Hələ sevməliyik bir-birimizi... - Fəxrəddin Əsəd - ŞEİRLƏR

 

Mən ordaydım -

qapının qarşısında

Ay buludlardan boylananda.

çərpələng uçurmaq istərkən

qapının o üzündəki

tanış qoxunu duyduğu an belə,

ipin ucunu körpəcə əllərindən

buraxmayan uşaq kimi.

Ay gördü məni,

gördü də mən duymadım.

Çərpələng uçururmuştək

əllərimi uzatdığım boşluqda

Ay işığının üzümdə necə oynadığını

sən də görürdün, İlahi!

Elə indi də   görürsən

əl uzatdığım boşluqdan

uçurumun dibinə necə yuvarlandığımı.

 

Taxta  qapı...

qaranlıq küçəyə atılıb

kiminsə qorxulu yuxusundan.

Belə qaranlıq gecələrdə

o qədər üzümə qapanıb

qalmışam arxasında.

İndicə içəridən bir əl çıxıb

üstümdən xatirələrin tozunu çırpacaq,

Sonra da çəkib məni

uşaqlığın nağılına aparacaq.

Mən bir pərvanə mizrabam

görən kimin səsi gələr

əlimi qapıya toxundursam?

Nə qapı açılır, nə məni səsləyən var.

Bilirəm, İlahi, üzümə açılmaz

sən açmayan qapılar!

Məni Ay işığı yerimdən oynatdı

anamın sığalını görüb əllərimi uzatdım...

İşğal olunmuşuq;

əsir-yesir xatirələrdi bizə qalan,

gəl buradan gedək, könül,

daha yetər, yetər...

Boş-boşuna xəyallar qurmaq

düşmən qapısına getməkdən betər.

Biz ki, əl açmadıq heç kimə

ürək açmağa da bir kimsəmiz yox.

hələ mənzil başına var deyib

fələk bizi qovur, qovur,

necə ki, külək buludu.

Niyə bilmədik, bilmədik

unudulan sevdalara

yas tutulan yerlər budu!

Şükürlər olsun sənə, Tanrım,

bir ömür yaşayıram

bir udumluq hava varsa bəsimdi.

Su üzərində köpük necə olur?

bu axşam canım elə yüngül.

Yox, yox, demirəm

bu can ağrısız qala,

ağrılar unudula

axı su üzərində köpüyün də

hərdən-hərdən naz satmağı var -

dalğaları oyada-oyada.

Yetər ki,

sonacan üzməyə nəfəsi çata...

***

Bir gün sən də bezib

bu yerdən getmək istəsən,

yəni harasa getmək

özündən uzaqlaşmaq.

Amma bilməzsən hara...

Duyğular hücum çəkər,

içində baş qaldırar

çoxdan gözlənilən dalğalar.

Bir də görərsən

uzaq okeanlara üzən

gəmiyə dönüb buludlar -

indicə limandan ayrılacaq.

Sərnişinlərin arasında adın yox,

uçmağa qanadın yox,

səni götürməz bu gəmi...

Hələ  sevməliyik bir-birimizi,

hələ nəfəs alır, hava uduruq.

Hələ dözməliyik bir-birimizə,

hara gedəsiyik buradan durub?

 

Yol hələ uzunsa, ömür beləsə,

dərəsi, təpəsi, yoxuşu belə.

Hər günü mövsümtək dəyişən ömrün

istisi-bürküsü, yağışı belə.

 

Daha söz deməyə dilim gəlməyir,

tale də, qədər də qınaq yeridir.

Burda bizsiz ağrıları çəkən yox,

yeri canım, nə durmusan, yeri di.

 

***

Vaxtlar vardı mən də sənin kimi

macəralarla dolu dünyayla savaşdım.

Amma nə qədərə  güc gələ bildim,

nə də taleyimi dəyişdim.

İndi hər şeydən -

yaşımdan, başımdan,

sənin gözlərindən utanıram, oğlum!

Hara baxsan hara getsən də

düşüb-qalxdığın yoxuşlar yollar,

bu lənətə gəlmiş suallar qorxulu.

Hələ demirəm qapını vaxtsız-vədəsiz döyən

ömrün payızı var,

payızın da nazı...

Eh, sənə nə desəm də hamısı birdi.

Retro havası üstündə kökləyib

fələk əlindəki sazı.

Bir baxsana,

əlvan rəngləri sevsəm də

hər havada bir rəng alır qırışları üzümün

macəralarla dolu ömür yaşayanlar

sonda xatirələrlə ovudur özünü...

 

***

Erkən payız səhərində

Anna Germanın səsi

pıçıltıyla süzülür könlümə;

mən can verdim,

sən can vermə ölümə.

Sərxoş səsə dönüb

payız səhəri,

sərxoş səsə dönüb

əski günlərin xatirələri...

***

Qəfil gəldi yağış,

pəncərəmin şüşəsi tel-tel, naxış-naxış.

Saatlar ötüb keçir,

yağış elə həsrətlə, elə ləzzətlə yağır.

Şeytan məni dilə tutur,

Cəhənnəm olsun hər şey,

dur pəncərəni aç,

tullan gölməçənin düz ortasına

eləcə yağır yağış

pəncərəm naxış-naxış.

Şeytan bic-bic göz vurur:

- Hə, nə oldu niyə durdun,

yoxsa yağışdan qorxdun?

Durub pəncərəni açıram

lənət yağdıra-yağdıra şeytana

başımı tuturam yağışın altına.

Axı xatırlamalı çox şey var

bu yağışın altında!

***

Həndəsi fiqurlara oxşayır getdiyim yollar

hər döngəsi, hər dalanı

düz, əyri xətlərlə dolu.

Alnımın səcdəyə gəlməsiylə

nurlandı qamış qələmim,

ta əyri xətlər də tanışdı mənə.

Ruhun diriliyi cəm kimidi

qafiyəsiz sözlərin yeri dəyişsə də,-

qoca dərviş danışdı mənə! 

Karvankəsənlərin gözündən iraq,

yükümü tutmuşam, İlahi!

Xurcunumun bir gözündə

qoca dərvişin xeyir-duası,

o biri gözündə

Məcnun sevdası...

***

Pəncərədə sükut

qapını çırpıb evdən gedən qadındı ümid.

Yuxuda gördüyüm göyərçin

uçub qondu pəncərəmə,

qanadından qan damır,

titrəyir, çırpınır, yorulur.

Bəlkə o quşcığazla

mən tale ortağıyam,

eyni budaqdan düşmüş bəxt yarpağıyam.

Əvvəl-axır tapacaqdı məni,

bəlkə elə ömür boyu

gözləmişəm mən də onu.

Göyərçin hardan bilsin

göylərə üz tutan sevdalılar

beləcə bir gün uçub-uçub yorulur,

yorulunca qanadından vurulur.

***

Qapının qarşısında durmuşuq -

kölgə, mən.

Kölgə tərpənir birdən,

döyümmü bu qapını,

bəlkə çıxıb gedim?

Gedirəm kölgə gedir,

dayanıram dayanır.

Yenə məndə köhnə istək oyanır.

görən qapını döysəm kimin səsi gələcək?

məni tərpədir kölgə

getsəm-güləcək.

kölgə macal vermir

əlimi uzadım düyməyə,

üzümə açılacaq

sonuncu qapını döyməyə...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!