Bahar ovqatı
Günəş güldü, şaxta bitdi nəhayət,
Ana torpaq uyumaqdan yoruldu.
Başa vurdu qış yuxusun təbiət,
Sellər axdı, çaylar daşdı duruldu.
Boş qalmışdı yol gözləyən yuvalar,
Qaranquşlar eyvanlara doluşdu.
Bayramlığa çıxdı yenə obalar,
Sevgililər bulaq üstdə görüşdü.
Çərşənbələr sayalandı, seçildi,
Xatirələr çözələndi od üstə.
Sevgilərə necə andlar içildi?
Nişanlandı qızlar təmiz ad üstdə.
Tozlu yollar çaparların yüyürtdü,
Atlarının yer görmədi quyruğu.
Vətən üçün nə oğullar böyütdü,
Anaların layla dilli yüyrüyü?
Günəş doğdu, eşqə güldü hər könül,
Dua ilə dindi dillər, dodaqlar.
Qanımıza şirə qatdı elə bil,
Saf suyundan içdiyimiz bulaqlar.
...Çiçəyi
Dəlib tumurcuğun nazlandı yenə,
Şaftalı çiçəyi, ərik çiçəyi,
Sübhün tər şehiylə tozlandı yenə,
Şaftalı çiçəyi, ərik çiçəyi.
Ana təbiətin qızına döndü,
Bir bahar şerinin sözünə döndü,
Döndü, bu mövsümün yazına döndü,
Şaftalı çiçəyi, ərik çiçəyi.
Həsrətim bir quşa döndərdi məni,
Yenə də o bağa göndərdi məni.
Dilim bağlananda dindirdi məni,
Şaftalı çiçəyi, ərik çiçəyi.
Bir məlhəm istədi yar köynəyindən,-
Qurtuldu bu qışın qar köynəyindən.
Açdı yaxasını dar köynəyindən,
Şaftalı çiçəyi, ərik çiçəyi.
Qaranquş yuvası,
bənövşə ətri
Yaman soyuq keçdi bu ilin qışı,
Don vurdu ağacı, buz tutdu daşı.
İsinə bilmədi bir mənzilbaşı,
Qaranquş yuvası, bənövşə ətri.
Yaza ümid etdi, yaz gecikirdi,
Gah qar ələyirdi, gah sel tökürdü.
Gözləyə-gözləyə həsrət çəkirdi,
Qaranquş yuvası, bənövşə ətri.
Bir ümid doğurdu günəş hər səhər,
Keçinib gedirdi axşam birtəhər.
Boylanıb qalırdı içində qəhər,
Qaranquş yuvası, bənövşə ətri.
Yuva boş qalmışdı, gül darıxırdı,
Bu bahar hələ də gendən baxırdı.
Bir sevda eşqinə seyrə çıxırdı,
Qaranquş yuvası, bənövşə ətri.
Yandı, arzuların günəşi yandı,
Yuva ətirləndi, gül yuvalandı.
Nəğməyə kökləndi, sözlərdə dindi,
Qaranquş yuvası, bənövşə ətri.
Yağış
Yudu budaqlarda boş yuvaların
Palçığını yağış, otunu yağış.
Yağdı, yağdıqca da çəkdi torpağa
Sevginin ətrini, dadını yağış.
Gülləri oxşadı çölün düzündə,
Bərəkət gətirdi sanki özündə.
Buludlar toqquşdu göyün üzündə,
Çapdı yamaclarda atını yağış.
Titrədi min illik körpülər belə,
Selləri, çayları gətirdi dilə.
Dağların köksünə ildırım ilə,
Tökdü alovunu, odunu yağış.
Küçələr tər-təmiz, yollar tər-təmiz,
Sular tək duruldu saf hisslərimiz.
Öpdü tellərimdən ayrılanda biz,
Yazdı ürəyimə adını yağış.
Allah qorusun
Gəldim, Allah qorusun,
Gedişi nəhs dünyanın.
Haqq yolunu götürdüm,
Zülmünə bəhs dünyanın.
Kim dedi şahdır zaman?
Əzabın çəkdim, aman!
Məhəbbəti lal kaman,
Eşqi qəfəs dünyanın.
Büdrəmədi ayağım,
Vicdan oldu dayağım.
Tutulacaq qulağım,
Səsini kəs dünyanın.
Kələfləri dolaşdı,
Çirkablara bulaşdı.
Haya, küyə ulaşdı,
Götürdü səs dünyanı.
Kimləri can çürütdü,
Kimləri kama yetdi.
Aldı başına getdi
Hədər-həvəs dünyanı.
Qalmadı
Dünyanı saldı əldən-
Tamah, adam qalmadı.
Tək-tək qırdı nəfs adlı-
Silah, adam qalmadı.
Nə eylədin söz oldu,
Zülüm çəkən göz oldu.
Guya hamı düz oldu,
"Günah adam" qalmadı.
Lap olsa da təpərim,
Yol üstdədir çaparım.
Söylə, kimə aparım?
Pənah, adam qalmadı.
Dünya sirli tamaşa,
İnanmır gözdə yaşa.
Dərd bir-bir çəkdi şişə,
Allah, adam qalmadı.
Dünyanı
Yenə bir əlim Tanrıda,
Yenə bir əlim dünyanın.
Harası həyatdı görən,
Harası ölüm, dünyanın?
Nə fırlanır dönə-dönə,
Bəlkə gəlib haqqa, dinə?
Namaz üstdə durub yenə,
Bir rükət qılım dünyanı.
Tanrı səbir verib, səbir,
Marş ruhunda çalmır təbil.
Bütün dərdi-səri ilə bir,
Qoynuma alım dünyanı.
Gözlərimdən düşüb yenə,
Yalvarır israrla mənə.
Qoy qaytarım öz yerinə,
Gözümə salım dünyanı.
Rahat ölüm
Muncuqlasın alnımda
Tər mənim, rahat ölüm.
Öldürməsin şərəfsiz
Şər məni, rahat ölüm.
Yol sirdaşdır gedənə,
Yol üstdəyəm mən yenə.
Yaylıq eylə, sinənə
Sər məni, rahat ölüm.
Bu həyatda nə gördüm?
Dərd əkdim, dərd becərdim.
Bir gül idim, cücərdim,
Dər məni, rahat ölüm.
Eh, nə deyim mən sənə?
Dost da dönür düşmənə.
Qaytar özümü mənə,
Ver "məni", rahat ölüm.
Zaman buna neyləsin?
Qəm taxtımı əyləsin.
Özünə yar eyləsin
Yer məni, rahat ölüm.
Silin o xəyalı
Sanki alıb gedib bütün gücümü,
Nə heyim qalıbdı, nə də taqətim.
Silin o xəyalı, yumum gözümü,
Çəkin bu gecəni üstümə, yatım.
Bir para ömrüm var, qəsd edir fələk,
Gözümdən gözünü çıxarın, getsin.
O məni onsuz da eşitməyəcək,
Bir də siz yalvarıb-yaxarın, getsin.
Qara daşa dönüb ürəyin dərdi,
Sındıra bilmirəm, çapa bilmirəm.
Asılıb qalıbdı, kirpiyimdədi,
Onu gözlərimdən çırpa bilmirəm.
Sanki alıb gedib bütün gücümü,
Nə heyim qalıbdı, nə də taqətim.
Silin o xəyalı, yumum gözümü,
Çəkin bu gecəni üstümə, yatım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!