Modern əruz
Sevgi sənə ildırım,
zəlzələ.
Sakit axan çay kimi
sevməyi öyrənmədin
sən hələ.
Bəsdi daha, köksümə
çəkmə dağ.
Yaxşı əlamət deyil
sərsəri bir hiss ilə
oynamaq.
Gözləmə qəlbim sənə
"can" deyə,
Məndə həvəs hardadı
bir belə cansızlığa
dözməyə?!
Daş ki deyil insanın
bağrıdır.
Hər dəfə imkan tapıb
qurdalama sevgimi,
ağrıdır...
Getməyin ağır cəza,
dərd-əzab,
Qalmağın ondan betər,
dava-dalaş, göz yaşı,
iztirab.
Sən ki mənim ruhumun
cəlladı,
Söylə şirindir məgər
gül dodağa sıçrayan
qan dadı?
Mən dedim, "iç qanımı,
İstəsən".
Vəhşi pişik tək daha
Ruhumu cırmaqlama...
Xəstəsən?
Bəlkə də bu sevgi yox,
bir oyun.
Səhnə qaranlıqdısa,
fərqi nədir, ya geyin,
ya soyun?
Sən məni halsız görüb
çəkmə qəm.
Arxayın ol, sevgilim
mən səni öldürməsəm
ölmərəm...
Şah Xətaiyə bənzətmələr
***
Dilbəra, könlümdə dərdin bir dəva nisbətlidir,
Hər cəfa səndən mənə gəlsə, vəfa nisbətlidir.
Gər mənə nifrin edə düşmən, mən ondan inciməm
Çün münafiqdən gələn qarğış, dua nisbətlidir.
Şah Xətai
***
Qibləgahım, ta əbəd sirri-xuda şəklindəsən,
Ərşi-əladən gələn parlaq ziya şəklindəsən…
Çox suallar var ki, əymişdir müridin qamətin,
Bu suallar içrə tək sənsən, nida şəklindəsən.
Cümləmizdən kimsə verməz xoş xəbər sənsiz, məgər
Hər kəlamın əvvəlində mübtəda şəklindəsən?
Məzluma ümmid verən rəhmət, əta cildindəsən,
Zalımın boynun vuran tiği-cəza şəklindəsən.
Əvvəlin yox, axırın yox, on səkiz min aləmi
Çəkmisən ağuşuna, sonsuz fəza şəklindəsən.
Həm könüllər fəth edən bir incə söz sultanısan,
Həm şücaət meydanında əjdaha şəklindəsən.
Aşiqə şəmsü-qəmərsən, arifə həqbin-nəzər,
Cahilü-nadan gözündə bəs Xəta şəklindəsən.
Dərvişin qalmazmı Fəhmi görməsə mürşidini,
Faş edib sirri, deyər sirri-xuda şəklindəsən…
***
Qəmindən gözlərim ümman deyilmi?
Vüsalın can içində can deyilmi?
Cahanə eşq ilə üryan gələnlər
Gedəndə həm, yenə üryan deyilmi?
Şah Xətai
***
Əsiri-dami-hicran ağlamazmı?
Qalıb səndən nigaran ağlamazmı?
Xəyalından qalan bir ləhzə ayrı
Olub zarü pərişan ağlamazmı?
Hüzurunda sıxan göz çeşməsini
Tapıb gizlində imkan, ağlamazmı?
Tutan əldə ilahi eşq camın
Sanıb dünyanı zindan ağlamazmı.
Gülən aşiqlərin halına zahid
Camalın görsə lapdan, ağlamazmı?
Unutsan aşiqi, biçarə hər dəm
Edib fəryadü əfğan, ağlamazmı?
Yadından kim çıxa, dad eyləməzmi?
Gözündən kim düşə, qan ağlamazmı?
Demə göz yaşı acizlikdi, Fəhmi,
Əgər insansa, insan ağlamazmı?
***
Külək enerjisini elektrik enerjisinə
çevirən müasir dəyirmanlara xitab
Dünya bu gün alver yeridir, hər kimə baxsaq
Şövq ilə deyirlər "elə aldıq, belə verdik."
Yeldən də bu gün pul çıxarır ağlı olanlar,
Biz şairik ancaq, nəyimiz var, yelə verdik…
Qoşa beyt
Gizli tut pərdeyi-əsraridə çox sirrləri
Demək olmaz hər ürəkdən gələni, mən biləni.
Tək xudavəndə açıl, çünki ona söz nə gərək?
O özü yaxşı bilir sən biləni, mən biləni…
Tək beytlər
Min nahaq "haqdı" desə, haqq olur əslində biri
Gidi dünya belədir, haq nahaqın mində biri.
***
Qəm çəkmə olandan küsübən inciyən olsun,
Biz heç, nə olursa, təki Allah deyən olsun.
***
Dünya ki aşinadı bizə, ney həvasıdır,
Yalnız həvalılardı, onun aşinasıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!