətin odladığı

köz-köz yanıq yeri...

göynədir məni.

Gecəmi,

axtardığım sözə yetmək məsafəmi

uzun eləmə, İlahi!

Sabahacan, sabahacan

söz yanğısından ölməməyə

möhlət səndən,

mədət səndən, İlahi!

 

Alın yazım

Taleyim Tanrı əliylə

Yazılıbdır məndən öncə.

Hər adam bir sətir imiş

Əcəl torpağa gömüncə.

 

Qarışınca torpaqlara

Sətir-sətir göyərəcək.

Kimi qara tikanlara,

Kimi laləyə dönəcək.

 

Azalıb qələm, mürəkkəb,

Allah da yorulub, yazmır.

Min ildir doğranan torpaq

Qismətimi bəxtə yazmır.

 

Dünyanın bir ucunda qəm,

Bir ucunda çal-çağırdı.

Bir zalımın qələmindən

Alın yazısı axırdı.

Vətən də alın yazımız,

Qorumasaq, pozulacaq.

Alından pozulan yazı

Günahlara yozulacaq.

 

Xəyanət

Boşalan könüllər dünyanı yıxır,

Göz yaşı kirpiyə qısılı qalır.

Xəyanət laxladır yerin mehvərin,

Dünya ümidlərdən asılı qalır.

 

Asılar ümiddən aldanan qadın,

Göz yaşı taleyin fəryadın çəkir.

Yalan sevdaların ağır yükünü

Min kişi çəkməzdi, bu qadın çəkir.

 

İnam da ruh kimi, uçdu, qayıtmaz

Ha çağır, ha səslə - yollarda itər.

Xəyanət tufanı, günah ilğımı

Sevdalı bir könlün külündə gedər!

 

Dağlar silkələnir, dənizlər daşır,

Yerin məhvərindən çıxan çağıdır.

Qadın gözlərində Allah ağlayır,

Qiyamət Allahın ağlamağıdır!

 

Hər gecə göz yaşı içini döyər,

Göynər xəyanətin ağır yarası.

Dərdinə söykənib unutmaq istər,

Tapılmaz kədərin, qəmin çarası.

 

Dərd ağır olanda ağlamaq olmur,

Sevgitək göz yaşı qəhətə dönər.

Talanan ruhuyla, sönən gözüylə

Yad olub, evində qərib görünər.

 

Ev-eşik sevgisiz, ürək sevgisiz,

Doğma görünənlər yaddan yad indi.

Üz-üzə gəlməyə üz olmayanda

Yuyulmaz günahlar görən kimindi?

 

Toplanan illəri ömürdən çıxıb,

İnamdan, sevgidən, əzabdan çıxıb,

Gözünün önündə yadından çıxıb

Bir naşı sevənin əlində qadın.

 

Kimsəyə sirr verməz, tənha əridər

Sovrulub puç olan talan ömrünü.

İtirib gücünü, daşıya bilməz,

Yaşamır, sürüyür qalan ömrünü.

 

İnandım qayıdacağına

Sən ağrıyla çarpışan an

mən qorxunun içindəydim.

Yer, göy qaranlığın, soyuğun...

Ümidlərim,

dualarım  göz yaşımın içindəydi.

Boylandım sənsizliyə,

havanın, günəşin, suyun

özümün içimdən boylandım,

boylandım inamla,

sevgiyə, təsəlliyə.

Gözümlə gördüm yer üzünün boşluğunu,

gözümlə gördüm

sənsizliyin necə olduğunu.

Ümidlər azaldıqca,

qaranlıq uzandıqca, soyuq artdıqca,

daha çox inandım hər şeyin yaxşı olacağına,

Bu çətin səfərdən qayıdacağına,

məni tək qoymayacağına,

məni tənhalığa qıymayacağına.

İnandım qaranlıqda da

tapacaqsan

evimizin yolunu...

Dözməzsən mənim tək-tənha olduğuma,

qaranlıqda qaldığıma.

Utanıb heç kimə

demədiyim bir şeyi

yalnız sən bildiyindən

inandım dönəcəyinə.

Axı tək sən bilirdin

mənim qorxaq olduğumu,

bu yaşda qaranlıqdan qorxduğumu.

 

Ay qapı bağlayan

Taleyi bağlı qapı arxasında

həll edilən millətlərə

 

Bu yandan açanı mənəm,

O yandan kimdir bağlayan?

Tanrı əliylə açıram,

Dayan, ay qapı bağlayan.

 

Kimi bir salama yozar,

Kimi taleyinə yazar.

Bu nə dərddi, bu nə azar?

Bəsdir, ay qapı bağlayan.

 

Kimisi bir hayla açdı,

Kimisi duayla açdı,

Kimi də ah-vayla açdı,

Kimsən, ay qapı bağlayan?

 

Bu qapının cırıltısı

Min ilin qəlb sızıltısı...

Dərbənd, ya Gəncə ağrısı -

Gəl açaq, qapı bağlayan.

 

Bu qapı gözüm qapağı,

İçi Vətənin torpağı.

Ürəyim yağı tapdağı,

Sən də bax, qapı bağlayan.

 

Keçmədim qapı varsa da,

Əlacı yad çarasında.

Torpaq qapı arasında

Can verir, qapı bağlayan.

 

Aç, keçək, görüm yol hanı?

Ovut qəmdən oynayanı.

Gözümdə qapı dabanı

Öldüm, ay qapı bağlayan.

 

O ağ şallı kimdi, gəldi?

Duası haqqa yüksəldi.

Yağışdan açar ələndi -

Götür aç, qapı bağlayan.

 

Türkün duası

Şükür yaratmaq eşqinə,

Torpağa, dənizə şükür.

"Türküm" - deyib arxa olan

Tanrım, hamımıza şükür.

 

Səndən qopub hara gəldik?

Sənlə vara-vara gəldik.

Din vardı, imana gəldik,

Gecəyə, gündüzə şükür.

 

Köç başladı, elin köçü,

Tale payı, Boğaziçi.

Göy sevgisi, türk sevgisi,

Şükür, "bir"imizə şükür.

 

Yol verib ərkan göstərdin,

Haqq üçün divan göstərdin,

Dərk yolu irfan göstərdin

Şükür elmimizə, şükür.

 

Göy niqablı, bəyaz atlı,

Atı qızıldan qanadlı,

İstanbul eşqli, soraqlı

Uca pirimizə şükür.

 

Yenə yönüm düşdü bu yaz,

İstanbulun canı boğaz.

Taleyinə məni də yaz,

Deyim, sevgimizə şükür.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!