Qovuşmağın himnini yazıram tikanlı məftillərə... - Tural Turan - ŞEİRLƏR

Hilalla xaç qovuşmasın deyə

            aralarına tabut-tabut sədd çəkirik...

Körpələrin üstündən torpaq iməkləyir indi.

Gülüşlər dodaq tutub yerimir,

                        daha əvvəlki kimi...

Ayparanın xaçla öpüşdüyü səmada

Hər alın yazısı soyuq qəlpə gəzdirir artıq...

 

İmanımızın arxasında çoxaldı sıfırlar,

Daha yüz molla da bir keşiş eləmir.

***

Tökülüb ölümün dişi.

Qıçı tutulub zamanın.

Tanrı olacaq baş daşı

sonuncu ölən adamın.

 

Qız qarıyacaq tabutlar,

ölümün can verdiyi gün.

Qandalı qırmış umudlar,

üstünə yeriyəcək göyün...

 

Tənha qalacaq göy üzü,

tanrısız o da bezəcək.

Başın qoyub ağlamağa

göy üzü adam gəzəcək.

Hələ üç aylıqkən kəsdik

eşqimizi ana südündən.

Tənhalığın uşaq evinə verdik

bir cüt yalnızlığımızı.

Anlamadıq ki, ayrılıq

ölümün boy ölçüsüdü.

 

İndi bütün ayrılıqlar pəncərələrdə,

indi bütün yalnızlıqlar şəkillərdə böyüyür.

Bütün yanağı solmuş fotolar,

xoş günlərimizin

sinəsindən çıxarılmış gilizlərdi.

Sənli anlarımı soyuducu çərçivələrdə

            suvenir saxlayıram, yonca qoxulum.

Ayrılığın əkin yeridi yanaqlarım,

gözlərim suvarır səpdiyin toxumları.

 

Sən gedəli kökü üstündə qarıdı çiçəklər,

qoxuları sarılıq keçirdi yasəmənlərin...

Qovuşmağın himnini yazıram

tikanlı məftillərə.

***

Gözlərimi o qədər döyüb ki, ayrılıq,

göz yaşlarım axsayır yanaqlarımda.

Qıvrıla-qıvrıla sürünür gözümün suyu,

dodaqlarımda əksi qalan

gözlərini sancmaq üçün.

 

Hərdən

ayaqlarını itirmiş şəkillərinə baxıram,

günahlarım can verir baxışlarında.

Deyirəm, adam

əlsiz-ayaqsız şəkilləri geyinib ölə,

ayrılığın üşüdüyü payız yağışlarında.

 

Ölüm bayatıma son cümləmi yazıram:

Şəkillər ikinəfərlik müharibələrin

hər evdə yaşayan əlsiz-ayaqsız qaziləridi.

 

Son görüşümüzdə əllərinə

                        söykəmişdim üzümü,

öləndən sonra düşür yadıma -

əllərin ayrılığın məzar daşıymış.

 

Malazgirt təqvimi

Buludların gəlinlik donudu

şaman tüstüsü,

dualar xonça-xonça düzülür,

tanrının gərdəyinə.

Üşüdür başdaşlarını

duaların istisi,

alğışlar çəlik olur

göylərin yedəyinə...

 

Bir şaman nəriltisinə

kərpic-kərpic tər tökür məbədlər.

Göydən gələn kitablar

sığınır at nallarına.

Atlar təzədən yazır

dünyanın alın yazısını.

Qurdlar dişini bağlayır

hönkürən yovşan kollarına...

 

Malazgirtdə əynini dəyişir dünya,

məbədlər geyinir qurd kürkünü.

Ağ sacların üzərində qara ruhlar qovrulur.

Tanrı göy çadırda yenidən doğulur,

rahiblər atlara yükləyir

Göy Tanrının yükünü...

 

Bəylik libasını geyir ildırım

və qucaqlayır şaman tüstüsünü.

Dualar şərab süzür yarım-yarım,

Göy üzü sağlıq deyir Malazgirtə,

Yağışlar səpələyir

bu çolpanlı təqvimə

öz ətrini, süsünü.

 

O gundən qurd kürkünə,

bir də at nallarına yazılır

dünyanın alın yazısı.

Burda ayrı yazılır

işığın, yelin yazısı.

28.08.2018

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!