Bu dağa bələdəm...
Nənnidən, beşikdən bələdəm ona,
O, mənə məhrəmdir, aşiyan dağdır.
Tutub, iməkləyib qalxmışam ona,
O, məni çiynində daşıyan dağdır.
Ana laylalarım, bayatılarım
Bu dağda qaynayan bulaqdan gəlir.
Bu dağın taleyi, həyatı - varım,
Mənə nə gəlirsə, bu dağdan gəlir.
Bu dağ qocaldıqca hörməti artır,
Başını ağardıb haçandı bu dağ.
Yada arxasını çeirib yatır,
Mənə yuxusunu açandı bu dağ.
Baxın, bu dağ hara, o dağlar hara?
Yolağı, bulağı, çeşməsi ayrı.
Bu dağ bənzəmir ki qonşu dağlara,
Naxışı, ilməsi, çeşnisi ayrı.
O duman deyil ki, burulur, axır,
Başında bilinməz fikri var dağın.
Dağın çəkdiyi də dağ kimi ağır,
Mənim də dərdimi dağ çəkir, baxın...
Bu dağın köksündə ürək döyünür,
Bu dağın sinəsi qalxıb-enir ki...
Bu dağa sığınan quş da öyünür,
Adamın ürəyi dağa dönür ki...
Yerində qurcanır dağ elə bil ki...
Bu dağ öz içində yaşayan dağdır,
Bu dağa bələdəm, bu dağ deyil ki...
Əlini çiynimə qoyub, ay Allah,
Bu mənim dədəmə oxşayan dağdır...
Qalx ayağa...
İldırımlar başım üstdə çaxmada,
Hasil nədir bu vurmada, çıxmada?
Şirin gəlir sığındığın daxmada
Dağ nəfəsi, dağ havası, dağ yeri.
Ömür yolu - gözlə qaşın arası,
Ara - ümman, ara - dərya, ara - su.
Sağalmadı əlli ilin yarası,
Hələ göynər sinəmdəki ox yeri.
Külə döndü ocaqların, közlərin,
Yerin qaldı sırasında düzlərin,
Ağasəfa, titrəməsin dizlərin,
Haq çağırır, qalx ayağa, şax yeri!
Ölüm qoxusu
Gül qoxuluydu dünya...
İndi hər bucağından
Ölüm qoxusu gəlir.
Tərs fələyin oxundan,
Çaxçaxından, çarxından
Ölüm qoxusu gəlir.
Şairlər can üstündə,
Oxuduğum
Şeirlərin çoxundan
Ölüm qoxusu gəlir.
Yaxından...
Lap yaxından
Ölüm qoxusu gəlir...
Pilləkənlər
İnsanlar olan yerdə,
Bütün zəmanələrdə
Yuxarı pilləkən var,
Aşağı pilləkən var.
Əgər əlindən tutub,
Yuxarıya çəkən var,
Onda keyfin kök olur.
Aşağıda qalanda
Yuxarı pilləkənlər
Çiynin üstə yük olur...
Yazağzı... Doqqaz ağzı...
Günəş boylandı bu gün,
Bizim kəndə də baxdı.
Təkəmseyrək buludlar
İşıq selində axdı.
Üzüm Günə tərəfdir,
Günəbaxan günümdür.
Doqqazdan, qocalıqdan
Əlimi günlük edib
Günə baxan günümdür.
Getdi duman, itdi çən...
Şəfəq yolu uzanır
Günəşdən eviməcən,
Evimdən Günəşədək...
Daha qışdan çıxmışam,
Qarımı çırpsam, yəqin.
Ürəyim köynək altdan
Boylanar bənövşətək...
Yazağzı...
Doqqaz ağzı...
Ürəyim bənövşətək...
Həmişə... həmişə tək...
Köhnə havalar üstündə
Ürəyim kövrəlir hərdən,
Ayağım üzülür yerdən,
Qalxıram... Uçuram birdən
Köhnə havalar üstündə.
Budaq qalxır... budaq enir...
Musiqidir bu səs, hənir...
Budaqda quşlar yellənir
Köhnə havalar üstündə.
Dərədə duman yeriyir,
Sanasan daşlar əriyir.
Dağları həsrət bürüyür
Köhnə havalar üstündə.
Nənnidən dil açdım, gəldim,
Dünyanı dolaşdım, gəldim,
Fələklə dalaşdım, gəldim
Köhnə havalar üstündə...
Qəm çəkməyə...
Bir daxma misallıdır bu dünya,
Girdin içəri:
Salam-əleyküm!
Əhvallıdır, hallıdır bu dünya,
Kim quldur ona, kim isə hakim.
Hər kimsəni aldadır bu dünya,
Hamı sevinir, gülür...
Və lakin
"Qəm çəkməyə bir hərif yoxdur."
Göydən baxan Allahınkı Sözdür,
Söz aləm üçün yazıldı başda.
Yanmış qurular ocaqda közdür,
Yandıqca salır fısıltı yaş da.
Bu qəm ki var a...
O üz-bu üzdür,
Ah sinədədir, sızıltı başda,
"Qəm çəkməyə bir hərif yoxdur."
Qəmsiz bir ömür ömür sayılmaz,
Qəm rişəsidir cahanda canın.
Bir yanda həyat şirin, doyulmaz,
Bir yanda məzar açır dəhanın.
Nadanları topla da ayılmaz,
Arifləri hardadır cahanın?
"Qəm çəkməyə bir hərif yoxdur."
Əvvəlki tamı qaçıb meyin də,
Gündür uzanır saat-saat hey...
Şeytan torunu əyirməyində,
Hər yerdə yalan açır qanad hey...
Hər kəs baş alıb yüyürməyində,
Ulduz sanıdır bu məxluqat...
Heyf,
"Qəm çəkməyə bir hərif yoxdur."
Kimlər ki salır bu qeylü-qalı,
Bil, Ağasəfa, kamalı yoxdu.
Yəqin Yaradan görür bu halı,
Söylənmə, otur, işin tarazdı.
Qəm pəncərəmə düşüb xəyalı,
Qəm dəftərimə Füzuli yazdı:
"Qəm çəkməyə bir hərif yoxdur..."
***
Yer yük olur, göy yük olur,
Xəyalları yüyrük olur,
Ürəkləri böyük olur
Balaca adamların.
Gecə alnı düyünlü,
Qulağı səsli-ünlü...
Günəş doğur ki, könlü
Gül aça adamların.
Böyüklərdə şəst-qürur...
Kiçiklər tikir, qurur...
Dünya çiynində durur
Beləcə... adamların...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!