Gələcəyin şəkli
fotoda yeddi nəfər:
atam, anam,
mən, qadınım
və üç uşaq.
atam, anam yaşlıdı,
qadınım və mən cavan,
uşaqlar körpə.
iyirmi beş il əvvəl çəkilib foto.
atam, anam həyatda yoxdu artıq,
mən və qadınım ortayaşlı,
uşaqlar cavan.
keçmiş zamandı şəkillər.
gələcəkdə çəkilsəydi bu şəkil,
təxminən iyirmi beş il sonra:
uşaqlar yaşlanıb,
atam və anam cavan,
mən və qadınım körpə.
fotoda yeddi nəfər:
keçmiş zamandı şəkillər,
xəyallar - zaman maşını.
Gölməçə, ağ çiçək,
bəyaz kəpənək və gün işığı
yağışdan sonra doğulan gölməçədə
çirkaba bulaşmış ağ çiçək üzür;
olduqca gözəl mənzərə.
köçürüb ağ vərəqə çirkli gölməçəni
salasan dairə şəklinə: içində füsunkar
ağ çiçək, çiçəyin üstündə bəyaz kəpənək.
dairə - dərindən-dərin
qapalı görünsə də.
xəyal qırıqlığına uğrayıram burada:
bir maşın
gölməçəni tapdayıb keçəcəkdi az qala.
gölməçə yerindədir hələ,
çiçək də üzür gölməçədə.
böyüyür gölməçə xəyalımda
dənizə dönür, çiçək ağyelkənli gəmiyə,
kəpənəksə bəyaz libaslı adama.
dəniz sonsuzluğu yaşayır,
gəmi azadlığı,
adam
sonsuzluğa qərq olmuş azadlığı.
budur, gün çıxır.
quruyacaq gölməçə,
solacaq ağ çiçək.
gün çıxır...
"gölməçə, ağ çiçək və bəyaz kəpənək" nağılı
yaddan çıxır.
havada vərəq uçur.
vərəqdə şəkil;
gölməçə - qara halqalı dairə,
içində füsunkar ağ çiçək,
çiçəyin üstündə bəyaz kəpənək.
şəkildə
günəş görünmür nədənsə.
Əksim və mən
gedirəm.
kölgəm - gah irəlidə,
gah də geridə.
gah da qeyb olur bədənimdə.
dayanmışam qarşısında;
güzgü - əksim hərəkətdə.
çəkilirəm,
əksim gizlənir zülmətdə.
oturmuşam. qarşımda
fotolar - şəkillərdə
düzbucaqlı xatirələr.
baxmıram,
yox olur hadisələr.
kölgə (gedirəm),
güzgüdə əksim (dayanmışam),
fotolar (oturmuşam) və
mən (gedirəm. dayanmışam. oturmuşam).
nə sirr var bunlarda,
yəni kölgədə, güzgüdə, fotolarda? -
həm mənəm, həm də mən deyiləm.
nə sirr var? - birini deyim:
mən üçölçulu - fəzada hərəkətdə,
onlar müstəvidə - ikiölçülü təsvirim.
nə sirr var məndə,
nə sirr var? -
birini deyim:
mən də təsvirəm,
üçölçülü güzgüyəm, şəkiləm, kölgəyəm.
Məkan cazibəsi və ya yeni qravitasiya qanunu
Bir iş var:
o, nə vaxtsa olduğu məkanlara
qayıtmağı çox sevir.
Hətta o məkanlarda
"darıxma anları" yaşansa da arabir.
Yaxşı ki,
zamandan fərqli, məkan boyu
gerçək səyahət edə bilir adamlar.
Yoxsa elə zaman kimi
məkan barədə də yalnız
ehtimal və fəlsəfələrlə
dolub-daşardı "düşüncə sandıqları".
Bir iş də var:
məkan kimidi adamlar da.
Çıxıb gedəsən hərdən, çıxıb gedəsən
təkcə məkanlardan yox,
elə adamlardan da.
Sonra yenidən qayıdasan
getdiyin məkanlara və getdiyin adamlara.
Daha bir iş də var:
nəsə qalır adamdan
getdiyi məkanlarda və getdiyi adamlarda,
nəsə qalır yoxluğundan savayı.
Nəsə qalır daima geriyə səsləyən,
qravitasiya təsirini
uzaqlıqların belə zərrəcə
azalda bilmədiyi nəsə -
dəqiq adını tapmaq çətin olur çox zaman.
Qayıtmağı sevdiyi şəhərlərin birində
otel bələdçisi gözəl xanım
nəzakətlə, amma yad adam kimi
qarşıladı onu əvvəlcə. Sonra
tanıyıb gülümsədi və rəfdəki
kitabı göstərdi;
iki il əvvəl avtoqrafla otelə bağışladığı,
üz qabığının arxa hissəsində fotosu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!