Qaranlıqdan bizi ancaq
balalar çıxaracaq...
Ramiz Rövşən
Bəzən həyat...
Bəzən həyat
üzərimə yeriyir.
Mənə min hiylə qurur.
Sərt silləsini
zərif üzümə vurur.
O zaman
diskinirəm
"şirin" həyatın
acı sürprizinə.
Bəzən həyat
üzərimə yeriyir.
Fələk ahü-zarını
sevinə-sevinə
başıma tökür.
Qəlbimə qaranlıq çökür.
O zaman
sinəmdəki dağları aşıram.
Boşluqdan
qapı yaratmağa çalışıram.
Bəzən həyat
üzərimə yeriyir.
Qaralır gözümdə
dünyanın rəngi.
Pozulur kainatın
səssiz ahəngi.
O zaman
yerimdə saymağı öyrənirəm.
Bəzən həyat
üzərimə yeriyir.
Haqsızlıq,
ədalətsizlik
ilə birlikdə.
O zaman
öncə səbrimi
imtahan etmək istəyirəm.
Sonra isə
hər şeyi boş verib
özümdən çıxıb
getmək istəyirəm...
Bəzən həyat
üzərimə yeriyir.
O zaman
özümü sözlə ovuduram.
Taleyimin əzablarını
beləcə unuduram.
Bəzən həyat
üzərimə yeriyir.
O zaman
sükutu özümə yoldaş seçirəm.
Özümə ...sayağı
İnsanlıq dərsi keçirəm...
Bəzən həyat
üzərimə yeriyir.
Məni yandırıb-yaxır.
Narahat səbrim darıxır.
Nə yaxşı ki
dünyanın hər yerindən
Qızımın gözləri baxır...
Sənsiz
Sən getdin, mənsə arxanca,
Gəlmədim, yaşadım sənsiz.
Bu həyatın mənasını
Bilmədim, yaşadım sənsiz.
Tale çox oynatdı məni,
Hər gün bir dərd verdi yeni,
Gözlərimdəki əksini
Silmədim, yaşadım sənsiz.
Bəxt olmadı məndən yana,
Ömür sürdüm yana-yana,
Fələyin oyunlarına
Gülmədim, yaşadım sənsiz.
Səni andım hər an, hər dəm,
Könlümə sirdaş oldu qəm,
Sanırdım, sənsiz ölərəm,
Ölmədim, yaşadım sənsiz.
Ağlayır
Sən yoxsan, hicranın çöküb üstümə,
Sözlər haray çəkir, səsim ağlayır.
Qəm-kədər yükünün ağırlığından,
Qəlbimdə qırılan bir sim ağlayır.
Sən yoxsan, halıma yanır fələklər,
Təsəlli eyləyir məni mələklər,
Səsimi daşlara çırpır küləklər,
Zilim fəryad edir, pəsim ağlayır.
Sən yoxsan,
sərhədsiz səbrim darıxır,
Həsrət gen dünyamı
dörd yandan sıxır,
Pəncərəm önündə göz yaşı axır,
Dön, bax, gözlərimdə
gör kim ağlayır?...
Yordu məni
Ayrılığın əsən yeli
Xəzantək sovurdu məni.
Sənsizliyin qəm sacında
Qor kimi qovurdu məni.
Nə yaxşı ki, xəyalın var,
Həsrət hər gün məni yoxlar,
Hicranın atdığı oxlar
Ürəyimdən vurdu məni.
Çox getdim, yolu bulmadım,
Ha qoydum, boşum dolmadı,
Olmadı, vallah, olmadı,
Bu dözümlər yordu məni.
İlahi
Sən tökdüyün dərdləri,
Mən yığıram, İlahi.
Qəlbimdə qəm çoxalır,
Sıxılıram, İlahi.
Bir ömürdə min bir sirr,
Ahım daşları dəlir,
Dərdim üst-üstə gəlir,
Çıxılıram, İlahi.
Zamansız yağdı qarın,
Saçıma narın-narın,
Soyuyur insanların,
Yaxılıram, İlahi.
Səni duyduğum andan,
Razıydım keçəm candan,
Çıxdığım nərdivandan,
Yıxılıram..., İlahi...
Neqativ
Bir ömür həsr etdim
Sənin yoxluğuna.
Yaza bilmədiyim
hər şeirdə,
çəkə bilmədiyim
hər rəsimdə,
oxuya bilmədiyim
hər nəğmədə
Sən varsan.
Mənim sevgi sarayımda
hər zaman küllü-ixtiyarsan.
Sən
yaşanmamış günlərimin
neqativisən,
böyük eşqim!
Gəzinti
Özüm Bakıdayam.
Ruhum quş kimi uçub
qondu Sultan Əhməd
məscidinin minbərinə.
Xəyalım dolaşdıqca
İstanbul küçələrini,
mən burda axtarıram
gündüzlərin yerini.
Orda ruhum sevinir
müəzzinin səsinə.
Burda qəlbim üşüyür,
bayquşların qəhqəhəsinə.
Orda xəyalım gəzir,
mavigözlü dənizi.
Burda ləpələr yuyur,
sahildə tənha izi.
Orda bir cüt sevgili
dayanıbdır üz-üzə.
Burda şıltaq ürəyim,
tərslikdən baxmır sözə.
...yağışın nəğməsindən
könlümə hava düşür.
Sən ordasan, mən burda.
Dünyanın çıxışında
ruhlarımız görüşür...
Simvolika
İlk tanışlığımız
suallarla başladı.
Hər sual
bir cavab-nida!
Sonra
yeni-yeni görüşlər.
Bütün görüşləri vergüllər ayırırdı.
Birinci görüş,
ikinci görüş,
üçüncü görüş və s...
Hər görüşün sonunda
iki nöqtə qalırdı: "hələlik"
Bir gün bu görüşlərə
nöqtə qoymaq istədik,
Nədənsə nida alındı!...
Bir də üç nöqtə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!