Odu üşüyən şam... - Nuranə NUR - ŞEİRLƏR

 

Odu üşüyən şam

Boyunda ucalıq hissi,

Bətnində Günəşi qucaqlamaq.

Yerin cazibəsindən də güclüdür,

Qəmzəsində gizlətdiyi ulduz

Milyon illərdi parıldayır.

Oğlunun ilk topu - böyrəkləri,

Qızının ilk gəlinciyi - göbəyi.

İlk beşikdi o,

İlk oyuncaq.

Bütün qadınların arzusu,

Doğma həyat sancısı...

Özünü hamıdan soruşan,

Odu üşüyən şam...

Bir çiçəklik çəmən,

Bir ağaclıq meşə...

Hazır yanmağa həmişə.

Razıdır adını unutsun hamı

"Ana" desinlər ona.

 

Gəncliyim

Gedirsən...

Elə gedirsən ,

Barmaqlarımın ucundan axa-axa,

Gözümün içinə baxa-baxa,

Yavaş-yavaş, alışdıra-alışdıra...

Fikir eləməyim deyə,

Ağlımı qarışdıra-qarışdıra gedirsən.

Lövbərini sahilə atıb gedən gəmi kimisən,

Dönməyəcəyini bilirəm,

gözləmirəm yolunu.

Amma baxacam arxanca, 

Gözlərimin qarası ağında əriyənə qədər.

Saçlarımı vida yerinə yelləyib,

Əllərimi üzümə sıxıb yola salıram səni.

Heç getməsəydin keşkə...

Gedişin günəşli günlərimə

qara bulud kimi çökür.

Ayları, illəri  bölüşürdük

Göy qurşağım idin mənim,

Gözlərim yağandan sonra görüşürdük.

Sən gedirsən...

Hər gün bir az uzaqlığınla boyanır,

Yaşıl yatıb, sarı oyanır yuxularım.

Həyatımı baxış-baxış süstləyənim,

İllərimi naxış-naxış işləyənim,

Sənə demək istədiklərimi

                        ürəyimdə qoyursan.

Tətiyi çəkilmiş tüfəng kimisən artıq.

Gözlərimdən, baxışlarımdan,

əllərimdən, saçlarımdan gedirsən.

Gedirsən...

Barmaqlarının ucundan axa-axa ,

Gözümün içinə baxa-baxa .

Yavaş -yavaş, alışdıra-alışdıra...

Fikir eləməyim deyə,

Ağlımı qarışdıra-qarışdıra,  gedirsən.

Alacağın olsun həyat,

Onsuz da bütün sevdiklərimi alacaqsan.

Qoy onu sevə-sevə yola salım.

Əzizim, özünə yaxşı bax deyə bilməyəcəm,

Əlvida deməyə də dilim gəlmir.

Məni unutma...

Məni unutma... gəncliyim.

 

Foto

Nə vardı gözlərindən gələcəyi oxumağa,

keçmişini  xatırlatmasaydı.

Belə  yaxın durmasaydı,

nəsə uydurmasaydı...

Özündən gizlənməsəydi, bu  baxışlar.

Düşüncələr qucağından qoymur yerə,

bu dəcəl uşağı.

Qoysa yoxuşlara yuvarlanar.

Xəstələnib sakit durunca dəcəl uşaqlar,

Anaları yalvararlar Allaha,

Tez sağalıb, dağıtsın ev eşiyi.

Ən sevdikləri, qoruduqları

            əşyaları verərlər əllərinə.

Bax, elə vermişəm könlümü.

Bircə  mən bilirəm,

Ən yaxşı fotosu

Ömür boyu çəkdikləridir bu adamın.

 

Bu gecəyə                                          

Bu gecənin qaranlığı,

Qaranlıq qalırdı mənə.

Oydum gözlərini,

Yırtdım ulduzlayan bətnini,

Odlayıb, söndürdüm ayazını.

Bu gecənin hər misrası,

Nağıl rəngdə kabus imiş.

Süfrə açdım göy üzünə,

Buludlar iştaha gəldi,

Yuxuların qarnı toxdu.

Axtardım səhərə qədər,

Bu gecənin

Cini var, lampası yoxdu.

 

Yaşım qədər

Axşamüstü geyinincə

O işıqlı paltarını,

İncə qaranlığından,

Qapısını döyüb qaçmaq istəyirəm

                                   bu şəhərin.

Çıxmaq istəyirəm övladlığından.

Kövrək Ay öpər üzümdən,

Sonsuzluq tutar əlimdən.

Çox sular axdı,

O körpünün altından.

Külək çoxdan qırıb,

O buludun qanadını.

O körpüdən, o buluddan

Çəkdim yorulmuş gözümü.

Yol yolçunun xərcliyidi,

Yollardan aldım özümü.

Nə bir ünvan tanıyıram,

Nə bir insan,

Dincəm indi.

Bilmirəm kim xatırlayar ,

Yaşım qədər gəncəm indi.

 

Metro

İndiki zamana aiddir bütün feillər

Qapılar bağlanır, növbəti stansiya..."

"xahiş olunur, vaqonlardan düşərkən,

əşyalarınızı götürməyi unutmayın"

Fikrim axır, axır

Susuram,

ona qədər susdum.

Sonra bütün dillərdə susuram.

Nə pəncərəsini Günəş qamaşdırır,

Nə qapısını külək döyür.

"Sim-sim qapını aç" sözü də çıxıb

hamının yadından.

Qapılar açılır

Fikirlər boşalır,

Yeni fikirlər dolur vaqona.

"Uşaqlı qadınlara, əlillərə yer verin"

Qucağı əylənir bir ikisinin.

Fikirlərin əsasını, arabasını alır

O biri fikirlər.

İndiki zamana aiddir bütün feillər

"qapılar bağlanır,

            növbəti stansiya 20 Yanvar,

Next station is 20 yanvar"

Fikirlər dərinləşir, gərginləşir

Beyinləri eşir, deşir.

Əsalı fikirlərdən utanır vaqon.

Burda indiki zamana aiddir bütün feillər

"Mənə "Azadlıq" stansiyası lazımdı" - deyir.

Bayaqdan bütün dillərdə susuram.

"Azadlığa gedən yol 20 Yanvardan keçir".

 

Həyat

Yordum səni, həyat

Üz çevirsən də məndən,

düz gözlərinin içinə baxıram...

Gözlərinin dilini yaxşı bilirəm.

Rahat olsun başqasına verəcəyin könlün,

Bir öpüş də almağa qıymadım,

Başqasını sevərsən deyə...

 

Bəlkə

Sinəmdəki yaralarım,

Qaradinməz dualarım,

O alnından öpüləsi

Günahlarınla  qocalır.

Tanrı bəlkə də qadındı

Bağışlamağı bacarır.

 

İşarə

Barmağına bir işarə qoy,

Unutmaq üçün...

Ayağına küçələri dola,

Qaçmaq üçün...

Dərin bir nəfəs al,

Boğulmaq üçün...

Vəssalam.

 

Oğluma...

Oğlum, bəlkə darıxmağın

Həddini çoxdan aşmışam.

Səni üşütməsin deyə,

Bu il qışla dostlaşmışam.

 

Sevmədiyin yeməkləri

Bişirirəm sən gedəndən.

Gedən gün yemək yeyəndə,

Tikəni saldın əlindən.

 

O tikəni yeyib doydum,

İl yarım sonra acaram.

Darıxmaq orucu tutdum,

Sənin qoxunla açaram.

 

Sən olanda evdə hər şey,

Qarışardı bir-birinə.

İtirdiyin əşyaları,

Tapıb qoymuşam yerinə.

 

Sənin paltarların mənə

Deyirlər, yaman yaraşır.

Zəngini gözlədiyim an,

Fikrim o dağları aşır.

 

İgid oğlum, Vətən sənin

Sən Vətənin əmanəti.

Bu bir şeir deyil, balam

Bu bir qürur əlaməti.

 

Səni gətirən yollara

Mən baxıram, sən heç baxma.

İkimizin yerinə də,

Darıxaram, sən darıxma.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!