Sən göndərən şərqi
Sən göndərən şərqi bükdü dizimi,
Mən çətin dikələm qalxam bir daha.
Agah olmaq üçün belə yığvaldan
Gərək vaxt eliyəm çıxam Allaha.
Bu bəxt ilmə-ilmə necə toxundu,
Bu ömür-günü kim qavğardı belə?!
Niyə bu sevgiyə bir yol görünmür,
Niyə dörd yanımız divardı belə?!
Talenin işindən baş açmaq olmur,
Görmədim yetişə dada sevgisi.
Sevgini göndərir divar da çəkir,
Ya divarı qalsın, ya da sevgisi.
Səni gözləyərəm - gözüm yol çəkər,
Amma, mənə gələn qədəmin olmaz.
Gəmiylə doludu çaylar, dənizlər,
Bizi də götürən bir gəmi olmaz.
Bizi də götürsə, göyərtəsinə
Yolboyu həsrəti suya çəkərdik.
Sevginin şəklini gündüz Günəşə,
Gecələr boylanan Aya çəkərdik.
O gəmi uzağa götürə bizi,
Nakam sevgilərin yeri ağlaya...
Sən göndərən şərqi səslənə birdən
Bir gözümüz gülə, biri ağlaya.
Sən göndərən şərqi şeirə döndü,
Misranın, sətirin budu düzümü.
Sən göndərən şərqi su imiş, zalım,
Sən göndərən şərqi yudu üzümü.
***
Bu gün ağlamışam səni düşünüb...
Məndən utanır, -
sevginin üzümə çıxacaq üzü,
Ağlatmışam -
gözümün gözümü görəcək gözü yoxdu.
Şirin ağla məni
Vaqif Səmədoğluna
Ölüm xəbərim sənə çatanda
gərdəkdəki gəlin kimi
heç kəsə görünməzsən,
hamıdan uzaq olacaqsan,
Qapının dalını vurub
ən yaxın sirdaşına,
doğma balana da açmayacaqsan...
Axı məni nə deyib,
kim deyib ağlayacaqsan?!
Qorxarsan qızarmış gözlərini,
səyriyən dodaqlarını görən olar...
İnanmazsan - əllərin bir cüt çəkic,
gözlərin bir cüt şırran olar.
Bir uzun xalat geyərsən -
gözünə dəyər ətək ağlarsan...
Söndürərsən telefonu da
hamıdan qaçıb tək ağlarsan...
Üzünü küncə tut, hıçqır için-için,
Eləcə sərin ağla məni.
Mən səni şirin sevirdim,
Sən də şirin ağla məni.
Adım dilinə gəlməz
İlan vuran ala çatıdan qorxan kimi
qorxarsan adımdan.
Qu sudan necə çıxır -
eləcə quru çıxarsan adımdan
Öz əlin öz yaxanda qalar...
bütün dərdlərin
bu dərdinə muştuluq olar.
Canın sağ olsun
Əllərini ziyarətə
Qoymadın - canın sağ olsun!
O əllərdən bir salamı
Qıymadın - canın sağ olsun!
Canım atəşi sevgini,
Bağrım badaşı sevgini,
Hər şeyin başı sevgini
Duymadın - canın sağ olsun!
Gah duman, gah sisdə gəldin,
İlham üçün qəsdə gəldin,
Hər gün bir az üstə gəldin,
Doymadın - canın sağ olsun!
İndi
Bu şirin sevdalar cana duzaqdı,-
Kor-peşman qayıdıb gəlirəm indi.
Göy niyə bu qədər Yerdən uzaqdı,
Barmaq dişləmişəm, bilirəm indi.
Göz gözdən göz olar - gözə nə baxıb?!
Gözə göz qoyanlar özünə baxıb.
İt-pişik umsunur üzümə baxıb,
Ey dil, ürəyimi bölürəm indi.
İlhama bir oda tikirdim dünən,
Bürcündən yıxılıb hönkürdüm dünən
Mən hansı dərdləri çəkirdim dünən,
Gör hansı dərdinən ölürəm indi.
Allah Laçında tək qaldı
Yurdda nə qalmadı bizdən -
Arısıyla çiçək qaldı.
Biz Allahı qoyub gəldik,
Allah Laçında tək qaldı.
Laçında ardıc ətri
Telli balam, elə indicə
Laçında ardıc meşəsiylə
üzüyenişə çaya endim.
Yoldakı ardıcın altından keçəndə
qolunu boynuma saldı, əl tutdu,
saqqızı əlimə yapışdı,
kor tikanları qulağıma, üzümə batdı.
Budağında buğda dimdik
qaratoyuğu dinlədim.
Acıya çalan ətrindən pay qoydu,
büküb burnuma düyünlədi.
Ayrılanda gözüm nəmlədi,
əlim titrədi...
Telli balam,
Laçında ardıc ətri həsrətin ətridi,
Hara gedirəm o ətir mənimlədi.
Şəkidə payız və sevgi
Ayaqlarımız addım-addım
gəzdi Xan sarayını,
gözlərimiz naxış-naxış...
Babaların ruhuna
bir salavat, min alqış!
Daş küçələrdə qoşulduq
işığı sozalan Günəşə
sallandıq başıyenişə.
Karvansaranı dolandıq.
Karvansara qədim
havasını oxuyurdu -
Başı cilovlu xurcun yüklü atlar,
arpa yeyər, quyruq çırpar, gözün qırpar.
Başı ovsarlı, farmaş yüklü
zınqırovlu dəvələr
gövşək vurar, şirin-şirin gəvələr.
"Ələhməd" dükanının qarşısında
səni çağırıb pıçıldadım:
- Qənşərə dur, dağlar da bizi görsün,
Dağlar yeriyə bilmir,
dağlar böyükdü, balacayıq biz...
Kim bilir, bəlkə, elə bu dağların,
bu payızın yadında qalacağıq biz.
Saralmış dağlara baxdıq
dağlar deyərdin payız rəngli topdu...
Payızın ayrılığı andıran kədəri,
simavar kimi içdən yandıran kədəri
qanımıza, iliyimizə hopdu.
Gördük, yarpağa xal düşür,
yarpaq xallanır,
Gördük payız kəlağayı kimi
dağlardan Şəkiyə sallanır.
Şəkidə payızın sütül vaxtıdı,
Məəttəl qaldıq -
Bu rəngləri təbiət nə təhər çəkib?!
Payız Şəkini ağuşuna alıb,
payız Şəkiyə çəpər çəkib.
Nohur gölündə
Xanım havası
Biz Nohur gölünə çatanda
dar vaxtıydı,
Güllüburun qaralırdı
müqəddəslərin türbəsi kimi...
Göydağ gölü yırğalayırdı
dizi üstündə körpəsi kimi.
Göl xumarlanıb süst düşmüşdü,
meşənin ətəyində məst düşmüşdü.
Gölün sakitliyi ətrafa hakim idi,
Payız yarpaqları körpə ovcu kimi
büküm-büküm idi.
Sahildəki qayıqlar, ağaclar
mürgü tutmuşdu,
Sən iki daşın arasında
saçına baxır -
əlində güzgü tutmuşdun.
Sonra əl-ələ verdik
payızın nəmli cığırında...
Cığırın axırında
dünyaya dəyən şaxlığınla
laübalı baxışınla
dayandın qarşımda,
Əvvəl alın-alına söykəndik,
sonra alnımız qaçdı söykəkdən...
Dodaqlar söykək tutdu...
Əllərimiz bizdən lap bərk-bərk tutdu.
Bizi qucaqlamışdı çölün dumanı,
bomboz kül dumanı - özün demiş -
"zərif, ütüsüz tül duman"ı.
Yadındamı, Nohur gölündə o axşam?-
İkimiz ağacın altında,
meşəni kürk geymiş dağlar ucalırdı...
Hər yan o axşam sənə köklənmişdi -
bir gözəl xanım havası çalırdı.
***
Yaxşı ki, sən varsan, bu darıxmaq var,
Darıxıram - gələn budur əlimdən.
Desəm inanmazsan -
sənsiz olanda
Səninçün darıxmaq tutur əlimdən.
***
Mən sənsiz, tellim, kasıb eviyəm,
Gün keçirirəm yalavac kimi...
Ayrılığın ağrısı içimdə,
Haçadan ayrılan ağac kimi.
Darıxmaq
Sənə necə deyim, necə anladım
darıxdığımı?!
Dad desən dadı yoxdu,
Şəkli, boyu, adı yoxdu -
deyəm ki, budu darıxmaq...
Gözlər yaş paltar kimi sıxılar
görərsən üzünü yudu darıxmaq.
Tək ayaq adamın çəkməsinin
geyilməyən tayı necə darıxar...
Yəqin belə xaraba Ağdamda
boş küçə darıxar.
Bilməzsən necə darıxıram...
Qanadı sınıb dəstədən ayrılan
durnanın darıxmağını desəm,
sən denən azdı,
Bu darıxmaq başında tükü biz-biz edən
yalquzaq ulartısındakı avazdı.
Dərdin nişanı
Telli balam, dərd var söyləsən bitməz,
Uzanar səhərə - dastan kimidi...
Dərd çəkənin üzü gendən bildirir,
Təzə suvarılmış bostan kimidi.
Sən məni gözəl unudarsan
Səndən yaxşı tanıyanım yox,
Məni səndən yaxşı kimsə unutmaz...
Dinmədən, danışmadan,
sakitcə - lal unut, tellim,
Xatirələri dəyməyə qoyma
eləcə kal unut, tellim.
Məni bir ağac hesab eləsən,
Hər budağımda bir xatirəmi -
Bir budağımda o gizlin
görüş yerini unudarsan,
Bir budağımda əlimin sığalını,
Bir budağımda dodağımı,
öpüş yerini unudarsan.
Unut məndə nə gördünsə,
Sənə çəkdirdiyim acıları,
dilimdən çıxan zəhəri unut,
Zəng edib danışa bilmirdim
boğazıma tıxanan qəhəri unut.
Məni səndən gözəl heç kəs unutmaz
Axşamlar balaca eyvanında
tamaşasına durduğumuz
şəhəri, seyri unut,
səni mənə sevdirən sirri-xudanı,
sehri unut,
Heç nəyə rəhm eyləmə -
sənə yazdığm şeiri unut.
Hər görüşdə
yeddiilliyimizi geri salan qorxunu,
Fələyin amansız hərlənən
çarxını unut.
Pünhan gətirdiyim xrizantemi, -
sevdiyin gülünü unut,
Adımı "dəli" qoymuşdun -
mən adlı dəlini unut.
Dəniz, göz yaşı, maşın
Dənizin qaranlığına susayırlar,
Dəniz qaranlığıyla doğma gəlir.
Unatmazdılar, - sən demə
qaranlıq anaş toyuq kimi
sevənləri altına yığır,
Sevən qaranlıqda
özünü suda balıq kimi hiss edir.
Qaranlığın əllərini tutmaq,
öpmək istəyirlər...
...Maşın sahildə saxlayır...
Qadın ağlayır, öpür, ağlayır, öpür,
Sonra öpmək göz yaşına məğlub olur,
başını çiyninə qoyub eləcə ağlayır...
Səsi lap dərindən - illərin arxasından gəlir...
Niyə ağladığı, nəyə ağladığı dilinə gəlmir.
Dəniz duzludu, göz yaşı da!
Kişi qollarını boynuna dolayıb yalvarır:
- Ağlama, pencəyimin çiyni ağarır...
***
Tellim, bu sevgidən çox acı çəkdim,
Yaxına durmazdım ağıl eyləsəm.
Döşlüyün qaldırıb gözün silərdi
Anam sağ olsaydı, nağıl eyləsəm.
Yolu-yolağası bağlı - görüşmək,
Müşkülə çevrildi, əngələ döndü.
Dedim ötəridi, keçib gedəcək,
Bərkidi içimdə heykələ döndü.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!