Yanğı
İçərisinə fitil qoyulmuş sözlər
alışır,
yandırır adamı.
Əridir içindəki yaxşılıqları,
dönüb daş olursan.
Güllə kimi açılırsan,
tüfəng kimi boşalırsan.
Nə qədər adam ölür
intihara gedən
sözlərin əlində,
Bir qəbrə qoyulur
öldürən də,
ölən də!
Son
Bu qədər sadə:
Əl üstə böyüdün,
indi əllərdə ölürsən.
Oturub sənə tale yazana
sən də doyunca gülürsən.
Bu idimi əvvəlin,
bu idimi axırın?
Kiminin başı doldu getdi,
kiminin də axuru!
O vurhavurda
özünü hər yerə vurdun,
Büdrədin yıxıldın,
dirçəldin durdun...
İndi bir sinədana,
bir başdaşına ümidin gəlir,
onu da qoyalar-qoymayalar!
Diriykən bir şey deyildin,
qorxursan ölərsən,
adam saymadıqların
səni adam yerinə saymayalar.
Söz
Ələddin Əzimliyə
Ruhum oynadı, qardaş, bu şeirlərin əlində,
Şeir deyil, vəyhdi, ilahidən gəlir.
Şeir var, oxuyursan, başından tüstü qalxır,
şeir də var, fikrinə sığal çəkir,
ruhun dincəlir.
Bilirəm, hər sətir bir ocağın közü kimi
Ürəyini yandırır,
əllərini kül edir.
Bu qaynar fikirlər
dərd dağıdır,
qəm şələsini yüngül edir.
Sən uçursan,
qanadların sözdü,
sözdəndi əynin-başın,
sözdəndi ən dadlı xörəyin.
Bu ağırlığa tab gətirmir
sözün üstünə qoyduğun ürəyin.
Külün dərdini çəkmə,
yanan ocaqdan köz qalar,
Ömürünü sözə verənlərdən
bir ömürlük söz qalar.
Tanışlıq
Məni tanıyanları
yaxşı tanımıram,
bunu yaxşı bilirəm.
Hərdən özüm-özümə gülürəm.
Dost dediyim
zərbəni kürəyimdən vurur,
Yar bildiyim
yarıb ürəyimdən vurur.
Dərdinə şərik olduğum
dərd olur mənə,
Günə çıxardığım
məni qoyur
yaman günə.
Bu yolda palçığa çox batmışam,
yenə girirəm,
Palçığa tüpürəndə,
elə bilirəm,
özümə tüpürürəm.
Bilirəm, səhv edə-edə
ağıllanır adam,
ağıllı adam
başqasının səhvindən dərs alır.
Canım, indi gəl,
dostları, tanışları
bir-bir öyrən -
tanıdıqlarımın arasında
elə tanıdığım qədər
tanımadığım qalır.
Yeriş
Yerişin də növləri var:
Başını dik tutub yeriyirsən,
dikbaş deyirlər.
Sağa-sola burnunu soxursan,
üzünə gülüb,
arxanca söyürlər.
Dinc oturmursan,
çoxbilmiş deyirlər,
özün də bilmirsən,
səndən nə istəyirlər!
Baxışın buludlara dirənir,
gözün göydə qalır -
kiminsə ürəyinə yatmır.
Yerəbaxan ol, deyirlər,
qəpik-quruş taparsan,
göydə ulduz olur,
ona da əlin çatmır.
Yetim
Atalı-analı yetim olmusan,
Yetim tək böyüyüb yaşa dolmusan.
Bu yetim bəxtinə çox vurulmusan,
Nə günə çıxırsan, nə də işığa.
Qəmin çiçəkləyir, təzə-tərdimi?
Səni yaş isladıb, quru sərdimi?
Dastan eyləmisən yetim dərdini,
Nə saza deyirsən, nə də aşığa.
Dərdinin üstünə dərdlər calanır,
Odun nalə çəkir, közün qalanır.
Yetimin sözü də yetim dolanır,
Nə yazıya gəlir, nə danışığa!
Pis adama
Abırmı dilənirsən,
ismətmi gəzirsən?
Hanı sənin itirdiklərin?
Boy verib,
özünə çəpər çəkib
böyür-başında bitirdiklərin!
Dostun da dadlısı,
dadsızı olur,
acı,
şirin,
kəmşirin adamlar var.
Sən bəslədikcə pisliklləri
cır meyvə ağacı tək,
əməlin məhsul verir,
xislətin də bar.
İndi çıxa bilmirsən özündən çölə,
öz əlinlə hördüyün çəpəri aşa bilmirsən.
Yadlaşa-yadlaşa gedirsən,
bircə özünə yadlaşa bilmirsən.
Şeir elə, budur
Deyirsən. bekar olanda şeir yazıram,
deyirəm, yaz,
mən də bekar olanda oxuyaram.
şeir adına bir şey tapmayanda,
sənin şeirinin ümidinə qalanda
oxuyaram.
Əslində, bəyənirəm sənin bekar şeirlərini,
yaxşı ki, bekarçılıqdan
ona-buna daş atmırsan.
Sən ürəyini qoyursan sözün üstünə,
qəzəbini, kinini sözə boşaltmırsan.
Gör, şeir nə qədər insanı kövrək eləyib,
nə qədər şair gecələr söz ovuna çıxır!
Dəli hisslərini ürəyinin oduyla qalayır,
kövrək misralarına gözünün yaşını sıxır.
Kim nə deyir, desin,
vallah, şeir elə budur -
şeirin adama çevirdikləri...
Kalambur
At, canım,
at səni atanları,
at sənə atanları,
çıx get,
çıx özündən get,
öz gözündən düş,
öz sözündən get -
atanlar atılıb qalsınlar,
Çək özünü apar,
oxşamışlarına çək.
Çək,
ürəyini çəkənlərin
ürəyini çək,
çəkisini itirənlər
səni çəkə bilməsin
özünə...
Ərdəbilin kitab dükanında
Kitablar
ağı deyib ağlayır,
qıyha çəkir,
şivən qoparır.
Ərşə qalxır nohəsi,
mərsiyəsi ürək dağlayır.
Qızıl qırmızı kitablar
yaşıl alova bürünür,
öz külü üstündə tüstülənir tarix,
fikrimi qaranlıq səhifələrə çəkib aparır.
Ərdəbilin dükanlarında
türk dilində kitab gəzirəm,
boş rəflər
əlimin istisindən alışıb yanır.
Göy Tanrının yurdunda
göy kişnəyir,
bulud ağlayır,
hər tərəf yaşıla boyanır.
Bax, gör, necə unuduram dilimi, Tanrı!
Min kitabın,
milyon kitabın içində
mənimlə danışan
bircə kitab gəzirəm
gözümə dərman olsun.
Cavab ver, Tanrı,
mən nə qədər gözləməliyəm,
bir Şah İsmayıl,
bir Babək doğulsun?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!