Ölsəm əgər kim biləcək sevirdim səni... - ADONİS

Gözlərində bir inci var...

Günlərinin sonunda,

küləklərdən

qığılcım toplayır.

...Və yağış adalarından

əllərində bir dağ yaradır.

Tanıyıram o kişini;

gözlərində dənizlərin ilhamı gizlin,

məni tarix adlandırdı...

...Və bir şeir ki,

yuyur bir yeri.

Tanıyıram:

məni sel adlandırdı.

***

Gündüzdən danışsaydı əgər

gecənin müjdəsini verərdi.

Yaxşı,

tənhalığımdan çıxıram çölə.

Amma hara gedim?!

Hər bir sualla bölünürəm iki yerə-

sualım və özüm.

Sualım cavabsızlıqda

və özüm bir başqa sualın arxasınca...

Necə edim bu göy üzüylə ki,

çiyinlərimdə solur.

Həyat, ölümün iksiridir,

onun üçün qocalmır heç zaman.

Dəniz yuxudadır həmişə

Onun üçün ayaqüstə görməzsən.

Dəniz meşə olsa əgər,

Sözlər də göyərçindir.

Qayalar suların nəğməsinə etinasızdır.

Bir göy cismi çökür,

bir yarpaq da elə...

Amma o orda, bu isə burda!

Bir tənbəl səhər yeli,

halsızdır ayaq üstə durmağa.

Bu güldən vaz keçəmmir.

Ən işıqlı parıltılar,

ürəkdən gəlir, qara buludlardan elə...

Ölmüş dodaqlardan sonra

çox çətin ki,

biz həqiqəti başqa birisindən qəbul edək.

***

Göz yaşlı pəncərələr köçür...

Qolu düşük dağlar,

Hava... qəmgin küknar,

Köhnə əncir ağacı,

izləyir onu hər dəm

Kirpiyi ayaqlarına yapışır ağlamaqdan.

Bir iynədir süküt,

tikir quşların kəfənini.

Elə sandım ki,

Bir qızcığazın zümzüməsini eşidirəm,

yataq üstə qoyub əllərini.

Sallanıb kirpiyi,

sanır, bir kəpənəkdi

ya da göy üzü, rəngini görməmiş

bir gəlincik kimi...

 

Xəyalımda,

gecə-qonaqlığındayam...

Məni nəvəsi bilən bir qadının yanında.

Hər gecə nağıllarına əsir edir bizi

Qaranlıqdan parlaq bir paltarda,

                                   dəniz pərisi...

Bir qığılcım ya da kabus kimi

bizi sevə-sevə qonaq edir obasına...

Küləyə bənzər paltarını,

bizə geyindirir.

Təpə başında sürünün gözətçisini

Qurdlar öldürür ya da,

o onları...

Bir göz qırpımı içində,

oğurlayırlar məşuqəsini.

 

Xəyalımda,

Səfərə getmiş zamanın saçlarını tuturam.

Hörüb pəncərəyə çevrirəm.

O qızcığazı, nənəsini,

Və bütün keçmişi

geri qaytarıram.

***

Bir qadındı Nyu-York,

Bir qadının heykəli.

əlində bir kağız qaldırmış ki,

biz ona "Tarix" deyirik.

O azadlıqdan oxuyur

Və o birisi əliylə

"Planet" adlı bir uşağın

boğazını sıxır...

***

Yuxuya gedib əllərim...

Yuxuya gedib

əllərimin damarları.

 

ümidsizlik

əsnəyir ürəyimdə,

gözlərimdə...

 

...yol gedirəm

çatmıram bir yerə.

yol gedirəm,

yanıram...

***

Səhər çatdı yoldan,

və çatmadım mən.

İtirmişəm yolu qaranlıq kölgədə.

Aydınlığın kölgəsizliyində

Sanki taqətim tükənib -

əlimdə bir bardaq,

sərxoşam!

Qulağımı divara söykəyirəm

bir çatlaqdan

Bəlkə bir səs eşitdim

***

Elə bir yolda addımlayıram ki,

Tanrını pərdələrdən asıblar

Bəlkə onu dəyişə bildim.

***

Əsəblərim quruyur

saman kimi,

Odunçunun baltası kimi

Mənim dərimin altındakı,

hansı qəribdi?

***

Əyilmərəm,

Vətəni bağrıma basmaqdan özgə.

Məni süd verən bir ananın sinəsiyəm ki,

məhəbbət saçır...

Mən bir möminin alnıyam!

***

Ölümlə yaşamı eyni görən şəxs,

gecəni yazır, güdüz isə fəryadına çatır.

Və həyatın yarpaqları silgi kimi

silir onları...

***

Nur daşına

ömrümü hək edirəm.

Bir buğda toxum kimi

bağışlayan!

Hərflərimi duman alıb

Sözlərim qaranlıqdadı.

Bir toxum kimiyəm,

bir işıq kimiyəm

Yaranıram...

Və bir tikə həyatam,

bir tikə çörəklə yaranıram.

***

Ölsəm əgər

Kim biləcək bu ölmüş səs

mənim səsim idi.

 

Ölsəm əgər

Kim biləcək, buralarda olduğum

həmişə dərinlik idi,

həmişə uzaqlıq idi.

 

Ölsəm əgər

Kim biləcək sevirdim səni,

küləyi qucağıma alam...

 

Ölsəm əgər

Kim biləcək maqnitə bənzər bir şey

yerləşibdir dilim üstə...

Mən ölsəm əgər

Kim biləcək günəşin rəngiydi gözlərim

qarın ağlığı idi, addımlarım...

***

Üzgünəm

buna görə ki,

şeirlərimlə,

sehrli sözlərimlə birgə

bir qadını qoruya bilmirəm...

Qara geyimliyəm

Dünyanın əzasında daha

                        heç şey bəlli deyil.

Nə bir nəğməsi gözəldir,

nə bir hekayəsi.

Üzgünəm

Dünyada olan bu gərçəkliyə görə.

***

Güzgü nədir? -

İkinci üz,

üçüncü göz.

Qürub nədir? -

Bir qandır ki günəşdən axır.

Ümid nədir? -

Ölümün vəsfi.

Həyat dilində

Yataq nədir? -

Gecənin içindəki gecə...

Göy üzü nədir? -

Bir nərdivan ki,

yuxarı qalxarkən qırılır.

Gərçək nədir? -

Çöküntü- çayın dili.

Yoxsulluq nədir? -

Yer üzündəki

addımlayan məzar

Dostluq nədir? -

Bir başqa günəş

Çilpaqlıq nədir? -

Bədənin başlanğıcı.

Şeir nədir? -

Limansız gəmi.

Yastıq nədir? -

Gecənin birinci pilləsi.

Tarix nədir? -

Təbil çalan bir kor.

Depressiya nədir? -

Bədənin qaranlığı.

Dil nədir? -

Yola bənzər bir qatar

Səfərdir,

çatmaqdır...

Bağça nədir? -

Bir qadın ki, şeir yazır;

yuxuda yazır,

sükutda oxuyur.

Öpüş nədir? -

Tapılmayan meyvə.

Yaradılış nədir? -

Hadisənin əlindəki üzük.

Məzmun nədir? -

Anlamsızlığın başlanğıcı,

anlamsızlığın sonu...

Tərcümə edəni:

Ümid NƏCCARİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!