Edmund Spenserin sonet dünyası

XVI əsrin ikinci yarısında Britaniyada yaşayıb-yaradan, yaradıcılığı ilə dünya ədəbiyyatı məkanında Edmund Spenser (Edmund Spenser, 1552-1599) adını yüzilliklərin yaddaşına yazan ingilis şairlərindən biridir. Onu da qeyd edim ki, o, yalnız şair kimi deyil, həm də Qərb-Şərq ictimai-tarixi və mədəni əlaqələrinin unudulmayan alimi kimi ədəbiyyat tarixində xatırlanır. Onun 1596-cı ildə yazdığı təxminən yüz səhifədən ibarət olan "Müasir İrlandiyanın tarixinə nəzər" adlı nəsrlə yazdığı dialoqu ölümündən sonra - 1633-cü ildə nəşr olunmuşdur. Bu ədəbi dialoqunda Edmund Spenser şotland və irland etnogenezində türk-iskit tayfalarının müstəsna yerini müəyyənləşdirməyə çalışmış və sonralar müstəqil ölkə kimi tanınan Şotlandiya və İrlandiyanın keçmiş tarixinin və mənşəyinin böyük bir qolunun Şərq ölkələri tayfalarının adı ilə bağlılığı haqqında tarixi və ədəbi sübutlarının şərhini təqdim etmişdir. Lakin Britaniya ədəbiyyatında və poeziyasında Edmund Spenserin ikinci dəfə ailə həyatı qurduqdan sonra - həyat yoldaşı, irland qızı Yelizaveta Boyla yazdığı sonetləri ilə şöhrət qazanmışdır. İndi ədəbiyyatı və poeziyanı öyrənənlər Şekspir sonetləri ilə yanaşı, Spenser sonetlərini də sevə-sevə mütaliə edirlər. Xanəhməd Novruzov uzun illərdir ki, Britaniya şairlərinin, xüsusilə şotland əsilli Robert Börnzün şeir və nəğmələrini sevə-sevə dilimizə tərcümə edərək gözəl poetik tərcümə nümunələrini yaratmışdır. Bu günlərdə onun Edmund Spenserin sonetlərindən bir neçəsinin poetik tərcüməsi ilə tanış olanda, onun hələ tələbəlik illərindən müşahidə etdiyim poeziyaya olan hədsiz maraq və sevgisinin qığılcımlarının alovlandığını gördüm. Ümid edirəm ki, Xanəhməd müəllimin bundan sonra da orijinaldan etdiyi tərcümələri oxucuların xoşuna gələcək, zövqünü oxşayacaqdır - Şahin Xəlilli

Edmund Spenser

1

Sevgilim, nə üçün zalımsan belə,

Sənin baxışında ölüm gücü var.

Tanrı rəhm edəndir, sən də rəhm elə,

Bil,  qurmaq pozmaqdan çox güclü olar.

 

Eşqimə həmdəm ol, çataq vüsala,

Göstər qüdrətini, çat fəryadıma.

Lakin dosta deyil, göstər gücünü

Sənin sevmədiyin öz düşmanına.

 

Qoy duysun zülmünün qüdrətini o,

Sənin baxışların öldürər onu.

Yalnız  dərk etdikdə həsrətini o

Sənin xoş baxışın güldürər onu.

 

Bu dünya cənnətə dönər rəhminlə,

Biz xoşbəxt yaşarıq onda səninlə.

 

2

De nə vaxt bitəcək bu dərd, bu kədər,

Yoxsa, taleyimə yazılıb zülüm.

Gülüm, həsrətinə dözüm nə qədər? -

İnan, bu həsrətdən yaxşıdır ölüm.

 

Mənim bəxt evimi qəm-qüssə alıb,

Yoxsa, taleyimlə barışmalıyam?

Onun qəddarlığı durmadan artıb,

Bəlkə bu kədərə alışmalıyam?

 

Nə qədər etsən də zülüm, bir düşün,

Qazancın çox deyil sənin zülmündən.

Mənə nifrət etdin, baxma ki, bir gün

Sənin şan-şöhrətin getməz könlümdən.

 

Göz yaşı içində salaraq yada,

İtirib-taparsan məni dünyada.

 

3

Saxta gülüşlərə gəl sən inanma,

Əvvəlcə sına sən, sonra da inan.

Onlar bir tilovdur çatmaz dadına,

Tora düşənləri aldadılmış san.

 

Saxtalıq, vədlərlə zəif qəlbləri

Daima çaşdırıb üzər, aldadar.

Yalandan yoğrulub çox əməlləri,

Onda rişxənd edib, gülmək gücü var.

 

Qanlı əlləriylə öldürür, ancaq

Gözəl gözləriylə gülüş bəxş edir.

Bu zalım oyundan sevdalanaraq,

Beləcə əzabdan qurtulub gedir.

 

Unutma, gözəllik aldadıcıdır,

Saxta məhəbbətin sonu acıdır.

 

İngilis dilindən tərcümə edəni:

Xanəhməd Novruzov

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!