Pəncərənin o tərəfi
Barmağımla nəfəsimdən buxarlanmış
pəncərə şüşəsində rəsmini cızdım...
Gözlərindən yaş axdı,
Baxışların ağlayırdı...
Pəncərənin o üzündə
sevgili cütlüklər bir-birinin
dodaqlarından təbəssümü əmirdi.
Pəncərənin bu üzündə
sənsizlikdən kədər dodaqlarımı gəmirirdi.
Sən indi pəncərənin o tərəfisən...
Ya yatırsan, ya da
Günəşdən qabaq oyanmısan,
Təkcəsən bu dünyada
Mənim kimi
pəncərənin önündə dayanmısan.
Yatağından hələ də yuxunun qoxusu gəlir,
O qoxuya adamın yuxusu gəlir.
Saçların hələ də səliqəli dağınıqdı,
Duruşun əbədi.
Dodağında gülmək istəyir adam,
Gözlərində görmək istəyir adam,
Qollarında ölmək istəyir adam...
Mən indi pəncərənin bu tərəfinə doğmayam,
o tərəfinə yadam.
Bizi ayıran səbəblər pəncərə şüşəsi naziklikdədi,
pəncərə şüşəsi kövrəklikdədi...
Bizi ayıran səbəblər
nəfəsimizlə buxarlanan pəncərələrdən
görünməyən mənzərələrdi,
Bağlı pəncərələrdi...
Adam pəncərəni açmaq istəyir,
Adam sənsizlikdən qaçmaq istəyir,
Adam daş olub, sındırıb şüşələri
Pəncərədən aşağı uçmaq, uçmaq istəyir.
Öncəgörmə
Kinoteatrda “Hatiko” filmini izləyən qadın
ayağa durub, üzünü tamaşaçılara tutub:
Sədaqətli olmaq üçün, bir az it olun, insanlar, - deyib
gözləri yaşlı tərk etdiyi kişinin yanına getdi.
Mən orda deyildim, bilirəm bunu.
Kəsilmiş ağacdakı yuvanın içindən
quş balalarını götürən kişi
üzünü ağacı kəsənlərə tutub:
Faydalı olmaq üçün bir az ağac olun, insanlar, - deyib,
gözləri yaşlı ovcunu balalara yuva etdi.
Mən orda deyildim, bilirəm bunu.
Metronun çıxışında
pilləkanda oturub dilənən qocanın
qarşısındakı konserv qutusunu boş görən uşaq
üzünü sərnişinlərə tutub:
Adam olmaq üçün bir az uşaq olun, insanlar, - deyib
əlindəki oyuncağını qocaya verdi.
Mən orda deyildim, bilirəm bunu.
Sən indi bu şeri oxuyub
uşaqlığını,
həyətinizdəki üstünə dırmaşdığın ağacı,
o ağacın kölgəsində yatan itinizi xatırlayırsan
və gözləri yaşlı deyirsən:
Yaşamaq üçün bir az xatirə olun, insanlar.
Mən orda deyiləm, bilirəm bunu.
Divar adam
Bu divarlar necə də sənə oxşayır,
ey şəkildəki adam...
baxışların kimi soyuqdur.
mən sənə doğmayam, onlara yadam,
ey şəkildəki adam...
Onlar bilmirlər,
bilmirlər ki, divarlardan asılan şəkillərin
gözləri ilə görər divarlar,
qulaqları ilə eşidər,
ağızları ilə susar.
Özləri də bilmədən divar olar hamı -
divardan şəkil asar...
Onlar bilmirlər,
bilmirlər ki, divarlar günahları gizlətmir,
gizlətmir yalanları,
gizlətmir xəyanətləri,
gizlin çəkilən ahları gizlətmir...
Ey şəkildəki adam,
mən sənə doğmayam onlara yadam.
Bizi divar ayırmır,
bizi divar birləşdirir qonşu otaqlarla,
bizi divar birləşdirir özgə yataqlarla
onlar bunu bilmirlər.
Bilmirlər ki,
divarların o üzündən gələn səslər
bu üzündən gedən səslərin əkssədasıdı.
Bilmirlər ki, divarlar
evlərin nidasıdı.
Onlar bilmirlər
bəzən adam divar olmaq üçün qollarını açar...
Ey şəkildəki adam,
divarlar zəlzələdən yox,
hasar olmaq qorxusundan uçar.
Bu divarlar necə də sənə oxşayır,
ey şəkildəki adam
baxışların kimi soyuqdu,
çat-çatdı, oyuq-oyuqdu...
mən sənə doğmayam, onlara yadam.
Mezozoy erasında yadplanetli
Mən həqiqi uçan boşqabları
insanlar bir-birinə atanda gördüm.
Onda mən yadplanetli idim
insanların dünyasında.
Danışmağın nə mənası var axı
Onsuz da toylarda eyni mahnılara oynanılacaq,
eyni yeməklər yeyiləcək.
Eyni dualar oxunacaq yas mərasimlərində,
eyni sözlər deyiləcək.
Qınamayın məni...
Bilirsiniz, mən həqiqi gözyaşını
heyvanların gözündə gördüm,
Həqiqi ağrını heyvanların üzündə gördüm.
Məsələn, avtoqəzada ayaqları qırılmış at ağrıyırdı,
Balaları uzağa azıdılmış it ağlayırdı...
Başı kəsilmək üçün yıxılan heyvanın gözlərindəki qorxu,
Başı kəsilmiş toyuğun çabalamasındakı acizlik,
Torbaya salınıb suya atılan pişiyin
suyun üzərinə çıxan qabarcıqlardakı son nəfəsi,
Bir də dəvələrin ayaqüstə kəsilməsi...
Danışmağın nə mənası var axı
Onsuz da qardaşını öldürəcək Qabil,
Öləcək insanların yerinə eyni insanlar doğulacaq,
Bir gün bütün bu eyniliklərdən bezib
Onsuz da dünya öz-özünə dağılacaq.
Mən həqiqi dinozavrları
insanlar bir-birini yeyəndə gördüm.
Onda mən mezozoy erasında yaşayırdım -
İnsanların dünyasında.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!