Yuxu içində
Yuxu kimi gəlir ötüb keçənlər,
Nağıldan qopmuşdu o yaz görünür.
Oyaq qaldığımız uzun gecələr
Ay Allah, necə də bəyaz görünür!
Nələrsə deyirdim düşüb tilsimə,
Göylərin ulduzlu yaraşığından.
Sən də heyran-heyran baxıb üzümə,
Möcüzə umurdun ay işığından.
Görən o sözlərdən varmı yadında? -
Göydən gətirmişdim durna telində.
De, nələr deyirdim könlüm adından
Bənövşə dilində, nərgiz dilində?!
Biz iki bəxtəvər duyurduq ancaq
Aylı gecədəki o həzin dili.
Telindən savayı, əlimdən özgə
Kim bilə bilərdi de, bizim dili?!
İndi yuxu kimi gəlir o gecə
Dalğalı axarı qəhətdi şerin:
Uşaqlı bir qadın gülür gizlicə;
- Demərəm yerini süd kəlmələrin...
Bu gecə
Bizə də yer varmış dünya üzündə,
Üz-üzə, göz-gözə gəldik axır ki...
İnana bilmirəm sənsən önümdə,
İlahi gözlərin elə yaxın ki...
O uzaq illərdən soraqmı gəlib? -
Tanrının nurudu bu sirli gecə.
Yaşın on beşindən qonaqmı gəlib? -
Saçların qoxulu, ətirli gecə.
Könlümü titrədən işıq əllərin
Baharı çağlayan bir quş olubdu.
Utancaq, həyalı, uşaq əllərin
Toxunub çiynimə bihuş olubdu.
Dayanaq beləcə könül-könülə,
Min illik yol qalsın gündüzə qədər.
Aya istəmirəm, ay yaxındadı,
Gəl gedək ən uzaq ulduza qədər.
Uzansın bu gecə sonsuza qədər...
Gərək olmur
Boşla getsin boş öyüdü,
Ürəksizdə ürək olmur.
Kim tanımır yaş söyüdü,
Əyiıləndi, dirək olmur.
Nə deyəsən, bu mizana,
Yazını əyri yazana.
Milyon yığa, min qazana,
Çörəksizdə çörək olmur.
Dünyanın oyunu çoxdu,
Yalanları yağlı oxdu,
Mərdin sözü "hə"di, "yox"du,
Onda "baxaq-görək" olmur.
Orxan Paşa, öyrət bizə,
Doğruları söylət bizə.
Qeyrət heç vaxt qeyrətsizə
Lazım gəlmir, gərək olmur.
Minarəli bir şəhər
Dəniz qırağında
minarəli bir şəhər,
Dalğalanır xəyalımda
axşam-səhər...
Sevimliydi o şəhərin
tez-tez yağmur tökən
buludlu göyləri,
quzeyinə bir az mamır çökən
qızıl kərpicli evləri,
qırmızı kirəmidli damları,
havasına, suyuna
oxşar adamları.
...Sehirli minarəsi
bir ayrıydı ancaq,
bir ayrıydı
minarənin
yanında qalmaq;
bir ayrıydı
ondan umud almaq,
işıq almaq.
İllərdi...
illlərdən bəridi
getmir gözlərimin önündən
kərpicli-kirəmidli
o yağmur şəhəri,
getmir
sehrli minarəçiylə
başlanan axşamı,
açılan səhəri...
Ürəyindən öpdüyüm
Bilsən, necə ürəyimə düşübsən,
Darıxanda biləyindən öpdüyüm.
Dalğalanıb yaxınımdan keçəydin,
Havasından, küləyindən öpdüyüm.
Harda qaldı öz-özünə küsməyin,
Qübarlanıb sərin-sərin əsməyin?!
Gözəliymiş hərdən asıb kəsməyin,
Tənbehindən, gileyindən öpdüyüm.
Necə çəkim bu verdiyin möhnəti?!
İndi mənəm dərdlilərin söhbəti...
Yarasına sığal çəkib xəlvəti
Ağrısından, göynəyindən öpdüyüm.
Nisgilimi gizlədirəm qələmdə,
Günahsızdı öldürən də, ölən də.
Tər geyinib, tər bəzənib gələndə
Baxışımnan kürəyindən öpdüyüm.
Orxan Paşa, uçub körpüm-dirəyim,
Heç demirmi hanı könlü kövrəyim?!
Ürəyindən nigarandı ürəyim,
Ürəyinmə ürəyindən öpdüyüm...
Yuva kimi
Sağıma-soluma keçib
bir bəhanəylə
əyilirsən çiynimə;
ilıq öpücüklər
səpirsən boynuma -
ovsun kimi,
dua kimi.
Mən də içimə çəkib səsimi
uduram doymadan
bənövşə ətirli nəfəsini -
işıq kimi,
hava kimi.
O ilıq öpücüklər boyu
canıma-qanıma yayılırsan
loğman kimi,
dərman kimi,
dava kimi,
şəfa kimi.
Beləcə hər gün
sığınıb gizli göz yaşına,
dolanırsan uçuna-uçuna
ürəyimin başına -
qonub isinmək istədiyin
yuva kimi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!