Səni niyə çox istədim, bilmədim,
Elə bil ki, mən olmusan nə vaxtsa.
Uşaq kimi əllərimdən tutmusan,
Saçlarımda dən olmusan nə vaxtsa.
Dəryalardan xilas edib Nuhumu,
Öz üstünə götürmüsən ahımı.
Günəş kimi əritmisən ruhumu,
Yollarımda çən olmusan nə vaxtsa.
Hər nə var bu şıltaqlıqda, inadda,
Sanki səndən bir parçadı həyatda.
Elə bil ki, həyatımda bu adda
Sən olmusan, sən olmusan nə vaxtsa.
Bax, yanıram bu atəşdə köz kimi,
Darıxıram bir sahibsiz iz kimi.
İndi-indi söz kimisən, söz kimi,
Səs olmusan, ün olmusan nə vaxtsa.
Möhür sənin... sən verdiyin arayış,
Məhəbbətdən-məhəbbətə sıçrayış...
Sanki sənə eyləmişəm sitayiş,
Üz tutduğum yön olmusan nə vaxtsa.
Bir eşqdi bu, nazil olub kitabla,
Bir könüldən min könülə əzabla.
Yüz ildən bir qayıdırsan... hesabla
Beş olmusan, on olmusan nə vaxtsa...
Özün saldın olanları cədvələ,
Qovuşmadı bu dünyada əl-ələ.
İndi niyə qayıtmısan əvvələ? -
Özün axı son olmusan nə vaxtsa.
Səni niyə çox istədim, bilmədim,
Elə bil ki, mən olmusan nə vaxtsa.
İndi-indi söz kimisən, sevgilim,
Səs olmusan, ün olmusan nə vaxtsa.
***
Ha topladım, ha çıxdım,
Sıfır bir olmadı ki.
Açıq-aşkar darıxdım,
Sirrim sirr olmadı ki.
Nə çəkirmiş bu təklər,
Üz döndərdi mələklər.
Baş qoyduğum ətəklər,
Ocaq, pir olmadı ki.
Səsim yetmədi Nuha,
Nəfəsim döndü aha.
Bu dünyada bu ruha,
Cana yer olmadı ki.
Aha bax sözdə, səsdə,
Son arzuda, nəfəsdə.
Bu adam dar qəfəsdə
Öldü, hürr olmadı ki.
Bax, bu ruhdu, bu candı,
Didərgindi haçandı.
Taleyim misralandı,
Bu, şeir olmadı ki.
***
Gül qoxuyur min ildi,
Təravətdi bu sevgi.
Mərhəmətdi bu sevgi,
Lətafətdi bu sevgi.
Sanma ki, unutmuşam,
Öz səsimi udmuşam.
Qibləmə üz tutmuşam
İbadətdi bu sevgi.
Al, bu ruhdu, bu bədən.
Allah olmaz bəndədən.
Səndə də var, məndə də,
Cəsarətdi bu sevgi.
Çıx zülmətdən zahirə,
Və ilaxır, sairə...
Şöhrətdi bu şairə,
İnayətdi bu sevgi.
Qovuşmasa əl-ələ,
Ya yaşaya, ya ölə.
Dustağındı bu kölə,
Əsarətdi bu sevgi.
Tutub qara yas məni,
Bir qəmli avaz məni.
Saçlarından as məni,
Cinayətdi bu sevgi.
Çıx gecədən gündüzə,
Möcüzəsən möcüzə.
Şan gətirir hər sözə,
Şərafətdi bu sevgi.
Kim anlar gileyindən,
Bu şair tüfeylidən?
Füzuliyə Leylidən
Şikayətdi bu sevgi.
Sənsiz dünyam dağıldı,
Bir qəlbdi, bir ağıldı...
Əfsanədi, nağıldı,
Rəvayətdi bu sevgi.
Ölüm dönüb bir gülə,
Qoy başını mürgülə.
Nəğmədi dildən-dilə,
Məlahətdi bu sevgi.
Mən ölüm, sənsə yaşa,
Yaşa eşqlə baş-başa.
Bəzənib al qumaşa,
Ziyafətdi bu sevgi.
Yazılmayan sözümdü,
Gecəmdi, gündüzümdü.
İradədi, dözümdü,
Dəyanətdi bu sevgi.
Girib mələk donuna,
Gəldik yolun sonuna.
Al məni öz yanına,
Kifayətdi bu sevgi.
***
Dərdim ilə şadam belə,
Ağrım belə, qadam belə...
Nə axtarır adam belə,
Nə gəzir axı içində?
Qanadlanıb uçur ömrü,
Gözündən su içir ömrü.
Yuxusunda keçir ömrü,
Yaşayır yuxu içində.
Sağ yerimir, sol yerimir,
İstəyirsən öl, yerimir...
Əl qoyduğu yol yerimir,
Yol azıb çoxu içində.
Tufanam, küləyəm belə,
Kəsilən kələyəm belə...
Oxlanmış ürəyəm belə,
Gəzirəm oxu içində.
***
Gözlərində dərin qüssə-qəhər var,
Dodağında bir öpüşlük kədər var.
Hər gecədən sonra nurlu səhər var,
Ümidini üzmə sözdən, şairim.
Bu dünyada bir adamlıq ad gərək,
Dərdlərinə doğma gərək, yad gərək.
Ovucunda kül olası od gərək,
Keçib gəldim kösöv-közdən, şairim.
Pənah gəldim pir olana, qorxmadım,
Özü-sözü sirr olana, qorxmadım.
Mən sığındım bir olana, qorxmadım
Nə əllidən, nə də yüzdən, şairim.
Duyğuları sona yetir, öyrənək,
Haqqı tapdaq altdan götür, öyrənək.
Bu dünyanı sətir-sətir öyrənək,
Sən o üzdən, mən bu üzdən, şairim.
***
Sevgi Allah işidi,
Qiblələri, yönləri...
Sev, sevginlə utandır
Şeytanları, cinləri.
İlahi kini sevməz,
Şərin hökmünü sevməz...
Sən sevən kimi sevməz,
Ən qatı möminləri.
Qayıtsın, sözü varsa,
Bəxt yazan, üzü varsa...
Yazıya pozu varsa,
Silsin sənsiz günləri.
Kim çıxacaq yoluma?
Bu yol gedir ölümə.
Əlini ver əlimə,
Yıxaq bütün dinləri.
***
Bu da tale işidi,
Salır məni qəmlərə.
Sevinci bəxş eyləyir
Cahilə, sərsəmlərə.
Ya yenidən doğul, ol,
Ya əfsanə, nağıl ol...
Allah, özün ağıl ol
Bu ağıldan kəmlərə.
Bu can daşdı əriyə?
Ömür sürməz, sürüyər.
Zamanı çək geriyə,
Qaytar ötən dəmlərə.
Başına dərd tac etmə,
Taxtını tarac etmə.
Şairi möhtac etmə
Olmayan məlhəmlərə.
***
Salam, Tanrım mənim, salam, İlahi,
Mən gülü burnumda solan bəndənəm.
Çətin tanıyarsan bu qəmi, ahı,
Filankəsin oğlu filan bəndənəm.
Qarada itirdim bütün rəngləri,
O asan rəngləri, çətin rəngləri.
Atadan-anadan yetim rəngləri
Həyat tablosuna salan bəndənəm.
Milçəklər qaynaşır söz pətəyində,
Nə kökündə dad var, nə kötəyində.
Həqiqət, azadlıq, haqq ətəyində,
Zühur namazını qılan bəndənəm.
Bəlkə də xitabım sənə xoş deyil,
Həmin adam deyil, vətəndaş deyil -
Heçdən yaratsan da içim boş deyil,
Sən özün "Ol!" dedin, olan bəndənəm.
Çətin tanıyarsan... əyər tanısan,
Sən özün bu ruhun tərcümanısan.
Bütün şeirlərin qəhrəmanısan,
Min ildi qeydinə qalan bəndənəm.
Kimsə söz çeynəyir burda acından,
Qaçır ömrü boyu ehtiyacından...
Göstər ağ rəngini, tutum ucundan,
Mən yalan bəndənəm, yalan bəndənəm.
Sağ ol, Tanrım mənim, İlahim mənim,
Səndən öz payımı alan bəndənəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!