Kəramət - Dur gedək, daha vaxtdı...

Dünyayla oyna

Oyna, dünyayla oyna

Uzunu-eni sevəcək.

Sən heç özünə baxma

bu filmin sonu sevəcək.

 

Boş ver, burax başın getsin,

Arxasınca daşın getsin,

elə et ki, işin getsin,

bax onda hamı sevəcək.

 

Belə baxma naşı-naşı,

kimdi ki ömür yoldaşı,

axırda hamı yadlaşır,

sonda başdaşı sevəcək.

 

Məktubun sonu

"Təyyarə bileti almışıq

gəl" deyirdilər

Görsəl danışırdılar

Osa, Osa

Məktub gözləyirdi

Qocalan, kədərli, tənha itiylə

Dayanıb yola baxırdı.

Kimi gözləyir ki

bilmirdi ancaq.

 

Yolda adam yoxdu, Bakı da bomboş,

Gündüzlər əsəbi, gecələr sərxoş.

Göydə çox dayanma, Allah, yerə düş

Mənə məktub gətir, bilim ki varsan.

 

O qədər sevdim ki

Mən səni o qədər sevdim ki

Vallahi, cıqqana sevdim

Qolum açıldığı qədər

Yolum Məbədə uzanınca

Yanan ulduzlar sönüncə

sönən ulduzlar Qütb ulduzuna

                                 dönüncə sevdim

Səni o qədər sevdim ki,

"Sevirəm" deyə bilməyənə qədər sevdim

Sevgi nədi

bilməyənə qədər.

 

Qocalmışdı O

O, qocalmışdı

özü bilmirdi amma

elə bilirdi bir uşaq

yenə dəliqanlıdı.

 

Fərqində deyildi

məhrəm yerində ağ tükü görüncə

O, qocalmışdı,

qocalmışdı O.

Həmişə, hər yerdə

xatirə danışmağından bildim,

Bildim ki, qocalıbdı.

 

Qurumuş ağacları sulamazlar

O, anadan olanda

atası əkmişdi onun adına.

Budaqlarından asılan yelləncəkdə

Gündoğanla Günbatanın arasında

yellənmişdi balaları

Kölgəsində şellənmişdi

imisti yay havaları.

O da qocalmışdı, indi ağac da

qurumuşdu ağac, qocalmışdı o

Göz yaşı ovcunda

sozalmışdı o.

Eynən atası kimi

o da ağac əkmişdi

balasının adına.

Fidanlarla birgə

sulayırdı quruyan ağacı.

Quruyan ağac

indi ata-anaydı, övladdı, qardaş-bacı.

"Quruyan ağacları sulamazlar"

pıçıldadı ahıl qonşu

"Qocaldıqca ağlın çaşıb

yaman xəfifləmisən".

Düşündü ki, düz deyir

baltaya bülöv çəkdi.

- səhər kəsərəm, - düşündü.

 

Açıldı sabah,

əlində balta

yeridi quruyan ağaca sarı

elə yeriyirdi ki

axşama çatardı on addım yolu.

gözündən yaş

baltadan qan damcılayırdı -

balta qan ağlayırdı.

 

Sevdiciyim

Sən hardan biləsən eşq nədi

Dünyaya gəlişim-gedişim

səni görmək üçün bir bəhanədi

gəl bu eşqin şərəfinə içəyim

Sevdiciyim, sevdiciyim.

 

Dilimiz, dinimiz yox

biri-birimizi görmədən anlaşdıq

zamanları, sərhədləri zibilqabına atdıq

"ox hay" - deyib bu havanı udduq

solmaz çiçəyim,

Sevdiciyim, sevdiciyim.

 

Hər şey keçəridi

eşq qalır ancaq

Hər şey əvvəl-axır

eşq olur ancaq

zaman-zaman

sənə verdiyim çiçəklər solacaq

Gedirəm, yenə gələcəyəm

heç hara getmə

Sevdiciyim, sevdiciyim.

Şeytanə

 

Bilirsənmi, Şeytancığım,

ağ yaylıqlı sərçə qanadı əlsən

elə hey mən gedərgi...

nə mən yoruldum

tərk olunub, tərk etməkdən,

nə də sən yoruldun

ağ yaylıq yelləməkdən.

 

...Bütün yollar limanlara çıxırsa

arxamızca ağ yaylıqlar yağırsa

adına həyat dediyin

Bazar-məzar arası yolsa

hayıf ki,

ağ yaylıqlı sərçə qanadı əlsən,

Şeytanəm, Şeytancığım.

 

Yağış gözlüm

yağış içdim, dəli olmadım

göz yaşını içdim, sonra

Mənə elə baxma, yağış gözlüm.

 

Yağış gözlüm,

Hərdən yağ

nə olur

səbrimin, qəbrimin üstünə yağ.

 

Buludlarımız toqquşsun

ikimiz bir yağış olaq,

yağış gözlüm.

 

Çayxana

I

Ev-çayxana marşrutuyla

işləyər ayaqları.

Əlləri işləyər nərdin üstündə

taleyi zərə bağlı

çayxana eksponatları.

 

Burada

əl-ayağa dolaşan vaxtı yığıb

neçə-neçə adama

ömür düzəltmək olar.

 

Ey vaxtı çatmayanlar,

Üzürük süd içində -

vaxt bolluğunda

 

Çayxanaya girincə

dayanar saat

Qapalı bir zonadı

fəsillər də yan keçir.

 

Çay içirdim dostlarla

çağırdılar... təcili...

getdim,

3 ay sonra qayıtdım

Gəlib nə görsəm yaxşıdı;

Yenə də həmin dostlar

mənim də stulum boş

boş stulun qabağında

buğlanan çay

                        məni gözləyir.

II

 

Çayxanada 3 nəfər

Yağışa-qara baxmaz

nərd çığırar, zər mələr

Şaxta babaya dönərlər

Vallahi-billahi,

şişirdib eləmirəm.

 

Özləri gəlmək istəməz

ayaqları gətirər

nə üzlə evə getsinlər? -

Ayaqları aparar.

 

Əllərinin qorxduğu ciblərindən

hərdən qəpik-quruş

(nə isə çıxar)

Kəfənini yırtarlar çayxanənin

gedərlər meyxanəyə.

 

Amma bizim dostlardan

nə alkoqolik,

nə də ki,

əməlli-başlı "Bomj" çıxar.

Bizdən olsa-olsa

Çaykolik olar ancaq.

 

2005

 

Kirayənişin köçü

Dur gedək, daha vaxtdı,

(Hər divarda bir təqvim).

Əzabından qurtulaq,

Məscidin yanında kirayə evin.

 

Qayğılar tökülübdü

Otağın hər küncünə.

Onu da götür, gedək,

Avtobusa gecikmə.

Turanın, Nurayın da

Saçlarını hör, gedək.

Elnurun pişiyinə,

Bir az çörək ver, gedək.

Dur gedək, sərgərdanım.

 

1985

 

Özü qərib, qəbri qərib

Vidadi Məmmədov adlı birisinə

 

"Volçıy-vorot" məzarlığı,

kasıb bir qəbir...

qəbir üstə gül əvəzi

üç badə var

qara çörək, acı bibər,

bir tikə pendir...

 

Aralıda məzarçı

elə şövqlə qəbir qazır

Buğlanan torpağa baxıb

adamın ölməyi gəlir.

 

Üç badə var,

Sağlıq deyir bir nəfər

"Vəsiyyət eləmişdi:

- Qəbrimin üstündə yeyib-içərsiz

Bəlkə ruhum dincələ".

 

Qaldı qəbir üstündə

Üç badə üç gül kimi,

bomboş araq şüşəsi

balaca baş daşıydı.

 

Gələndə üç nəfərdilər

Gedəndə dörd oldular.

 

1997

Şəhər kənarında

Gölməçələr...

Rəngi bilinməyən itlər...

İtlərin ölü ulartısı.

 

Xəzərin şəkli vardı

Yüz yaşlı bakılının

                        qocalan gözlərində.

Bir də ki, elə hey pıçıldayırdı:

"Torpağımı torba ilə daşıdılar".

O qoca

                        adamdan çox

Burada yem axtaran

            böyük qarğaya oxşayırdı.

 

Bu hansı quşdu belə

            hisə-pasa bulaşan

                        nəğmələr oxumada...

Yaddaşım bu gölməçə

Oyanmır bir ləpə də.

 

Şəklini çəkim, Xəzər,

Şəklini çəkim, külək,

Şəklini çəkim, öləziyən duyğular,

Göndərim sabahlara,

Bir də robot Allahlara.

 

1986

 

İşsiz

Bir gün işdən çıxdı

"öz xahişilə",

İtirdi dostlarını

üz tutub gedə-gedə.

Üzünə tutduğu gecələrdə -

Bakının küçələrində

küləklər girdi qoluna.

Umudunun xarabasında

Qulaq asdı

bayquşların səsinə

 

solan çiçəkləri ağ, bəyaz əllər

atdı zibil yeşiyinə.

Ülgüc-ülgüc duyğuları

içindəcə pas atdı.

 

Öncə arvadı getdi...

Əlləri və sözləri

uzanmadı gedənlərin dalınca.

Köhnə evin içində

sınıq-salxaq bir divan,

dairəvi miz qaldı,

Fikrini cəmləməyə,

Ötənləri anmağa.

 

Əzik-üzük bir şəklə

baxırdı hər gün:

Yaz içində dayanmışdı atası

əlində atın cilovu,

O da atın üstündə.

 

"Tarqovı"da hürkə-hürkə

gəzən adam

Bakının ən xoşbəxt küçəsidi bu,

Burda nə Qarabağ, işsizlik nədi?

Bir dəfə gəlib keç bu "Tarqovı"dan,

Tüpürüb gedərsən öz həyatına.

 

Hamısı ayrıca materialdan,

Sən də ki, bir ayrı əşyasan, nəsən?

Harada düşmüsən "cənnətməkana"

Bir də bu küçəyə çətin dönəsən.

 

Görürsən utanır əyin-başından

Rəssamlar, şairlər çıxır qarşına.

Araq pulu verir onlara küçə,

Deyir həqarətlə "yeri, araq iç".

 

Həsəd apararsan burda itə də,

Hamı bir-birinə özün göstərir.

Sehrli küçədi... bir kimsə bilmir

Haradan başlayıb harda qurtarır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!