Adım çəkiləndə viran olursan... - Vasif SÜLEYMAN - ŞEİRLƏR

Sevginin dilini

duyandan bəri

Elə həsrətin də bəs eylər mənə,

Hələ ki, eşqinlə dinə bilirəm.

O dünya, bu dünya, fərqi nədir ki,

Ölsəm də çatmaram sənə, bilirəm.

 

Nə vüsal görmüşük, nə kam almışıq,

Yazdığım bir yarpaq şeirdi sənə.

Ölüb getməyimmi ovudar səni,

Qalıb yanmağımmı xeyirdi sənə...

 

Bu zülmət ömürə nə lazım axşam,

Toranı qovuşur hayandan bəri.

Dünyanın dilini yadırğamışam,

Sevginin dilini duyandan bəri.

 

Nə olur, olsun

Alın yazısıdır, tale qisməti,

Axarı-baxarı nə olur, olsun.

Ölümnən olumun mənzilindəyik,

Əvvəli, axırı nə olur, olsun.

 

Eh, nəyim gedibdi, eh, nəyim qalıb,

Bircə yol Allahı grməyim qalıb.

Yarısı dağılmış ürəyim qalıb,

Bu ömrün çıxarı nə olur, olsun.

 

Üzündə zülmət var, əlində çıraq,

Bir ömür verilib, qismətinə bax.

Üstü başdaşıdır, ayağı torpaq,

Ta ondan yuxarı nə olur, olsun.

 

Olursan

Elə sən boydadı, dünya dediyin,

Gözümdə-könlümdə hər an olursan.

Adın çəkiləndə dönərgəm dönür,

Adım çəkiləndə viran olursan.

 

Tanrı yazdığına neyniyəsiyəm,

Bu boyda saflığın divanəsiyəm.

Mən bu məhəbbətin azan səsiyəm,

And içmək istəsəm, Quran olursan.

 

Haqqın dərgahından keçdi, ələndi,

Canım bu sevdaya çoxdan bələndi.

Vədəsiz bu sevgi haqdan gələndi,

Bəs niyə, sən mənə haram olursan...

Bu körpə

İllər öncə qatarda yol yoldaşım olan cavan bir ata körpə uşağı sakitləşdirmək üçün tez-tez - Anan indi gələcək - deyirdi.

Sonralar mənə məlum oldu ki, doğulan gündən anasını itirən körpəyə atası il yarımdır ki, bu nimdaş təsəllini verir.

 

Laylasını ata çaldı, göynədi,

Nə dedisə, ona dedi bu körpə.

Göz açanda anasını görmədi,

Dil açanda "ana" dedi bu körpə.

 

Hələ nə var, yığa bilmir huşuna,

Belə ağrı çətin ötə, daşına.

Elə çəkir göy nimçəni başına,

Haçan görüb ana südü bu körpə...

 

Gəlib düşdü aralığa nəhs hardan,

Qulağını dəlib keçir səs hardan...

Hər dinəndə ana deyir, bəs hardan,

Hardan bilir, ana nədi bu körpə...

 

Böyüməyi dərd olacaq, ona dərd,

Dərdinmi var, Allah bundan yana dərd.

İndi girib qiyafəyə, dona dərd,

Sonra necə çəkər dərdi, bu körpə...

 

Solandı yanağın

yaş olan yeri

Ömrümdən ehtiyac keçdi, səngidi,

Qapandı dərdimin boşalan yeri.

Göz dağı dağların ən nəhəngidi,

Bir də talelərin qış olan yeri.

 

Gördüm ağlamamış ürək kiridi,

Onda yerin-göyün dərdi biriydi.

İlahi, dünyanın xoş bəxt yeridi.

İlk eşqin ürəyə tuş olan yeri.

 

Həsrəti özümə gərək bilmişəm,

Onu duz bilmişəm, çörək bilmişəm.

Yanmaya-yanmaya ürək bilmişəm,

Sinənin altında daş olan yeri.

 

Sevincdən daşındım, qəmdən daşındım,

Göz yumub-açınca yandım, yaşandım.

Torpağa su düşsə, yaşıllaşandı,

Solandı yanağın yaş olan yeri.

 

Bir azca

Göyçək tellərini oxşamaq hədər,

Yel olub üstündən əsəm bir azca.

Bir azca sevincsən, bir azca kədər,

Bir də Allah bilir nəsən, bir azca.

 

Bizə qismət yazan haqdan küsmüşəm,

Dünyanı sevdiyim vaxtdan küsmüşəm.

Mən öz taleyimdən çoxdan küsmüşəm,

Necədi, səndən də küsəm bir azca.

 

Yüyürüm dumana, sisə deyirsən,

Mətləbi nə yaman qısa deyirsən...

Deməyə-deməyə nəsə deyirsən,

Nolar, deyə-deyə desən, bir azca.

Daha məndən səni

unudan olmaz

 

Axma göy üzünə, ay tifil bulud,

Səndən yağış yağmaz, özünü şax tut.

Nə xeyri, yüz denən unutma, unut,

Daha məndən səni unudan olmaz.

 

Hamı qərib olur dünyada, axır,

Qəriblər hərəsi bir qərib nağıl.

Ay zalım, başına özgə çarə qıl,

Daha məndən səni unudan olmaz.

 

Payıma nə düşər, umuddan özgə,

Nə gördük, küsüdən-umudan özgə?!

Sevənin mən olum, unudan özgə,

Daha məndən səni unudan olmaz.

 

Olmaz məndən başqa heç kim qurbanın,

Mənəm bu sevdanın düşkün qurbanı.

Ay yetim sevginin, eşqin qurbanı,

Daha məndən səni unudan olmaz.

 

Bəlkə tanımadın məni də gendən,

Alnımda qırışdan, saçımda dəndən.

Bu boyda igidlik gözləmə məndən,

Daha məndən səni unudan olmaz.

 

Məni

Səni danammaram, üstümdə haqq var,

Bəlkə bu sevdanın sonuna çox var.

Mənim ürəyimdə sən boyda dağ  var,

Bilmə ürəyinin dağı sən məni.

 

Uzanıb-kəsilmək tellərə düşdü,

Vədəmiz aylara-illərə düşdü.

Bu nədi, nəğməmiz dillərə düşdü,

Təkcə oxuyurdun axı, sən məni.

 

Sən məni mənim tək duyan deyilsən,

Sən mənim dərimi soyan deyilsən.

Sən məni özgəyə qıyan deyilsən,

Özümə bağışla paxıl, sən məni.

 

Qəlbimdə qar yoxdu bu qışa məndə,

Bu qış üzü yaza yığışa mənnən.

Əcəlin nə həddi yarışa mənnən,

Öldürə bilərsən axır sən məni.

 

Hələ yazmamışam səni

bir sətir

Səni köçürəcəm sevgi şerinə,

Bəxtəvər olacaq sevgi də, sən də.

Musa Ələkbərli

 

Nə nalə çəkəmməz, nə ah götürməz,

Bu canım üstünə günah götürməz.

Bir belə günahı  Allah götürməz,

Hələ yazmamışam səni bir sətir.

 

Hissin dumanında azır, deyirsən,

Həsrətdən, hicrandan yazır, deyirsən.

Vallah düz deyirsən, hazır şeirsən,

Hələ yazmamışam səni bir sətir.

 

Bütövsən, sözünü dəyişmək haram.

Səni vərəqlərə inan qıymaram,

Qorxuram yazaram, qaralayaram,

Hələ yazmamışam səni bir sətir.

 

Mən eşqin yolunda dilsiz balayam,

Gərək  ürəyimi oda qalayam. 

Yazandan sonra da oxumalıyam,

Hələ yazmamışam səni bir sətir.

 

Daha şaxtalıdır ömrün baharı,

Gəzirəm Tanrıya gedən yolları.

Ötüşən günlərim gözləyə barı,

Hələ yazmamışam səni bir sətir.

Vallah

(Təcnis)

O, mənə atmışdı qar topasını,

Mən atdım, dəymədi qar qıza, vallah.

Əlimin içində qar od kimiydi,

Hələ görməmişdim qar qıza, vallah.

 

Kimində göz olur, məndə dil acdı,

Bu da bir oyunmuş, adı - dilaçdı.

Ürəyim birinci sənə dil açdı,

Açmadı baxışı qar qıza, vallah.

 

Kimmiş, buza oğlan, qara qız deyib,

Qar buxaq, qar sinə, qar ağız deyib.

Bilmirəm kim sənə qara qız deyib,

Vasif bənzədirdi qarqıza, vallah.

 

Axtarıram

Çən tutub ömrümün üstünü, ya da,

Dağların döşündə çən axtarıram.

Bütöv tapammıram səni dünyada,

Hərədə bir azca "sən" axtarıram.

 

Nə vardı canımda eşqin adına,

Nə var, halalındır, sənindir, apar.

Bəsimdir, arada düşüm yadına,

Axı kim deyibdir, - axtaran tapar.

 

Tanrı yaratmışdı yaratdığını,

Bir də yaratmağa bəhanə ola.

Yüz yol səcdəsinə dayanmağım var,

Kimdəsə balaca nişanən ola.

 

Hər yanı zülmətdir, irəli, geri,

Axı nə gəzirəm, qaranlıq boyu...

Ağrıma-acıma yaşanan ömrü,

Çəkib aparıram viranlıq boyu.

 

Onda nə göydəydim, nə də ki yerdə, 

Səni itirəndə sənə yetirdim.

Elə bilirdim ki, tapacam bir də,

Səni axtarırdım, ömrü itirdim.

 

Çən tutub ömrümün üstünü, ya da,

Dağların döşündə çən axtarıram.

Bütöv tapammıram səni dünyada,

Hərədə bir azca "sən" axtarıram.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!