Yarpağa nə var, xəzəl olacaq... - Sahib ASLANZADƏ - ŞEİRLƏR

Sahib ASLANZADƏ - 1957-ci ildə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində anadan olub. Uzun illərdir ki, mətbuatda şeirləri ilə çıxış edir. "Alnıma yazılan yazı" adlı şeirlər kitabı çap olunub. Hazırda Tümen vilayətində yaşayır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

Əlində qalmışam

Əlində qalmışam bu yerin, göyün,

Əlində qalmışam dostun, tanışın.

Əlində qalmışam azı min löyün

Ağacın, otların, torpağın, daşın.

 

Əlində qalmışam "dəli" qızların,

Əlində qalmışam dilli qızların.

Əlində qalmışam dəli şeytanın,

Əlində qalmışam Qalaktikanın.

 

Əlində qalmışam bir para kəndin,

Qorxuram...

Qorxuram, dilinin altında qalam.

Deyimmi

Cuna çəkdi ağ dumandan başıma,

Dağ ürəkli bu dağlarım deyimmi?

Xalı sərdi gül-çiçəkdən qarşıma,

Min soraqlı bulaqlarım deyimmi?

 

Məni görcək həyalandı bənövşə,

Sal qayalar bir dayaqdı bu ərşə.

Əl uzatsam çatarammı günəşə?! -

Cökə, palıd ayaqlarım deyimmi?

 

Elə dedim, kimsə məni qınadı,

Qonur daşlar əllərimdə xınadı.

Bir qulaq as, təbiət də bənnadı,

Leysan yağış barmaqları, deyimmi?

Küləyin nə vecinə

Bir dəli külək hərlənir

Yerlə göy arasında.

Hərlənir qaramıza düşüb:

Aramıza düşüb,

Sıramıza düşüb,

Kimisə yoracaq.

 

Bir dəli külək hərlənir

Bağçada - bağda .

Yarpağa nə var,

Xəzəl olacaq.

Budağa nə var,

O  ki, var

Bir - birini yolacaq.

Bir dəli külək bu meşəni "talayıb",

Ağacları var köndələn,

               Ağacları var göydələn.

Biri küləklərin quyruğudu,

Biri ilahi buyruğudu.

Yazıq pöhrələrin gününə,

Yazıq körpələrin gününə.

Küləyin nə vecinə,

 Ələsdi, Vələsdi...

 

Dizini daş aparan oğlan

Məmməd Araza

Dizini daş apardı,

Gözünü yaş aparmadı.

Şalvarından dizi çıxmadı... çıxmadı...

Neynim...

 

Payını "qardaş" apardı,

Dərdini aparmadı.

Dərdi sözə-soya baxmadı... baxmadı...

Neynim...

 

Əlim boş deyil

Dünyanın işləri dizimin üstdə,

Kəsib ata billəm "qızıl" düyməni.

Kirpiyim ox olub gözümün üstdə,

Qan-xata hərləyir elə bil məni.

 

Bir dostun dilində yalan tutmuşam,

Dilinin altında ilan tutmuşam,

Töküb ortalığa ağarda billəm.

 

Dünyanın işləri dizimin üstdə,

Dünyanın üstünə çətir tutmuşam.

Bir sevinc qısılıb gözümün üstdə,

Çoxdandı bir ilıq sətir tutmuşam-

Bir rədif göynəyir,

Əlim boş deyil.

 

Çoxdandı boğulur qulağım səsdə,

Mən bu düşüncədə,

Mən bu həvəsdə.

Bir başım açılsa,

Bir yana çıxsam,

Boğazdan yuxarı dediyim sözün,

Tutub yaxasından hesab çəkərdim.

Adam var, yığılıb bir qarış olub,

Dizinə çırpacaq qarşıma çıxsa.

Dünyanın işləri qat-qarış olub,

Qan örtüb kiminsə gözünü yoxsa...

 

Dünyanın işini desəm birbəbir

Qorxuram dünyanın səbri daralar.

Bir oğlan dünyanı bilmək istəyir,

Dünyanın işini nə bilmək olar.

 

Hələ deyəsiyəm,

Hələ sözüm var,

Çoxdandı özümü mən ovutmuşam.

Dünyanın işini nə bilmək olar,

Yalandan qeydimə qalan tutmuşam.

 

Hələ deyəsiyəm,

Nələr, nələr var,

Qayıdıb təzədən gedim bu yolu.

Hələ bilmədiyim bilməcələr var,

Hərlənir dünyanı gözü yumulu.

 

Əlim ürəyimin üstündə durmur,

Hələ deyəsiyəm,

Nələr, nələr var.

Onadan dünyadan gör, nələr umur,

Dildə qabar olmuş saniyələr var.

 

Dünyanın işləri dizimin üstdə,

Bir rədif göynəyir dilimdə mənim.

Dünyanı böyütdüm gözümün üstdə,

Dünya fırlanmadı əlimdə mənim.

Dərdin alım,

bu dərdləri danlama

 

Xış əkmişəm - ya torpağım bellənib,

Söz əkmişəm - ya dilimdi dillənib.

Gözlərim də gilələnib, göllənib,

Dərdin alım, bu dərdləri danlama.

 

Yanan yerdən tüstü çıxar, qınama,

Eh, özün bil, unamırsan, unama.

Birdən elə xəbər çatar anama,

Dərdin alım, bu dərdləri danlama.

 

Bu dərdlərin ucbatından böyüdüm,

Bu dərdləri görüb yaman söyündüm.

Nələr oldu nəsihətim, öyüdüm,

Dərdin alım, bu dərdləri danlama.

 

Bəlkə elə göyərəsi, bitəsi,

Bəlkə elə ötəsidir, ötəsi.

Bəlkə elə görəmmədim bir kəsi,

Dərdin alım, bu dərdləri danlama.

 

Ya mən əkib-becərmişəm bu gülü,

Ya kim verər bunu mənə könüllü...

Güllər hələ oyanmayıb, mürgülü,

Dərdin alım, bu dərdləri danlama.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!