Qatar axırıncı qatar ki deyil... - Firdovsi Rəsul - ŞEİRLƏR

 

Vətən

 

Haranı gəzsən də sən bu dünyada

Vicdanın çəkdiyi keşikdi vətən.

Tək ölməyə deyil, yaşamağa da

Ən doğma, ən isti beşikdi vətən.

 

Körpəyə beşiyi vətəndir elə,

Yurda olan eşqin yaş həddi olmur.

Vətənin sərhədi olsa da belə,

Vətən sevgisinin sərhədi olmur.

 

Qürbətdə qalarsan, qəribsəyərsən,

Qızmar bir soba da isitməz səni.

Açıb pəncərəni "vətən" deyərsən,

Heç doğma anan da eşitməz səni.

 

Vətən də anadır, ana vətənin

Qucağı heç zaman boş qala bilməz.

Nə qədər ki, sağdı yağı düşmənin

Əllərin, qolların boşala bilməz

 

Götür silahını, bu qədər yetər,

Gərək hər insanı inam yaşada.

Baxarsan sap kimi yaşıl ot bitər,

Deşər torpağı da, deşər daşı da.

 

Səni unutmazlar şəhid də olsan

Gələcək nəsillər yad edər səni.

Ana! Mən "şəhidəm" desən məzardan

Anan da, balan da eşidər səni..

 

Gülümsə

 

Sənin bu sevgidə gördüyün nədir?

Təzə ayaq açan körpə uşaqsan.

Dağ boyda sevgilər əriyib gedir

Demə unutmaram, unudacaqsan.

 

Gedən çıxar gedər, nə küs, nə darıx,

Gələr bir özgəsi tutar yerini.

Dünyanın qapısı, pəncərəsi yox

Açıb çağırasan gedənlərini.

 

Əbədi kim var ki, hamı qonaqdı

Nə həsrətə əyil, nə qəmə əyil.

Nə olsun sonuncu dayanacaqdı,

 

Qatar axırıncı qatar ki deyil...

 

Demə ki, o getdi yol çəkir gözüm,

Demə ki, xoşbəxtlik geri qalandı.

Ağrı bir tərəfli olmur, əzizim,

Elə unudan da unudulandı.

 

Üfür ürəyinin yanğısın soyut

Bu cavan, bu gözəl ömrünə qıyma.

Onu bu gün unut, lap indi unut,

Bu günün işini sabaha qoyma.

 

Güvən inadına, güvən ağlına,

Bir azca toparlan düzələcəksən.

Kürək söykəməyin nə faydası var

Ayağın torpaqdan üzüləcəksə.

 

Səni unudana könül bağlama

Darıxma döyəcək qapını kimsə.

Gedənin dalınca baxıb ağlama

Gedənin dalınca baxıb gülümsə.

 

Gedənlər qayıdır

 

Hər şey gedişinlə dəyişdi sanki

Nə mən dünənkiyəm, nə sən dünənki.

Getdiyin yolu da unutma çünki

Gedənlər nə vaxtsa qayıdır, gülüm.

 

Bir quyu başında bir arzu ilə

Qəpik atıram ki, bəlkə səs gələ.

Nə ümid edim ki, ümid də elə

Dibi görünməyən quyudu, gülüm.

 

Bizim sevgimizin təqvimində də

Qalacaq gedişin qara lövhədə.

Dünyanın ən xoşbəxt ölkəsində də

Noyabr ayrılıq ayıdı, gülüm.

 

Nağıl kimi idi hər şey sevəndə

Necə adiləşdi xəyallar necə.  

İndi ən sevdiyin şadlıq evində

Hər gün bir adamın toyudu, gülüm.

 

***

Ömrümdən beləcə gedirdinsə sən

Geriyə boylanıb niyə baxırdın?

Qəlbimin neçənci döyüntüsüsə

Səni yarı yoldan geri çağırdı.

 

Bəlkə də son dəfə görmək istədin

Nə idi görəsən qarşını kəsən?

Sən elə onda da bax belə idin

Görüşə gecikən, evə tələsən.

 

Sənə hirslənəndə, acılayanda

Kaş cavab verəydin, kaş susmayaydın.

Sən elə onda da belə səbirli,

Sən elə onda da üzüyolaydın.

 

Getdiyin yollarmış şaxta, qar kəsən

Dünyanın ən uzaq, ən soyuq yeri.

Mən elə indi də sənsiz üşüyən

Soyuğa dözümü olmayan biri.

 

Belə dəyişirdi xəyalın hər dəm

Hər görüş bir ayrı fikrə düşürdün

Mən elə indi də səni sevirəm!

Sən elə onda da fikirləşirdin!

 

Biz üz-üzə gəlməmişik

 

Görəsən adın nə olub?

Bir də neçə yaşın olub?

Görən qarşına kim çıxıb,

Kiminlə tanış olmusan?

 

Sən necə adamsan axı?

Yay olmuşam, qış olmusan,

Biz üz-üzə gəlməmişik.

 

Yağışlı bir gecə olub

Dayanacaqda durmuşam.

Sonuncu avtobus gəlib

Gecə vaxtı təsadüfən.

Arxa qapıdan minmişəm,

Qabaq qapıdan düşmüsən

Biz üz-üzə gəlməmişik.

 

Bəlkə zaman ayrı salıb

Sən də məni axtarmısan.

Heç vaxt tapa bilmədiyin,

Adam izinə düşmüsən.

Mən dünyaya göz açmışam,

Sən dünyanı dəyişmisən

Biz üz-üzə gəlməmişik.

 

Sən, "sən" qalsan yaxşı olar

"Biz" deməyə haqqım varmı?

Mən sənin üçün yad biri,

Sən tamamən qərib adam.

Bəlkə də gəlsək üz-üzə,

Gözlərindən tanıyaram

Biz üz-üzə gəlməmişik...

 

Sən yarı insansan...

 

Sən yarı insansan, yarı mələksən

Qanadsız gəlmisən bu yer üzünə.

Göydən süzə-süzə yerə enmisən

Hopub göy üzünün rəngi üstünə.

 

Bir də təkrar olmaz kimsə sənintək

Bənzərsiz baxışın, gülüşün, səsin.

Mən elə bir şeir yazım ki gərək

O, heç bir şairdə rast gəlinməsin.

 

Sən getdin! Düşündün getdi o günlər,

Sənsiz də təsəllim çətin deyildi.

Yazdığım misralar, sözlər, sətirlər

Sənə aid idi, sənin deyildi...

 

Sən o şeirlərdə gizlin yaşadın

Səndən olmayanda bir xəbərim də.

Eh! Bəs harda idin başqa bir qadın

Özün axtaranda şeirlərimdə?

 

Nə olsun adını çəkmirəm sənin,

Sən ki oxuyanda özün bilmisən!

Yazdığım şeirin hansı bəndinin

Hansı misrasında gizlədilmisən.

 

Sən yarı insansan, yarı mələksən,

Qanadsız gəlmisən bu yer üzünə.

Göydən süzə-süzə yerə enmisən

Hopub göy üzünün rəngi üstünə.

 

Demişdin

 

Yadigar bir ürək saxladım səndə,

Incikli deyiləm, küskün deyiləm.

Demişdin gedəcəm vaxtı gələndə

Gedəcəm gəldiyim bu ümid ilə.

 

İndi mənə yalnız gedişin qalır,

Geri dönüşünə ümid qalmadı.

Deyirdin hər şeyin bir sonu olur

Bircə bu həsrətin sonu olmadı.

 

Bəxtim taleyimdən aralı qaçaq

Qapıdan qaytarar gələn qonağı.

Demişdin bu sevgi baş tutmayacaq

Necə ayaq tutub yeridi axı?

 

Məni sınamaqçün demişdin ən çox

Məni çox sevirsən, yoxsa o qızı?

Demişdim qoparsan birgə qopacaq

Ömür dəftərimdən qoşa kağızı.

 

Yoxluğun həqiqət, varlığın yuxu

Batan günəş idi sənin gedişin.

Nə deyim mən sənə, nə deyim axı,

Sən mənə hər şeyi açıb demişdin.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!