Siracəddin Seyyid (1958) - tanınmış özbək şairi, yazıçı, tərcüməçi; Özbəkistan xalq şairi (2006), Özbəkistan Yazıçılar Birliyinin sədridir. "Ruhumun xəritəsi" (1985), "Sərin qayalar ovcunda" (1987) , "Sevgi məmləkəti" (1989), "Qoruyun", "İstək qalacaq, məhəbbət qalacaq" (1990), "Yandım" (1994), "Vətəni öyrənmək" (1996), "Vətən əbədidir" (2001), "Üstümüzdən ötən aylar" (2003), "Anamın kömbələri" (2017) adlı şeir kitablarının müəllifidir. Şair 1999-cu ildə "Dostluq" ordeni ilə təltif olunub.
Babur-rübab
Babur desəm bir yan dolar,
Rənci-əzab durub gələr.
Bir yandan da fəğan salar
Odlu rübab durub gələr.
İmarət
Hər söz-kündə kimidir,
Hər söz-palçıqtək bişir.
Qan suvaran ürəyin
Sonunda sözlər bitir.
Gərək hər kəlmə bişə,
Bişə şeirin kərpici.
Şişib eşqə yetişə
Qəlbin, sözün və sətrin.
Cani-dildən ibarət
Olarsa əgər kitab
Əbədi bir imarət
Olar onda hər kitab.
Qəlb
Yeri ilə, göyü ilə
Bu dünyanı Allah verdi.
Buğdasıyla, suyu ilə
Bu tarlanı Allah verdi.
Anasıyla, dayəsiylə
Bu balanı Allah verdi.
Dərmanıyla, davasıyla
Bu ələmi Allah verdi.
Qan qaraldan siyahıyla
Bu naləni Allah verdi.
Mürəkkəbi, canı ilə
Bu qələmi Allah verdi.
Bağ
Bu dünyada bağ salmağın hikməti var,
Bağ salan insan ömrünün zinyəti var.
Ömründə bir tingi yerə əkməyibsə,
Bu insan ömrünün hansı qiyməti var?
Bağlar heç yerdə özündən yaranmayıb,
Bu bağlarda bağbanın öz xisləti var.
Bağban deyir: sizlərdən ad, bağlar qalsın,
Belə ömrün çaylar kimi şiddəti var.
Böyüdülür övlad kimi, hər bir ağac,
Bağ salmağın yüz min aləm möhnəti var.
İnsan əli gülə bənzər, çünki onun,
Bu həyata məhəbbəti, ülfəti var.
Naşükürlər hardan bilsin bağ qədrini,
Nankorların öz xalqına minnəti var.
Mir Əlişir babamızdan qalıb bu söz -
Bağbanın da Nəvaitək niyyəti var...
Hansı elin ki, var bu cür bağbanları,
Həmin xalqın Vətəni, həm milləti var.
Qayıtmadı
Tərsinə axan gur çaylar qayıtdı,
Dağlarda yox olan haray qayıtdı;
Arxamca yol gedən yollar qayıtdı,
Uşaqlıq qayıtmadı. Qayıtmadı.
Saman döyülməmiş, payız çağında,
Saralan tərələr: "Əlvida!" dedi.
Məni alıb gedən köçlər qayıtdı,
Uşaqlıq qayıtmadı. Qayıtmadı.
Bu küçə, bu həyət, bu ev, bu təndir,
Hər gün diksinərək səssiz ağlayır:
On il yoxa çıxan it də qayıtdı,
Uşaqlıq qayıtmadı. Qayıtmadı.
İtirib atdımmı onu çöllərə
ya şiddətlə buraxdımmı şövqlərə?
Hönkürüb çağırsam da hey namələrlə
Uşaqlıq qayıtmadı. Qayıtmadı...
Qaranquşlar qayıtdı. Dayça at oldu,
Yurdun dağı-daşı qəlbdə yad oldu.
Mənim "eh" deməyim xatirat oldu,
Uşaqlıq qayıtmadı. Qayıtmadı...
Bəlalı dünyada
Əllərim budaqtək zar qalan günlər,
Ürək getmişsə də, ar qalan günlər.
Sən getdin, buz oldu sağımla solum,
Bəlalı dünyada bəlalı gülüm.
Sularda sədasız sındılar aylar,
Ovsuntək, sakitcə axdılar çaylar.
Açıb düyünlərini illər və aylar,
Ötdülər. Sən hələ dili düyünlüm,
Bəlalı dünyada bəlalı gülüm.
İncik sənəmlərdən ürəyim bezdi,
Səndən sonra onlar qəlbimi əzdi;
Hündür dabanlarla sinəmdə gəzdi,
Vaxtsız soldurdular, dəliyəm gülüm?
Bəlalı dünyada bəlalı gülüm.
Qaldı açılmamış ümidin bağı,
Əbədi əzabdır sinəmin dağı.
Bağların tüstüsü, zağcanın "qağ"ı,
Mənim fəğanımdır, odumla külüm
Bəlalı dünyada bəlalı gülüm.
Görənlər halımı təqdir, dedilər,
Qismət əzəllərdən həqdir, dedilər.
Saf qəlblər həmişə təkdir, dedilər,
Bu necə sənətdir, bu necə elm?
Bəlalı dünyada bəlalı gülüm.
Şam sənə gecələr qəmlər gətirib,
Mənə dirilikdən xəbər gətirib.
Coşqun baharların yerinə keçib
Yaşayır sinəmdə ən gözəl ölüm,
Bəlalı dünyada bəlalı gülüm.
***
"Ey sarvan" - deyə
bir səda yayılır
Sədi qəzəllərinin səhrasından.
"Ey sarvan..." - deyə
bir səda dolanır qum üzərində...
"Karvan yoxdur" - deyə
Gülür yoxsul.
"Ey sarvan..."
Şəhərlər yanır.
Karvansaralarda tüstü.
Səhralarda hücum çəkir karvanlara
Qasırğa,
Qasırğa,
Qasırğa.
...bunlar nə təpədi, nə barxan,
gömülmüş dəvələrdir,
dəvə qəbirləridi...
Mən doğulanda
mənim anam - bahar çoxdan var idi.
Dünyada artıq var idi ildırımlar -
mənim qardaşlarım olan onlar
tonqallar yandıraraq
dağları dolanırdılar.
O gün nə qədər daş dil açdı,
ola bilər yalnız mənə tanış olan bir dildə.
Üzü qırışlı qayalar göz yaşı axıtdı.
Hansı hərfi ilk dəfə dediyim yadımda deyil.
(Nə vaxtsa bu barədə
qardaşlarım danışarlar)
Mən doğulan gün - nə böyük xoşbəxtlik! -
ağaclardan cəsədlər deyil,
süd cürdəkləri asılmışdı...
***
Sənin gözlərində mən özümü görürəm,
Yumruqlarında yumruğumu.
Sənin çiyinlərin mənim cavan çiyinlərimdir.
Sənin qəzəbində mənim
qəzəbim və ehtirasım...
Əgər sənə tapşırıramsa öz sürümüzü
Deməli, qorxmadan qocalmaq olar!
Al, götür mənim dəyənəyimi, oğul,
Canavarlar yaxşı tanıyır onu!
Götür və unutma ki,
Bu təpələr, bu dağlar sənin vətənindir!
Bu sürü də sənin vətənindir,
Qoru onu.
Canavarlar məni yaxşı tanıyır
Onlarla üzbəüz gələndə
Mən qurd kimi döyüşmüşəm...
Sona qədər itlərə etibar eləmə.
Axı, onlar da yuxulayır hərdən
O zaman sən özün köpəyə çevril -
Mənim balam, heç vaxt
Quzu xislətli olma!
Tərcümə edənlər:
Dövranbəy Taciəliyev,
Günel, Şəhla Qasımova,
Şahməmməd Dağlaroğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!