Özümə də, sənə də dünya boyda ümüd verdim... - Fuad Cəfərli - ŞEİRLƏR

 

Gələn payız

Bağışla məni, ana, bağışla,

Yenə payız küçəmizi salamladı yağışla.

Yenə mən sənə çətir ala bilmədim,

Bağışla məni, ana, bağışla.

Gec gəlib, tez gedən fəsilə payız deyilir,

Çətir ala bilənlər çölündə,

Ala bilməyənlər hər yağış damcısında içində əyilir

Hər əyildikcə inşallah gələn payız, gələn payız deyir.

Mən bitdim, bu payızlarsa bitmədi...

Hər gələn payız, gələn payız dedim.

Bu payız birtəhər keçir, ana,

Gələn payız çətir alaram dedim.

Ovuc boyda otaqda

Özümə də, sənə də dünya boyda ümüd verdim.

Yenə yenildim, yenə evə çətirsiz gəldim.

Bağışla məni, ana, bağışla.

Sürətim yox qaçıb keçəm,

Qanadım yox uçub keçəm,

Nə olardı bir səfərində,

Payızların birini keçəm?!

Anama yaraşan, anamı qoruyan bir çətir seçəm.

Tutacağı anamın əlləri kimi yumuşaq,

Dirəyi, qüruru kimi möhkəm,

Örpəyi, üzü kimi ağ olsun.

Və nəhayət, anam çətirli anaların sırasında dursun.

İnşallah, gələn payız, anam, gələn payız.

İlahi

İlahi, məni quş elə,

Seçim yenə sənin olsun.

Ya qaranquş, ya bayquş elə

Təki uçmağı bacaran quş olum

Fərq etməz

Qanadlar böyük olsun, balaca olsun

Təki o qanadlar məni uçursun.

Uçum, uçum,uçum...

Dayanmadan gecə gündüz

Nə astar görüm , nə bir üz,

Nə əyri görüm, nə bir düz.

Uçum, uçum...

Dostun xainliyindən,

Segilinin xəyanətindən

Kinimdən, nifrətimdən

Həyatın boğduğu nəfəsimdən

Gedənin arxasınca su səpən gözlərimdən

Sonda ölən ümidlərimdən,

Mürəkkəblə bulanmış öz əlimin içindən

Uçum, uçum, uçum...

Dörd fəslin dördündə də

Dərd bitirən yer üzündən,

Başıma günəşinin şəfəqiylə

Yağışının rəngsizliyilə

Qarının soyuğuyla

Ah yağdıran yer üzündən

Uçum, uçum, uçum...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!