Sənin hüzuruna Faiq adında,
Bu boyda-biçimdə yük gətirmişəm.
Bağışla, İlahi, sevmişəm Səni,
Bağışla, arada şəkk gətirmişəm.
Söz kimi şairin dilinnən çıxıb,
Dırnağınnan qopub, telinnən çıxıb,
Bir ruhla bir canın əlinnən çıxıb,
Yanına dərdimi tək gətirmişəm.
Gəlmişdim dünyaya söz yaratmağa,
Qəmə gülümsəyib, dərdə batmağa.
Kömək et, az qalıb Sənə çatmağa,
Tut mənim əlimnən, çək... gətirmişəm...
Sökülüb-dağılır içim, bərbadam,
Bu ruh mənim deyil, bu cana yadam.
Dedin, günahını gətirmə, adam,
Sən dedin... nə fayda, leyk, gətirmişəm.
Ömrümü qoydular gərilmiş yaya,
Ox kimi atdılar yalan dünyaya.
Cismi torpaqlara, ruhu səmaya
Tapşıran bəndənəm, "ök" gətirmişəm.
Bağışla, İlahi, sevmişəm Səni,
Bağışla, arada şəkk gətirmişəm.
***
Eşqə bax, İlahi, əriyib gedir,
Heç nə qalmaz yaxın vaxta başımda.
Eşqə bax, gül kimi quruyub gedir,
Mənim daş başımda, taxta başımda.
Nə yağış yağışdı, nə qar otaqda,
Eheeyyy...
məndən başqa kim var otaqda?
Soyuyur bədənim bu dar otaqda,
Üşüdür telimi şaxta başımda.
Günəş də çıxacaq, Allah kərimdi!
Söz mənim ağamdı, söz nökərimdi.
Mənim fikirlərim ümid yerimdi,
Mənim fikirlərim saxta... başımda.
Bu çıraq ömrümü bələdim hisə,
Eh, daha nə deyim...
bəsdi...
nə isə...
Aldandım duyğuya, yenildim hissə,
Nolsun ki, ağıl var çox da başımda?
SEVGİDƏ QÜRUR OLMUR
Nə axşam axşam kimi,
Səhər olmur səhər də.
Sənin kimi darıxmır,
Qadınlar bu şəhərdə.
Sənin kimi sevməyir
Sevgisi bol olanlar.
Sənin kimi axtarmır,
Bəzən unudulanlar.
Sənin kimi kövrəlmir,
Ağlamır Allah belə.
Od püskürmür cəhənnəm,
Nəfəs belə, ah belə.
Etirafdı: görmədim
Nə əvvəllər, nə sonlar.
Bu necə bir qüvvədir,
Anlamaz nyutonlar.
Hər bir şey var bu eşqdə,
Ehtiras, söz və ölüm.
Bircə, bircə qürurun,
Qürurun yoxdur, gülüm.
Sevgidə qürur olmur...
***
Dərdlərinə qurban olum,
Dərdini çəkdiyim qadın.
Bulud kimi taleyinin
Üstünə çökdüyüm qadın.
Söndür yanan ürəyini,
İsit donan ürəyini.
Söz-söz sınan ürəyini,
Qələmlə tikdiyim qadın.
Yetsə ömür-qədər minə,
Aşiqəm hər bir qəminə.
Çiçək kimi qədəminə
Ömrümü səpdiyim qadın.
Atəşindən qor vermədi,
Yar yanıma yar vermədi.
Bu eşq niyə bar vermədi,
Şumlayıb əkdiyim qadın?
***
Otuz ildir yoxuşdayam,
Bu yollar düzə çıxmadı.
Sevincim çiçək açmadı,
Çəmənim dizə çıxmadı.
Bu ruhun, canın adıyam
Sanki cəhənnəm oduyam.
Mən zülmətlər övladıyam,
Gecəm gündüzə çıxmadı.
Nələr oldu, nələr, nələr...
Qəmlə doldu piyalələr.
Yazdım şeirlər, nəğmələr,
Mən duyan sözə çıxmadı.
Yarandı Göy, Yer eşq ilə,
Oxundu hər sirr eşq ilə.
Yandı canım bir eşq ilə,
Yandı da, közə çıxmadı.
Kədərimə satdı məni,
Yedi məni, uddu məni.
Bu yollar aldatdı məni,
Bu yollar sizə çıxmadı.
GÜZGÜDƏKİ ADAM
Günəş dənizdən doğur,
Dağda batır, bilirsən.
Solda həyat başlayır,
Sağda bitir, bilirsən.
Bilirsən ki, axşamlar
Haram olur yuxular.
Bir gün gələr bu ömür
Ayağına yıxılar.
Bilirsən ki, həyatın
Qanunu-qaydası var.
Deyirlər, ağlamağın
Ürəyə faydası var.
Bilirəm ki, bilirsən,
Sözü anlamaq nədi...
Bilə-bilə etdiyin
Səhvi danlamaq nədi...
Bu tənhalıq, yalnızlıq
Göl oldu dama-dama.
Getdikcə öyrəşirsən
Güzgüdəki adama.
ZAMAN KEÇİR
Zaman keçir güllə kimi,
Sızlayır yara yeri...
Ağarır ömrün bənizi,
Ağarır qara yeri.
Hər işdə bir xeyir var,
Yanım sənin yanındı.
Yolum haqqın yoludu,
Həqiqət ünvanımdı.
Hər il ömür boy atır,
Hər il ömür gödəlir...
Can torpağa əyilir,
Ruh səmaya yüksəlir.
BƏSİMDİ
Şeirlərdə misra-misra özüməm,
Beş-on nəfər duyan varsa, bəsimdi.
Yar yanımda yar deyilsə, eybi yox,
Ruhu ilə mənə yarsa, bəsimdi.
Eşqi ilə bağlayıb dörd yanımı,
Dondurub hər saatımı, anımı.
Bu od ilə, atəş ilə canımı
Səhər-axşam sarsa, sarsa... bəsimdi.
Kim doldurar eşqi ilə boş vaxtı?
Kim əridib mum eləyər daş vaxtı?
Bu ömrümün payız vaxtı, qış vaxtı,
Bahar mehi məni vursa, bəsimdi.
Sevən qəlbi bu həsrətdən qanasa,
Sevdiyini hər addımda sınasa,
Güzgüləri dönə-dönə qınasa,
Mənim üçün xəyal qursa, bəsimdi.
Haqq uğruna keçdim
daşdan-dəmirdən,
Qaraladım öz baxtımı kömürdən.
Şikayətim, gileyim yox ömürdən,
Daha məni həyat yorsa, bəsimdi.
Mən yerdəyəm, göydə süzür xəyalım,
Divanəlik, dərvişlikdi bu halım.
Can evimi viran qoysa vəfalım,
Ürəyimi belə qırsa, bəsimdi.
ƏRİYİR ÖMRÜM
Şaxta vurub, yel kəsib,
Quruyur ömrüm belə.
Qayğı-qayğı əriyir,
Çürüyür ömrüm belə.
Hal kimdədi halıyca,
Yol hardadı yoluyca?
Bu cəsədi dalıyca
Sürüyür ömrüm belə.
Kimdi qul, kimdi ağa?
Bir canım var - sadağa...
Məni qara torpağa,
Kürüyür ömrüm belə.
Bu candı, yoxsa dəmir?
Nə var içinə gömür.
Şam misalı, bir ömür
Əriyir ömrüm belə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!