Görmədin, sevmədin ayrılıqları... - Faiq Balabəylinin yeni şeirləri

 

Sən axı bilmədin tənhalıq nədir

yaşadın səhrada su tapan kimi,-

sevincin bürüdü bütün aləmi,

itirib özünü xəlvətdə bir gün

qarşına çıxmadın özün özünün...

 

Sən axı bilmədin tənhalıq nədir

dözüb küləklərə ağ yelkən kimi

sinənə çəkmədin acı rüzgarı

sıxıb bir-birinə dodaqlarını

adını demədin özün özünün.

 

Sən axı bilmədin tənhalıq nədir

yanında dostların tapılmadı heç

sənə ünvanlanan sevinc payların

əldən-ələ düşüb qapılmadı heç

payını yemədin özün özünün..

 

Sən axı bilmədin tənhalıq nədir

görmədin, sevmədin ayrılıqları...

***

Sən nə şəkil çəkdin

tozlu kənd yoluna

çirkli barmaqlarınla,

nə də çəkilən şəkli pozdun

tozlu ayaqlarınla...

Sən boy atdın,

böyümədin

dizlərini qatladın,

dizlərini döymədin

əyildiyinə görə...

Hislərinə yas tutmadın

içində boğulub

öldiyünə görə...

Yoruldun

dostların çoxluğundan.

Yox oldun,

yoxluğundan

xəbər tutmadılar

sən hələ də yaddaşlardasan

səni hələ də unutmadılar...

***

 

Bu qədər gecikmək

olmazdı axı

 

Bu qədər gecikmək olmazdı axı

Bu qədər yol gəlmək sevincə doğru

Bu qədər ləngimək.

Əzab verəcək

əllərdə bir əlin təması, inan

başının üstündə dövrə vuracaq,

nə çən çəkiləcək, nə də ki duman…

Sən şirin yuxular həsrətindəsən

Bir nağıl ömür var, sonunda işıq

Hələ yuxulardan dad çəkəcəksən

Hələ yuxuların qarmaqarışıq.

 

Nə qədər çoxalıb alma dərənlər

Qılıncı qındadır Məlikməmmədin.

Sənin varlığığından ürəklənənlər

Bağrını yaracaq qara zülmətin.

Sənli xatirələr xoş sabah kimi

Üzümə-gözümə sərin meh vurar.

Gözlərim görəndən tutubdur səni,

əllərim bəs haçan əlindən tutar?

Elə inciyirsən, elə küsürsən

Elə gözlərindi səni aldadan.

Körpə uşaq kimi dodaq büzürsən,

Bəlkə nigaransan sən həyatından?

Bəlkə də… amma ki çox gecikmisən,

Mən də tələsmişəm deyəsən bir az.

Payız ömrümüzdən sarı yel əsib,

Bahar ömrümüzə qaytarar bu yaz.

 

Görmüsən

 

Başqa nə ola bilər axı

Elə, düz görmüsən,

sən gördüyündü.

Elə körpəlikdən qəm içindəyəm-

anamın laylası gözü yaşlıydı

görmürsən, büsbütün nəm içindəyəm?

Başqa nə ola bilər axı,

mən Tanrı sevgisinə sığınammadım.

Mənim sevdiklərim sevmir ki, məni-

əlindən tutmağa kimsəm qalmayıb,

əlimdən tutanlar gör nə qədərdi.

Başqa, ürəyinə heç nə gəlməsin,

mən bu məmləkətin qara daşıyam.

Doğma bildiklərim məndən küsməsin,

bir isti ocaq yox küncdə-bucaqda

yansın korun-korun məni isitsin-

mən acı rüzgarla qarşı-qarşıyam.

Nəfəsi bəsimdi balalarımın,

adı üstümdədir qardaşlarımın,

adını dilimim ucunda gördüm

məni tanımayan doğmalarımın.

Tüprsəm, adları sürüşüb düşər

dilimin ucundan ayağım alta,

özləri yanımdan uzaqlaşarlar

bu qədər yaxında olan tanışlar

təzə doğmalarla qucaqlaşarlar.

Elə sən deyəndi, sən gördüyündü,

içirəm dərdimi şərab əvəzi

dizimi əlimlə qucaqlayıram,

yoxdur ürəyimin başqa həvəsi.

İçmək istəyirəm sabaha kimi,

anamın gözünün yaşını hər gün

ixtiyar yaşında əli qoynunda

dayanıb qardaşdan, bacıdan küskün-

yolumu gözləyir, əli qoynunda.

Əlinin qabarı bax, ürəyimin

damarı kimidir, qarmaqarışıq,

mən uşaq vaxtından istiqanlıyam

qəmlə anlaşırıq, doğmalaşırıq-

dərd mənə doğmadı qəm içindəyəm,

anamın laylası məni ağladıb,

görmürsən büsbütün nəm içindəyəm?!

 

***

 

Yenə sinəm ağrıyır, yenə sızlayır içim

ağrılar düyün-düyün, ağrılar biçim-biçim

ömrü yarı etmişəm, geri qayıtmaq olmaz,

qarşıda təpəlik var, gərək fırlanım keçim.

Ətrafda qumlu sahil, xırda qayalıq da var,

qayalıqdan aşağı, dalağaların qoynunda

gövdəsi yosun tutan köhnə bir qayıq da var, -

üzü çopur qayalar ləpələrin yalağı-

qumluqda daşa dönüb neçə balıq qulağı...

           

Dənizdən əsən külək günəşi doğurub da

dalğaların ovcunda gətirəcək sabahı,

günəş batana qədər, sular qırçına dönüb

yuyacaq bu vaxtadək elədiyim günahı...

Sahildən çox uzaqda lövbərindən asılıb

qara tüstü buraxır, ağ gövdəli bir gəmi

elə bil yas saxlayır ölən dənizçilərə,-

neçə qızın, gəlinin, beli sınmış atanın

göz yaşları tökülüb, qarışıb ləpələrə...

 

Deyəsən tək qalmışam köhnə taxta körpüdə,

dünən gedən gəmilər görünməyir hələ də

xırda, qırçın ləpələr necə çəkir adamı

ürəklər sızıldayır, gözlərdənsə su damır...

səfil bir qoca gəlir, əlində çirkli zənbil

zənbilin içi dolu, hamısı da zir-zibil...

 

Qoca baxır üzümə, çürük dişləri ilə

dilini tutub sıxıb, amma əlləri ilə

nəsə demək istəyir,

başa düşmürəm, bəlkə

məndən yemək istəyir,

axı nəyim var verim?

daha papirosla da qurtarmışam haçandır

xoşbəxtlik  o vaxtdan məndən küsüb qaçandı...

 

Qayıtmaq istəmirəm, oturub daşın üstə

ayağımı yalayan sulara baxa-baxa

günü başa vururam, gecə tutur əlimdən,

aparır arxasıyca məni üzü sabaha....

 

Uzaqdan gəlir yenə gəmilərin fit səsi,

qəfil gələn bu səsə tutulmur ki,  nəfəsim.

Yenə  çırpınır sinəm, yenə sızlayır içim

ağrılar düyün-düyün, ağrılar biçim-biçim...

qarşıda düyün dolu təpələrin yanından

gərək fırlanım keçim...

 

Məni özün ağla

 

Daha yığış gəl, mən də köçürəm

oğlumun, dostumun, qonum-qonşunun

çiyninə qonmuşam, kəndə köçürəm,

gəl, başına bir qara örpək salıb, gəl,

gəl, məni sənin kimi heç kəs ağlamaz...

 

Anama yazığım gəlir,

dözmək çətindir,

nə namərd oğulam,

 xoş gün vermədim

o yazıq arvada.

Əli ürəyinin üstündə dustaq

elə gözlərinə yaş gətirdim, yaş

əlini göy üzü saxlayammadı.

Dostların, oğulun çiyinlərində

kəndə getməyimlə, yazıq arvadın

tanrıdan başına daş gətirdim, daş

o öz gününə, dərdli qəlbinə

ağlayıb, balasının kəfin-dəfnini

gözünün yaşında qusul edəcək...

sən isə dayanma, gəl məni ağla...

 

Qızımın "ay ata" deyib susması,

buludun gözünü qırpmağı kimi...

sel-su aparacaq kəndin yolunu

torpaq qurbanını canına alar

sevinər  xəzinə tapması kimi

ağı söyləyəcək kənd arvadları -

amma heç kəs məni sən tək ağlamaz

 

Sinəmə çox düyün, çox dağ sıxılıb

yarası qan verən şəhid kimiyəm

hamının barmağı ağzında kilid

gecikmiş nəsihət, öyüd kimiyəm

gəl məni bir ağız tək özün ağla...

 

Səni göylər üçün

doğubdur anan

 

Ürəyim sıxılır, sən ki, görürsən

imkan tap get ordan, görmə ağrımı..

ya da ki, qanad aç, pırr elə uç get,

gözə də görünmə, qon buludlara, -

Səni göylər üçün doğubdur anan.

 

Sifəti şaxtadan qarsımış, donmuş

əlləri qoynunda tilsimə düşmüş

qocanın, ahılın,- yəni yaşlının

cavanın, çevikin, xoş baxışlının

gözünün toruna düşüb qalma heç

qanad aç göylərə, mələk misallım,

Səni göylər üçün doğubdur anan...

 

Oxuna bilinmir alnımda yazı

hansı əlifbadır, nə yazılıb, nə?

Havadan asılı qalmaz sözlərim

yağış damlası tək tökülər yerə...

Sənisə buludlar ovcuna alar,

başımın üstündə dövrə vurub get,

səni göylər üçün doğubdur anan...

 

İncimə, demə ki, sildi qəlbindən

yalandır, yamandır səni unutmaq

mənim ürəyimin ağrılarından

sənə don biçilməz, ay mələk adam

Səninlə göylərə yanaşı uçmaq

mənim taleyimə heç yazılmayıb

mən yerin oğluyam, torpaqdır yerim,

səni göylər üçün doğubdur anan..

 

Arada

 

Arada

kəndimizin

üstündən uçan buluda

oturmaq istəyirəm,

 istəyirəm

ayaqlarımı sallayam aşağı

və yelləyəm,

gözlərim kəndimizin

tozlu yollarında doğmalarımı gəzə...

 

Arada

könlümdən ağrı dolu ayrılıqları

yenidən yaşamaq keçir,

baxmaq istəyirəm

itirdiklərimin əzabına necə dözməyimə,

ürəyi qubarlı,

dodağı papiroslu,

üzü tüklü gəzməyimə,

baxım görüm

necə görünürdüm, görəsən?

 

Arada

sevincli anlarımı sapanda qoyub

atmaq istəyirəm kəndimizə tərəf

istəyirəm anamın nəvələri -

qardaşlarımın, bacımın balaları

atdığım bir sapand sevincin

havasına qol qaldırsınlar...

 

Arada

istəyirəm

ayrılığın nədən baş verdiyini

necə yaşandığını,

heç bildinmi,

mənim balam, -

deyənim olsun.

İstəyirəm ki, kəndimizin üstü ilə

uçan buludun üstündə oturum,

ayaqlarımı təndirə sallamış kimi

aşağı salıb yelləyəm - qızınam

xırtdanaq kimi qopam təndirin divarından.

Sonra da yağış damlası kimi

çırpam özümü

ayrlılqların baş verdiyi kənd yollarına.

 

Bu günü yaşamadım

 

Səhəri açdım...

Yata bilmədim ki.

Aranı dağa, dağı arana da

 "daşımadım".

Bu günü silirəm təqvimdən

Bu günü boşa verdim,

yaşamadım...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!