Qalxasan yuxudan yağış səsinə... - Vladimir Sokolov

Çətin ki qəlbimdə duyğu oyana,

Gücü də qalmayıb güləm üzünə.

Bir acı sözündən küsmək bir yana -

Sevinə bilmirəm heç xoş sözünə.

 

Yolunda şam kimi yandı ürəyim,

Duymadım sevgiyə dözümü səndə.

Axı, nəyim qaldı, - sənə verməyim?

Mən daha görmürəm özümü səndə.

 

Dizimdə taqət yox, qəlbimdə həvəs,

Qaralan qanımtək qaralır qürub.

Qaranlıq içindən boylanan üvəz

Halıma yanaraq boynunu burub.

 

***

Məktəb nədir? Di, sən Allah, bəsdir, bəs.

Çeynəməkdən doymadınmı bu sözü.

Yox! Vicdanla öyrəndiyim dərsdir, dərs -

Bu həyatın boz sifəti, xoş üzü.

 

Dava idi... Min cür əzab-əziyyət...

Hamı gələn dərdi-qəmi udurdu.

Gündən-günə  pisləşsə də vəziyyət

Amma ümid qolumuzdan tuturdu.

 

Düşünməzdim - şaxtadımı, qardımı,

Heç görmədim kimsə kitab yandıra...

Top deyirsən, heç topumuz vardımı

Ki, hələ bir pəncərəni sındıra!

 

Düz deyirsən. Söykənmişdim gilasa...

May günüydü. Əlimizdə - attestat.

Yox! Həyatdan dərs almışam, xülasə;

Yalan sözdür, vallah, yoldur məktəb-zad.

 

***

Qaçıb hər cür söz-sovdan,

Parnasldardan uzaqda,

Fet ilə Nekrasovdan

Dərs alıram  söz haqda.

 

Hər misrada, hər bənddə

Azmamaqçün yolumdan,

Bizim bu sakit kənddə-

Onlar tutur qolumdan.

Bax bu iki nəhəngi

Oxuyaraq həmişə-

Şeirimdəki ahəngi

Onlardan öyrənmişəm.

 

Aylı gecə, qarlı bağ...

Ürəyimə cuş gəlir.

Belə yazıb-yaratmaq

Mənə yaman xoş gəlir.

 

Yox! Elə xoşbəxtlik budur, deyəsən:

Qalxasan yuxudan yağış səsinə.

Dostun qapısını gedib döyəsən, -

Açasan qapını dostun üzünə.

 

Adını-zadını gərək biləsən?

Baxasan yol ötən bir şux gözələ.

Harasa, harasa gedib-gələsən;

Çətinə düşəsən, işin düzələ.

 

Dözəsən istiyə-soyuğa, hətta;

Küləkli gündə də yola çıxasan...

Xoşbəxtlik budur ki, gərək, həyatda-

Hər şeyə sən yaxşı gözlə baxasan.

 

Oka

Qalıb damağımda o günün dadı;

Baxdıq heyran-heyran o sakit çaya...

Onda yaxınlıqda qayıq olmadı -

Ki, üzüb keçəydik o biri taya.

 

Birdən gözümüzü çəkəndə çaydan

Gördük qarşımızda balaca kəndi;

"Gəl-gəl," söyləyirdi bizə o taydan-

Yesenin şeirinin ən gözəl bəndi.

 

Beləcə, üç şair, susduq yanaşı...

Elə o arada fit verdi maşın;

Bizi gözləməkdən bezdi adamlar,

Deyinib, ağzını büzdü adamlar.

 

Yesenin bir zaman çapıb atını,

"Olmaz bu yerlərə heç yer tay" - dedi.

Di gəl ki, çəkmədi bir yol adını;

Okaya düzlərdən axan çay dedi.

 

Orda bir qoca da dindirdi bizi, -

Rəngi gah ağardı, gah da bozardı.

Hələ də yadımdan çıxmayıb sözü:

- Bizim Seryoja da yaxşı yazardı...

Tərcümə edəni:  Qoca Xalid

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!