Sən mənə elə bir ümid ver ki... - Tahir TAİSOĞLU - ŞEİRLƏR

Sən mənə elə bir

ümid ver ki...

Sən mənə elə bir zirvə göstər -

Deyim ətəyində bitən

hansı çəmənliyin çiçəyidir.

 

Sən mənə elə bir çiçək göstər -

Deyim onun yanından uçan, keçən

hansı tərəflərin kəpənəyidir.

 

Sən mənə elə bir kəpənək göstər -

Deyim qanadlarındakı

hansı laləliyin tozudur.

 

Sən mənə elə bir bulaq göstər -

Deyim onun aynasındakı

hansı qızın çöhrəsidir, üzüdür.

 

Sən mənə elə bir ümid ver ki...

Bilim hansı buludun

yağışından su içir.

 

Sən mənə elə bir bulud göstər -

Deyim ki, hər gün

hansı çayın-sərhəddin

nisgilindən keçir.

 

Həyətimizə elə bir vergi ver ki...

Gecələr ərşə bülənəndə 

Yağışların kədərli səsi -

Səhər yusun onu güllərin ətri, rahiyəsi.

Sən mənə elə bir sevgi ver ki...

Sinnimin bu çağında -

Təzədən cavanlaşım

Şeirlərimin qabağında.

 

Vətən torpağı

Keçilməzdi,

müqəddəsdi tütyə kimi...

Saf sulu çayları axa-axa,

Həyat dolu yolları

uzana-uzana,

birləşdirir kəndləri, şəhərləri -

Birliyə çağırır hamımızı!

Əkin yerləri çörək yetişdirir,

Ağaclar bitirir.

Küləyi, mehi qəlbimizə

rahatlıq, həyat gətirir.

Bulaqlarının başında əsən nanə yarpağı deyil,

hərəsi bir insanın ürəyidir.

Vətən torpağını qoruyan, yaşadan

insanlar onun dayağıdır, dirəyidir.

Həyalı buludları zirvələrin örpəyidir.

Elə-belə torpaq deyil

Vətən torpağı -

Mənəvi, dini dəyərlərimizin

əbədi yuvasıdır,

həm də örtüyüdür -

Vətən torpağı...

 

Sən ağ örpəkli cavanəzən...

Çiçəklərin ziyəsinə qarışır

dağ çayının şır-şır səsi.

Bu axının köçündə -

Daşlar papaqlı göbələklər kimi

Görünür saf suların içində.

Sən bir gözəl cavanəzən -

ağ örpəkli...

Təbiətin xoş çağında

elə bil qarışmısan bu mənzərəyə.

Ləçəklərin, suların titrəyişində

əksin bərq vurur dən-dən...

Nə olsun ki,

Sovulmuş gəncliyin

xəzəlli gövşənlik kimi

uzanıb gedir -

hamının gözünün qabağında.

Yenə də sakit yaşaya bilmirsən

Çağırıram, gəlmirsən,

Çünki yolundakı o çinar -

İşarət barmağı kimi

Sənə uzaq bir biyabanlığı göstərir.

Mənim yox,

Onun sözünə baxırsan.

Yuxuların - bulanlıq göy üzü kimi...

Xatirə dolu siyah buludlara

gah batırsan,

gah çıxırsan...

Neçə illər əvvəlki

bahar suları axmır,

bahar çiçəklərinin məsum baxışları

tez-tez üzünə çıxmır.

Xəzəlli, çiskinli bir payız

Gəzir aramızda -

Yoxsa eşidərdin səsimi,

Tanıyardın üzümü.

Qurumuş... yaşıl ağac

 

Bir ağac gördük -

Qədd-qamətli.

Ləbbadəsi başdan-başa uca, dik.

Ayağından başınacan

Həmişəyaşıl sarmaşıq bürümüşdü onu -

ayırmaq da olmurdu heç

öz rəngini, növünü.

Yaxınlaşıb gördüm ki...

Qurumuş, ölmüş ağacdı!

Amma yaşıllıq içindəydi -

Başdan-başa, sərasər.

Gendən baxanlar ona

həsəd çəkirdilər:

- Həmişə yamyaşıldır bəxtəvər!

Onun içindən heç kimin yox idi xəbəri -

Nakam, şəhid oğul basdırmış ana kimiydi.

Özü çoxdan ölmüşdü,

Qalan quru nəfəsi idi.

Ayaq üstə idi həmişə.

Ruhu gəzirdi, dolanırdı

yarpaq açmırdı,

xəzəl tökmürdü,

danışmırdı, dinmirdi,

Dünya ona yuxu idi.

Bayırdan teyxa yaşıllıq işində idi

yay, qış -

İçindən heç kimin xəbəri yox idi.

Su

Hər şey dövr eləyir dünyada -

aylar, illər, fəsillər

insanlar, nəsillər...

Alimlərin qənaəti budur:

Dünya yaranışından hələ

Təmiz su gəlməyib yer üzünə!

Təmiz su keçməyib

nə süzgəcdən,

nə daşdan.

Hamısı dövr edən sudur -

Təkcə...

göz yaşlarından başqa!

 

Neftçalada bir ev var...

Ədəbiyyat xadimi

İmamverdi Əbilovun xatirəsinə

 

Neftçalada bir ev var -

kürsülü, yığcam bir ev.

Uzaqdan bilinir ki,

halallıqla tikilib -

Daşına, hörgüsünə

Qələm tutan barmaqların sığalları çəkilib.

İmamverdi müəllimlə

ayrılıq vadisində

yığılmışıq biz bura -

yolları yora-yora...

Hamı qəmli-qüssəli salırdı yola

Ədəbiyyatımızın cəfakeşini -

Böyük bir kişini!

Onun yazı, qonaq otağının

saysıq-hesabsız kitabları

hüznlə susmuşdular.

Məktublar, xatirələr

muzey sükutuna dalmışdılar.

Bir ömür qədər uzun,

hüznlü sakitliyin qoynunda nələr vardı,

nələr...

Öz gürcəsinə görə

arı pətəyi kimi dolu, bötöv bir ömrün

mənalı səhifələri -

vərəqlənirdi gözümüzdə

birər-birər...

Bir insan ruhu dolanırdı otaqlarda

qonaqların arasında

Azərin, Etibarın, Şahinin

gözlərinin qarasında...

***

Həyətə çıxanda

Çardaqdakı qocaman tənəyə baxdım -

Budanmamışdı o il.

Yasın qırxını saxlayan

sadiq dost idi elə bil -

tük basmışdı üz-gözünü...

 

Üzgün mehtərin nağılı

Xatirələr dastançısı olan

gümüşü qovaq,

O kimdir? -

təntik bir qoca

Səndən ayrılaraq

Gedir!...

Quyruğu düyünlü, yorğun

yabı kimi -

xırda, löhrəm yerişi ilə...

Gərməşöv kollarının yanından keçə-keçə...

Uzaqlarda yovşan qoxulu

bir gecə...

gedir!...

Dolaşır ayaqlarına

xatirə xəyal qırıqları,

Arxada biçənək, otlaq yerləri, örüşlər.

Xəzəl örtmüş cavanlıq

ayrılıqlar, görüşlər...

Çıxmır yadından hələ də

Xırmanda əlində kürək

Sovruq atmaq istəyəndə

Dönük çıxan tale-külək...

İndi ona çöçün gəlir

Bir vaxt kəhər atı kimi hörüklənməyi,

İçində boğulan kişnərtiləri...

Nələri, nələri.

Üzgünlüyə, susuzluğa dözə-dözə

çıxır dərədən təpəyə

düşür yamacdan düzə -

gedir!...

Yolda ona buludlar ilgilənir

yağışlar baş çəkir.

Qürub közərə-közərə qoşulur ona -

yana-yana.

Gözgörəti tənhalığı,

daldalanan cavanlığı

qərq olur ilğıma.

Yulğunluqlar boyunca

çay kimi üzülə-üzülə.

Hopur, qarışır qumsallığa.

Çatmır harayına,

Arxada qalan ömrü, həsrəti, qəhəri.

Baxanda elə bilirsən onun

Nə axşamı varmış,

nə səhəri...

Bir şairi sevən

qadın haqqında

Bir şairin adını daşıyan

Küçə ilə gedən görürəm

orta yaşlı bir qadını.

Çoxdan tanıyıram onu,

unutsam da indi adını -

yaxınlaşıram, salamlaşıram,

ordan-burdan danışırıq -

qırıq-qırıq...

Elə bil

heç o zamankı adam deyil,

Bir vaxt vardı o şairdən danışardı

sevinci, dərdi, bəliri

ancaq o idi.

Ancaq onun haqqında eşitmək istəyərdi.

O şairin şöhrəti-şanı

onun üçün hər şeydən əzəl idi.

Hər görəndə məndən onu xəbər alardı.

Qulağımı yağır eləmişdi.

Bu xanım

O zaman cavan idi, gözəl idi.

Hiss edirdim ki ürəyində

Gəzdirir o şairin

sevgisini,

sevgi dolu misralarının səsini.

Həm də...

Baxmazdı söhbətlərin

ağına, qarasına,

hərdən deyinərdi qarasına.

Dünyanın işinə bax,

Qəribə gərdişinə bax.

Kim deyə bilər ki,

Həmin şair indi Fəxri xiyabanda

qulağıdinc "yaşayır"...

Həmin universitetin küçəsi

indi onun adını daşıyır.

O zamankı tələbə qız,

İndiki orta yaşlı qadın

Yenə də həmin küçə ilə gedir...

Bəlkə də heç bilmir indi

Bu küçənin adı nədir!..

Əncir ağacları - ibadət yerim

 

Hər səhər obaşdan

bəzən də axşam,

gəlib həyətimizdəki beşbarmaqlı yarpaqları olan

Əncir ağaclarının altında əllərimi

Allaha uzadıram -

            dua edirəm,

                        şükür deyirəm.

Elə bil toxunuram göylərin yeddi qatına.

                        Burda dualarım yerinə yetir,

Ətrafımda dostlarım çoxalır.

                        Düşmənlərim uzaqlarda itir.

Ana xislətlidir,

Ana dualıdır əncir ağacları -

gül açmır

Xırda-xırda yarpaqların altında

Ana kimi doğur balalarını

Qoruyur, böyüdür barını.

Hərdən mən dua edəndə

gözlənilmədən yellər əsir

elə bil ayaq səsləri eşidirəm -

kim isə harasa tələsir.

Cavan şivələr

Şəbnəm təravəti ilə baxır üzümə...

                        Deyirəm, ay Yel baba,

Dualarımı ulu Tanıya çatdır -

Yellər güclənir birdən,

sanki səda gəlir göylərdən…

Axşamlar Ay,

gündüzlər Günəş

saat kəfkiri kimi görünür gözlərimə.

                        Yarpaqların titrəyişi

qarışır dualı sözlərimə -

Bilirəm, yaxın düşməyəcək mənə

                        Kəhanət, ruh təxsiri.

Qeyb olacaq ömrümdən

həyatımın günahları,

təqsiri…

 

Ağ üzüm - "İzabella"

Süfrə üzümüdür -

İzabella adında,

Ucaboylu, gözəl qadın kimi

qalıb çox adamın yadında.

Zəngin süfrələr

gözəl ziyafətlər üçündür.

Şərab da çəkirlər ondan -

Sirkə də

Doşab da!

Ağbəniz xanıma oxşayır bir suyu

bu ağ üzümün -

Sinəsində kəhrəba boyunbağısı

                        gilə-gilə, düzüm-düzüm...

Ona vəfalı olsan

doşab olar -

şirinliyini dadarsan.

Qısqandırsan -

Sirkəyə dönər, yandırar içini

od tutarsan.

Qədrini bilsən -

Həmişə bir yerdə danışıb-gülsən,

ziyafətlərə aparsan,

məclisləri bəzəyər -

ağ şərab kimi.

İşıqlandırar hamının çöhrəsini, üzünü

süfrə üzümü -

bütün ömrü uzunu.

 

Minalanmış yerlərdən keçirəm

Dilim söz,

ayağım yer tutandan -

üstümdə Allahın kölgəsi

bir də anamın duası,

minalanmış yerlərdən keçirəm.

Nə yolları bir-bir ayırır,

nə də bir-bir seçirəm.

İstehkamçı olmasam da

hələ düşməmişəm minaya -

Ümidəm bir Allaha,

bir də Anaya.

Bilirəm yollarım doludur -

kor göstəbəklər kimi

böhtan, şər minalarıyla.

Uzaqdan-uzağa ilan xofu kimi

qəlbimə sirayət edir -

hara gəlirəm gəlir,

hara gedirəm gedir.

Yetərincə tələ qorxusu var

ot-əncər basmış kollarda.

Elə bil anbaan, dəqiqə-dəqiqə

gözləyirəm

bir partlayış dəmini.

Yovuşa bilmirəm sakitliyə

tapmıram heç cür rahatlığın çəmini.

Hiyləgər təbəssümlü çiçəklər

bir də səfalət qoxusu var yollarımda.

Mən bir pətək həyatından çıxsam da

tək-tənha gedirəm yolun  

ağını, qarasını -

ona görə seçmişəm ki təkliyi

minaya düşəndə özüm çəkim bəlasını.

Çox sonralar bunu dərk etmişəm -

Demə, həmişə dost minalarının

arasıyla getmişəm.

İlişsəm də bir çoxuna

Partlayış səsini eşidən olmayıb.

Yaralarım hələ də sağalmayıb -

görmüşəm ağrısını, acısını.

Amma bilirəm bir az uzaqlarda

öz doğma torpağımda - Qarabağımda

düşmən minaları qıvrılıb yatır -

əfi ilanlar kimi.

Onların vahiməsi məni tez-tez oyadır

gecə yatdığım yerdə.

Düşmən minalarının ləpiri, izi…

Nə ola bilər?!

Xəyanət, ölüm, zəhər!

Amma vaxt gələr

Təmizlərik o yerləri,

Toxum, ağac əkərik.

Düşmən minalarını təmizləmək asandır.

Görünməyən dost minaları 

Üzə gülən gizli düşmən kimidir -

Xəyanət onların ömür yoludur.

Tanklarla vuruşmağa nə var -

Gizli minalar qorxuludur!

 

Əyriçay

Bütün çaylar axıb gedir

həm düzünə,

həm əyrisinə.

Gah gurhagur,

gah nazilə-nazilə.

Dağların, dərələrin arasından

səhərlərin işığından

gecələrin qarasından...

Hərəsinin də öz adı, öz yeri,

öz yatağı.

Amma...

Şəkidə bir çay da var -

adını Əyriçay qoyublar.

Onunla üz-üzə durdum axşamçağı.

Gördüm gileylidir verilən bu ada:

- Bəyəm düpbədüz axan çay var bu dünyada?

Niyə mənim adım

Əyriçaydır?

Dedim: - Qəm yemə,

dərdini daha heç kimə demə!

Sən də səsli-küylü, arxalı-baxarlı

Araz, Kür olsaydın,

həmişə dolu, iti axarlı,

gur olsaydın

deməzdilər, -

Əyriliyini üzə vurmazdılar.

Şəffaf, dupduru, düz qəlbini qırmazdılar!

Dinmədi Əyriçay -

axıb getdi.

Uzaqlara tutdu üzünü,

heç elə bil eşitməmişdi sözümü.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!