Gəl
Gözlərim yolundadır,
Geyin, al-yaşıl da gəl,
Tək gəlmək çətindirsə,
Küləyə qoşul da, gəl!
Eşqim başımdan aşır,
Sənsiz ağlım da çaşır,
Gecikmə, şər qarışır,
Gün kimi işılda, gəl!
Sən, ey mehriban yarım,
Çox uzaqdır, yolların,
Sənə gəlir qollarım,
Yat, mışıl-mışıl da, gəl!
Xallanıb gedər
Mənim də könlümün yağışları var,
Yağar, çaylar kimi sellənib gedər.
Eşqimin min rəngdə naxışları var,
Sənin saçlarında güllənib gedər.
Açılar səhərin nur dolu gözü,
Gizlətmə Günəşə bənzəyən üzü,
Bir kəlmə can alan "sevirəm" sözü,
Sənin dodağında ballanıb gedər.
Çağlayar gözündə büllur bulaqlar,
Busəyə təşnədir, nəmli dodaqlar,
Bircə baxışımdan göyçək yanaqlar,
Bir anda qızarar, allanıb gedər.
Sən mənim könlümün şirin nəğməsi,
Sən həyat sevinci, həyat nəşəsi.
Yayılar, aləmə car olar səsi,
Eşqin ürəyimdə xallanıb gedər.
Dönsün
Mənə gülüşündən bir çiçək göndər,
Qoxlayım, könlümdə nəğməyə dönsün.
Elə alışım ki, elə yanım ki,
Ürəyim yanıqlı bir neyə dönsün.
Mənim məhəbbətim bəlli yaşdadır,
Qara gözlərdədir, qara qaşdadır,
Şehli öpüşlərin dadı başqadır,..
Yanağın allanıb, laləyə dönsün.
Ağlım, huşum gedib, sənə uyunca,
Yürüdüm yollarda, bir eşq boyunca,
İçim gülüşünü, içim doyunca,
Badəmdə eşq adlı bir meyə dönsün.
Bu eşqin yükünü birgə daşıyaq,
Ətirli gülünü sevək, oxşayaq,
Qıyma, ayrı düşək, ayrı yaşayaq,
Qoyma, xoş avazım naləyə dönsün.
Kitabın olsun
Həyat çox gözəldir, yaşaya bilsən,
Hərdən gərək dərdə də tabın olsun,
Yar bilib, yar deyib seçdiyin canan,
Yarın - yaraşığın, öz babın olsun!
Sevinc naxışına düşsə də ilmə,
Taleyin ağrısı-acısı bilmə,
Zülmkara baş endirib, əyilmə,
İstəyir, nə qədər əzabın olsun.
Ürəyini yaxşılığa yuva et,
Nə kimləsə savaş, nə də qovğa et,
Baş alıb şərqilər dünyasına get,
Çalıb-oxumağa rübabın olsun!
Sevgidən yaranıb dünya, bilirsən,
Olur, ağlayırsan, olur, gülürsən,
Eşq ilə can verib, eşqlə diril sən,
Həsrətlə, nisgillə hesabın olsun.
İçimdə
Ara-sıra çay kimi,
Soğuluram içimdə,
Duyulmaz haray kimi,
Boğuluram içimdə.
Ruhum didərgin olur,
Zülmətə sürgün olur,
Olur ki, hər gün olur,
Qovuluram içimdə.
Nə əl oldum, nə ətək,
Nə bal oldum, nə pətək,
Qurumuş bir yarpaq tək,
Ovuluram içimdə.
Ömür şirin pay kimi,
Bir eşq ürək hakimi,
Mən təzədən Ay kimi,
Doğuluram içimdə.
İnam verdi
Nə qədər ki, məsum idim, günahsızdım,
Tanrı mənə "Həyat" adlı ənam verdi!
Nə qədər ki, körpə idim, qanadsızdım,
Uçmaq üçün qanadımı anam verdi!
Tanıdıqca bu dünyanın doğma-yadını,
Bildikcə mən həyatın hər cür dadını,
Qəlbimdəki yanğını, eşqin odunu,
Qaragözlü, gül çöhrəli sonam verdi!
Sıxıldıqca hərdən kədərin əlində,
Boğulduqca acıların gur selində,
Onun adı bir nəğmə oldu dilimdə,
Tanrı mənə heç ölməyən inam verdi!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!