Sevmək... - Elnur Uğur ABDİYEV - ŞEİRLƏR

 

Yaşama devizim

Hansı gün anam gülürsə ürəkdən,

o gün ən güclü şeirimi yazıram mən.

Hansı gün atam sevincdən açırsa qollarını,

o gün körpə gülüşlü,

cənnət qoxulu misralarla gecələyirəm.

Hansı gün ailə üçbucağımda,

sevgi ilə bir bucaq da yarada bilirəm,

şeirimə təzə ad verirəm- əbədiyyət.

Hansı gün çevrəmdə sevgi ilə çevrələnirəm,

yaşadığımı dərk edirəm, həyat!!!

 

Sevmək

Sevmək, özü də dəlicəsinə sevmək,

birinə bağlanmaqdır.

Kiməsə bağlanmaq,

özündən açılmaqdır.

Ən gözəl intihar,

yaşamaqdır.

Hər gün yarın duru gözlərindən asılmaq,

bir az da böyüməkdir içində.

İnsanlar kiçildiyində,

böyüyürlər, əzizim.

Sevginin bir adı da kiçilməkdir elə.

Yaşamağa dəyər

Hər gün səhəri gülərək açmaq,

vaxtın intiharıdır.

Sənin nəzərlərində böyümək,

kiçikliyi özündən asmaqdır.

Ölümü öldürmək yaşamaqdır.

Ölümü öldürməyə nə top mərmisinin,

nə qumbara qəlpəsinin gücü çatar.

Ölümü öldürməyə bir göz qırpımı sevgi,

bir ümid elçiliyi edər.

Hər gün gecələr səni yadıma salırsa xatirələr,

Yaşamağa dəyər!!!

 

Daşınma

Bilirsən də,

adam vurulduğu gündən,

qəlpə-qəlpə tökülür içindən.

Bilərsən də,

adam vurulduğu gündən,

bölünür əslində.

Hər bölünən qismində,

iki cismi daşıyır bir ruh.

Payız fəsli,

ayrılığın rəsmi.

Yaz sevgi boyalarıyla zəngin.

Bilərsən də,

Sükut ismin adlıq halında daha dəhşətdir,

Vurularaq bölünə bilməmək,

Partlayan qumbaranın,

özünü çilikləmək

həsrətindən başqa nə ki?

İçindəki,

hər qırıntı qəlpə,

səni daşımırsa qəlbə,

Nə payız tənhalıqdır,

nə yaz bir sevdalıq.

Sən özün qışsan...

 

Şükür

Bir otaqlıq səadət bəsimdir,

eşikdə həsrət ulasın nəyimə gərək.

Hər gün ümidləri tikələyərək,

nahar etməyim, yetər.

Şükür, Tanrım!

Verən əllərin genişdir.

Sənəcən qaldırmısan diləklərimi,

bilmirəm yanına bu neçənci enişdir.

Kimsəni bir otaqlıq sevdasına

həsrət eləmə, nə olar?

Onda insan vaxtsız solar.

Sən

adilsən.

Ədalətinə sığınmaq,

özündə qaçqın ömrü yaşamaq,

o qədər gözəldir ki, Tanrım!

Yurdundan qaçqın düşənlərə baxıb ağladım.

Mən də öz evimdə qaçqın ömrü yaşayıram.

Hər gün sənə qədər,

özümdə neçə mən sayıram.

Bölünürəm,

bölündükcə içimdə bir otaq açılır.

Hamısının divarlarında

rəsmin asılı.

Başımın üstü sən,

altı sən.

Nə istəyirəm?

Heç nə,

Neçə otağım varsa,

fikir ortağım sənsən.

Zatən

səndən

sənəcən

xoşbəxtəm, şükür!

Dərk

Elə zənn edirik,

yollardır bizi aparan.

Əslində ayaqlarımızdan keçir

yolların döngəsi.

Başımızdan başlayır, uzanır.

Ömrün təzadı,

çox , özü də çox bəsitdi.

Hər gün üzü yuxarı oxunan misralarda,

neçə - neçə şeir endirir

körpə gülüşlü, gözəl işvəli,

Tanrım.

Səni görmədən tanıdım.

Hər gün həyatı sıfırdan başlamaq,

Günəşi qucaq dolu öpmək vərdişimsən,

hər gün öz aynamda,

özünə sualla enən mən,

sən kimsən?

Bu suala cavab tapa bilirəmsə,

sahibsiz məzarlar beşiyində,

demək, yaşayıram əslində.

Və mənə fərq eləmir,

bu yollar hardan başlayır,

bitəcəyi yeri bilmirəmsə...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!