Mən quru yarpaqlar misalı kimi... - Faiq Balabəyli - ŞEİRLƏR

 

Dənizimə

Səni mələklərin qanadlarında

gətirdi baxtıma Yaradan, bala

mən səni görürəm, səni duyuram

boylanıb baxsam da haradan, bala.

 

Dünyanın suları, okeanları

sənin gəlişinlə gözümdən düşdü

sel olub selləndi Xəzərim o gün;

ləpələr sevindi, sular gülüşdü

 

Dəniztək ömrün də uzun olacaq

bilirəm, ay ömrüm, ay günüm mənim

qatıb qabağına apardı, yoxdu,

arxada qalıbdı pis günüm mənim

 

Xəzərin qoynunda gəldin dünyaya

Xəzərtək şəffafım, dərinim mənim

yeni həyatımın başlanğıcısan

çiçəyim, göyçəyim, şirinim mənim...

 

Hələ ki, körpəyəm, cocuğam indi

mən səndən ömür, gün, il - öyrənirəm

sənin qığıltına qulaq asıram,

sənin qığıltından dil öyrənirəm...

Xəbər göndərin ona

Xəbər göndərin ona

deyin, ölməmişəm mən

Həyatından getmişəm

yuxuna gəlməmişəm mən?

 

Deyin, neçə il qabaq

səni atıb-gedəndi.

Ürəyi səndə qalıb

gəzdirdiyi bədəndir.

 

Dağım olmuş sinədə

dağlanır arzusu da.

Göz yaşından boy atıb

cücərir ruzusu da.

 

Deyin ki, əvvəlkidir,

dəyişməyib, həməndir.

Səni ürəkdən sevib;

həm o zaman, həm indi...

 

Heç nə boşalda bilməz

ürəyinin yükünü,

sənin adına tutub

qəm adında mülkünü.

 

Qayıt gəl

İndən belə göz yaşına rəhm elə

indən belə gəlirsənsə, qayıt gəl.

Üz-gözünü turşutmağa əsas yox

yatmışları silkələ gəl, oyat gəl.

 

Dərdim mülkdür ürəyimdə, - daşınmaz,

daş yumşalar, daş nazilər, daş anmaz

Aparıbsan sevincimi, daşınmaz

sənsiz mənə, məndən sənə, boyat gəl

 

Söz danışmaq, düz danışmaq səninki

sevincini parçalamaz qəmin ki...

Hər şey elə həmənkidi, həmən ki

Ürəyini gəl buz elə, soyut gəl.

 

Çağır məni

Tanrım özün bilirsən ki

ətraf necə sıxır məni

səs ver, uzat əllərini

öz yanına çağır məni.

 

Zərrə-zərrə kiçilirəm

Qurtum-qurtum içilirəm

Görürsən ki, keçilirəm

Yetən bilir cığır məni..

 

Hanı o gün; nadinc, dəcəl

Belə üzül, belə incəl

yaxın qoymur zalım əcəl

yetim məni, fağır məni...

 

İlahi, rəhm eləmə

Üzümü söykəməyə gövdəndə yer gəzirəm

budaqların qol kimi sarmaşmır daha mənə,

qaranlıq dərə bilib ovcumda əl gəzirəm

qoşa əlin ovucu, qaranlıq kaha mənə...

 

İlahi, daha rəhmin gəlməsin mən zalıma

çöhrəmdə sevinc nədir,

kədər də donmaz daha

bu mənasız həyatda çiynimi söykədiyim

bu ağac budağına

quşlar da qonmaz daha...

 

Gözlərimin işığı öləziyib şam kimi

əriyib yoxa çıxır qəlbimin nisgili də.

Bir həyatın dibindən boylanıb üzü bəri

alın yazım oxunur... oxunur kölgəlikdə.

 

Daha heç nə qəlbimin sarı simini qırmaz;

nə bacımın göz yaşı, nə anamın ağısı

çiynimi söykədiyim bu ağacın gövdəsi

üzümü söykədiyim yarpaqların ağrısı...

 

İlahi, rəhm eləmə, qoy uzansın bu ömür

yaş olan yanaqların tamı, duzu bilinsin

İlahi, qələmindən boy verən alnımdakı

hər yetənə oxunan yazıların silinsin.

 

Mən quru yarpaqlar

misalı kimi

Sən Allah, get daha, işin-gücün var

bu mənim işimdi, sənə nə qalıb

yaşadım, ya da yox, heç də darılma

qaraltma qanını məndən ötəri!

 

Allahdan oyana kimsəm tapılmaz

səndən də bu yana kimim var axı

qalmışam arada, çox uzaqsınız

nə səni atıram, nə də Allahı.

 

Amma ki sən mənə baş qoşma daha

bir ovuc su verən tapılar mənə

üzümü görməzsən, niqab kimidir-

arxamca bağlanan qapılar mənə.

 

Bir ovuc su dedim, dodaqlarımın

səhra cadarına məlhəmdir deyə

səni axtarmaqdan ayaqlarımın

heyi də yox idi ta yeriməyə

sən Allah, öz dərdim başımdan aşır

sənin işlərin də az deyil axı

hələ də ümidlə sübhü gözləyib

oyaq qarşılayıram gələn sabahı.

 

Mən quru yarpaqlar misalı kimi

ovuca alınsam ovulmaqdayam

elə kövrəlmişəm sarı sim kimi

dillənsən toxtayıb ovunmaqdayam

daş ki, daşımıram... olub-keçəni

içimdən kənara qoya bilmirəm

yazıq ürəyimə bir ovuc xoş gün,

bir udum da sevgi...doya bilmirəm

 

elə istəyirəm gəlsin xoş sabah,

elə istəyirəm...

gəlmir, nə edim.

bu şəhər, bu səhər yad adam kimi

üzümə gülmədi, baxmadı mənə

sən şeir yazdığın ulduzlu səma

damından su daman daxmadı mənə

 

məni saxlamağa çalışma, bala,

zənciri qırılan lövbər kimisən...

asıbsan özünü dor ağacından

havasız yellənən yelkən kimi, sən

 

atacam özümü bu gur sulara

dalğalar nəşimi yusun, nə olar

bu qara ömrümün, qoy ağ kəfəni

qoy olsun yam-yaşıl yosun, nə olar

 

***

Uzaq bir adada tək qalsan əgər

başının üstündə uçsa qağayı

ətrafı yosunlu çopur bir qaya

yorğun kürəyinin olsa dayağı

gözlərin dikilib lap uzaqlara

üzən bir gəminin xəyalın etsə

özünü, üzünü sürtüb qumlara

səndən uzaqlara xəyalın getsə,

hayına hay verən tapılmayınca

başının üstündə uçan qağayı

uçub uzaqlardan qayıtmayınca

bağışla məni...

 

Bağışla suları duzlu dənizə

qaya gövdəsində axşama qədər

yatan yarasaya bağışla məni...

dənizin üzünə qız saçları tək

dağılan yosuna bağışla məni

səni gözlərimdən irağ qoymayan

yaxına, uzağa bağışla məni…

 

Heca şeirinin sətirləri tək

ard-arda üstünə gələn ləpələr

ayağının altından qum dənəsini

özüylə götürüb gedən ləpələr

yaxana sığınan xəfif meh kimi

təzədən qayıdıb gəlirsə, bəs sən

nə üçün geriyə dönmürsən axı…

içimin, çölümün kinin-küdrətin

yumaq istəyirəm, sıx gözlərin

islat göz yaşınla - yağışla məni

bağışla məni…

 

Bir kimsə bilmədi

Gəldim uzaq bir səfərdən

Gəldim bir kimsə bilmədi

ürəyimdəki ağrıya

Güldüm, bir kimsə bilmədi.

 

Bağrım başı paramparça

De kimdə var ağrı bunca

Gözlərimi yaş olunca

Sildim, bir kimsə bilmədi.

 

Gözü qara bulaq üstə

De sözünü varaq üstə

Səndən ötrü ayaq üstə

Öldüm bir kimsə bilmədi....

 

Sən axı bilmədin…

Sən axı bilmədin tənhalıq nədir

yaşadın səhrada su tapan kimi, -

sevincin bürüdü bütün aləmi.

itirib özünü xəlvətdə bir gün

qarşına çıxmadın özün-özünün...

 

Sən axı bilmədin tənhalıq nədir

dözüb küləklərə ağ yelkən kimi

sinənə çəkmədin acı rüzgarı

sıxıb bir-birinə dodaqlarını

adını demədin özün özünün.

 

Sən axı bilmədin tənhalıq nədir

yanında dostların tapılmadı heç

sənə ünvanlanan sevinc payları

əldən-ələ düşüb qapılmadı heç

payını yemədin özün-özünün...

 

Sən axı bilmədin tənhalıq nədir

görmədin, sevmədin ayırılıqları...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!