Ümid Nəccari təhtəlşüurun ən gizli, ən sirli hücrəsinə sığınmış ayrılığın sürreal mənzərəsini yaradır. "Bir cüt mavilik" metaforaların sehrli dənizində üzür, metafora axını şüur axınına qarışıb. Poetik təxəyyül və dil sürreal örtüyə bürünüb. Nəinki şeir, hətta şeirin misraları, ayrı-ayrı sözlər çoxqatlı və çoxplanlıdır, ruhi avtomatizm ilk misradan işə düşüb. İntim süjet xəttinin cazibəsi fraqmental və rəngarəng dalğaları - sözləri və misraları çalxalandırsa da onları ətrafa dağılmağa qoymur, şüur axınının doğurduğu fikirlər misradan-misraya misra-misra hörülür:
Açıq qalıb qapımın qolları,
Götür əllərini məktub yaz.
Özünü gizlətmə gözlərinin arxasında.
Nəccari "Bir cüt mavilik"də gözün (bütövlkdə isə Azərbaycan şeir dilinin) semantik məkanını genişləndirir.
Amma...
Cemal Süreya kimi gözdən gözistan yaratmır.
Rene Magritin "Saxta Ayna"sının önündə güzgülənmir.
Gerçəklərə Salvador Daliyə məxsus "Vaxtın gözü" ilə baxmır.
Onun yaratdığı göz Nabokovun "Tanrılar"ındakı gözdən də fərqlənir.
Ümid Nəccari gözün optik çevrəsində bir millətin tarixi taleyini danışır. Gözü oxuyur. Gözü soyundurur. "Götür gözlərini zəng elə" - deyir. Və nə edirsə bunu məntiqsizliyin məntiqini yaradaraq edir. Hətta "uşaqlar üçün çərpələng oğurlayıram gözlərindən" - deyəcək qədər uşaqca və özgür davranır. Sürrealist olaraq haqlıdır. Axı "sürrealizmə dalan zehin çocuqluğunun ən gözəl tərəflərini coşquyla yenidən yaşayır" (A.Breton).
Nəccari çoxqatlı və çoxplanlı "Bir cüt mavilik"də ayrılıqların, həsrətin fərqli motivlərini deməzdim ki, çarpazlaşdırıb, yox, onları bir-birinin içində gizləyib, həm "kişilər əllərindən ölürlər, qadınlar qucaqlarından..." deyə sirli sevgi və həm də "sərhədindəyəm indi. Kirpiklərin tikanlı məftildir, Səndən o taya keçə bilmirəm" kimi sehrli vətən tablosu yaradıb, Ezop düşüncəsini sürreal şeirin texnikası ilə ifadə etməyi bacarıb:
Gözlərin gözəllik himnidir.
İçimdəki əsgərlər səs-səsə verib
Gözlərini oxuyurlar...
-Ey şanlı vətən...
Səndən bir hektar yox, bir qarış baxış istəyirəm ev qurmağa.
Gizlənmə o bir cüt mavilərdə.
Nəccari Divan şeirinin sərbəstlə daxili dialoqunu uğurla və ikincinin xeyrinə davam etdirib. Amma intimizmin də məhrəmanəliyini, yumşaqlığını, həzinliyini (və sükutunu) süjet xəttindən perikdirməyib.
Ən gizli, ən sirli, ən uzaq hücrəyə sığınmış ayrılıqların sürreal mənzərəsinin sayrışdığı "Bir cüt mavilik" yazarı Ümid Nəccari təbrizlidir və Bakıda təhsil alır.
Ümid Nəccari
Bir cüt mavilik
Açıq qalıb qapımın qolları,
Götür əllərini məktub yaz.
Özünü gizlətmə gözlərinin arxasında.
Gözlərin gözəllik himnidir.
İçimdəki əsgərlər səs-səsə verib
Gözlərini oxuyurlar...
- Ey şanlı vətən...
Səndən bir hektar yox,
bir qarış baxış istəyirəm ev qurmağa.
Gizlənmə o bir cüt mavilərdə.
Gizlənpaç oyunu deyil, bir addım çıx çölə!
Soyun gözlərini, sənə görmək istəyirəm,
Soyun ...!
Sol tərəfimi sənə bağışladım, məni bağışla!
Kişilər əllərindən ölürlər, qadınlar qucağından.
Götür məktub göndər qucağını...
Bitir bu adamı!
Qulaqlarım elə darıxır ki...
Götür gözlərini zəng elə gecəyarı!
Bir az da, məni "oğru" səslə,
Uşaqlar üçün çərpələng oğurlayıram gözlərindən.
Sərhədindəyəm indi.
Kirpiklərin tikanlı məftildir,
Səndən o taya keçə bilmirəm.
Əlimi tutub alnıma,
Baxıram səndəki uzaqlara.
Uzaqlar soyuq olur...
Ayrılıqdan da soyuq.
Gözlərin mavi güzgüdür,
Səndən baxıram özümə.
pəncərəni açıram dənizlərə
Dənizlərini yumma,
balıqlar ölməsin gözlərində!
Dinlə...!
Qağayılar çığırışır bir cüt maviliyində
Ağlama ki boğulmasın gəmilər!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!