Sənin xətrinə
Daradım yolların tikan saçını,
Göynədi əllərim sənin xətrinə.
De çoxmu gözlədim yolunu sənin?
Yubandı illərim sənin xətrinə.
Sən yoxsan, dərəni, iyləyəni yox,
Hərdən su verəni, belləyəni yox,
Ətrinə bir misra söyləyəni yox,
Saraldı güllərim sənin xətrinə.
Dağım dağa döndü, bitdi dağımda,
Solumda tapdığım itdi sağımda,
Qocala bilmədim, cavan çağımda,
Ağardı tellərim sənin xətrinə.
Günəşi qaytara
bilmədik geri...
Gəl gedək günəşin batdığı yerə,
Gündüzlə-gecənin yatdığı yerə.
Torpaqdan üzülsün ayaqlarımız,
Gedək başımızın çatdığı yerə.
Tanıya bilmədik heyif, çox heyif
Gözün əvəzinə qaş atanları.
Bulud qamçılasın izlərimizi,
Döysün arxamızca daş atanları.
...Yeri, canım-gözüm, dayanma, yeri,
Deyəsən yolların sonuna gəldik.
Günəşi qaytara bilmədik geri,
Bəlkə arzuları qaytara bildik.
Siz deyin, sizə neynim?
Görə-görə qapandı,
Kor olan gözə neynim.
Yüz ağızda ceynəndi,
Çürüyən sözə neynim.
Közük, alovuq, oduq,
Hələ özgəyik,yadıq,
Bir yerə yığılmadıq,
Dağılan bizə neynim.
Verən, alan içində,
Zəhər ilan içində
Batıb yalan içində,
Boğulan düzə neynim.
Nə qədər mərd olacaq
O qədər dərd olacaq,
Nə qədər pərt olacaq? -
Qızaran üzə neynim.
Əlim üzümdə dustaq,
Dilim sözümdə dustaq,
Özüm-özümdə dustaq,
Siz deyin, sizə neynim?
Allaha nə cavab
verəcəksiniz?
Yenə qış ötəcək, bahar gələcək,
Hələ çox gülləri dərəcəksiniz,
Hər kəsin yerinə cavab verənlər,
Allaha nə cavab verəcəksiniz?
Yalan dilləriniz düz görməyəcək
Üzünüz qırışıb üz görməyəcək,
Qulaq kar olacaq, göz görməyəcək,
Ömür qısa imiş, görəcəksiniz.
Acıya dönəcək şirin balınız,
Şişib uzanacaq qara xalınız,
Bir-bir töküləcək gur saçlarınız,
Zamanın saçını hörəcəksiniz.
Daha ulduzum yox, yəni axdı ki?
Mən baxdım, bir kimsə mənə baxdı ki?
Torpağın altında ölüm yoxdu ki,
Torpağın üstündə öləcəksiniz.
O köhnə kişilər
hara getdilər?
Bu necə istidi yandım, ay Allah,
Başımı soxmağa kol axtarıram.
Əzdim, tapdaladım bütün yolları,
İndi ürəklərə yol axtarıram...
Qaçıram, bəlkə də saxlaya bildim,
Oğruya çatanda yoruluram mən.
Bütün yalanları ötüb keçmişəm,
Doğruya çatanda yoruluram mən...
Biçarə cavanlar sevgidən doydu,
İşvəli gözəllər vara getdilər.
Ölüm cavanlaşdı yüzdən-əlliyə,
O köhnə kişilər hara getdilər?..
Dəyişdi baharla payızın yeri,
Yarpaqlar baharda töküləçəkdir.
Gedin bundan sonra payızda sevin,
Güllər xəzan vaxtı əkiləcəkdir...
Hər gün səhər-axşam döyülən adam,
Özündən uzaqda yaxının varmı?
Gözünün yaşını sel eyləmisən,
Barı dənizlərə axının varmı?
Alasan
Atasına od vurub,
Xalasını alasan.
Bu dünyanı boşayıb
Balasını alasan!
Dəyişik düşüb yerin,
Yaxının yoxmu sənin?
Dosta dəyən güllənin
Yarasını alasan!
Ya dağdan, ya arandan,
Xəbər varmı Turandan?
Vətənimin İrandan
Yarısını alasan!
Çox uzandı dimdiyi,
Süd deyilmiş əmdiyi,
Düşmənin güvəndiyi
Qalasını alasan!
Qaldırasan yerindən,
Yandırasan dilindən,
Rüşvətxorun əlindən
Parasını alasan!
Susma adam, danış, din
Yaşı olmaz igidin.
Ən sonuncu şəhidin
Sırasını alasan!
Mən nə boyda ölüm ki...
Ört bütün qapıları,
Yetər ki, baca qalsın.
Mən nə boyda ölum ki,
Ölüm balaca qalsın?
Mən nə boyda gülüm ki,
Eşitməsin ağlayan.
Bəlkə də o, olacaq
Gözümüzü bağlayan.
Mən nə boyda bölum ki,
Bir tikəni yüz yerə...
Nə qədər əyri getdik,
Yetişmədik düz yerə.
Açılmadı önüm ki,
Köçən köçümdə qalsın.
Mən nə boyda dönüm ki,
Dünya içimdə qalsın?
Səni sevdiyimi
deyə bilmədim...
Çalışdım nə isə çəkdi əlimdən,
Gəldim, qapınızı döyə bilmədim.
Sözlərin hamısı keçdi dilimdən,
Səni sevdiyimi deyə bilmədim.
Yola sal leysanla, yağışla məni,
Toxu ürəyinə naxışla məni,
Bağışla, gerçəyim, bağışla məni,
Səni sevdiyimi deyə bilmədim.
Bir az dərin imiş düşdüyüm dərə,
Anladım, düşərəm nahaqdan şərə,
Qayıtdım yenə də gəldiyim yerə,
Səni sevdiyimi deyə bilmədim.
Bu tale, bu ömür, bu da bir ilsə,
Neyləyim, bu qismət qismət deyilsə,
Bəlkə məndən əvvəl demişdi kimsə,
Səni sevdiyimi deyə bilmədim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!