Gecə növbəsindən qayıdan ay tək... - Əlizadə Nurinin şeirləri

Sənin ad gününə qəsdən gecikdim…


Açdım pəncərəmi eşq havasına,

Bir gün doğacaqdı, duman saxladı.

Elə oxuyurdu bağçada quşlar,

Tar susdu heyrətdən, kaman saxladı.

 

Sən niyə gecikdin, hardaydın, qadın?

Hər gün dodağımda ağladı adın…

Ömürdən bir qədər vaxt oğurladım,

Sənə həsr etməyə zaman saxladım.

 

Daş daşı üyütdü, o dən gecikdi,

Ruhu apardılar …bədən gecikdi.

…Sənin ad gününə qəsdən gecikdim, -

Mən səni bir az da cavan saxladım…

 

 

Bizim aramızda qalıb bu dəniz

Sənin ad gününə

 

Sənə baxıb, çiçəklər də açdılar…

Sən var ikən çiçək niyə açır ki?!.

 

Bəlkə də Tanrının təbriki kimi,

Sənin ad gününə açıb çiçəklər?

 

…Oturub üz-üzə xatirələrlə,

Sənin ad gününü qeyd eləyirik…

 

Sənin ad gününə "hesab" açmışam, -

Sənin adınadır nə yazıramsa…

 

Sən o tərəfdə, mən bu tərəfdə -

Bizim aramızda qalıb bu dəniz.

Bizim aramızda qalıb bu dünya.

…Qapını açıq qoy, mənim ürəyim

Sənin ad gününə qonaq gələcək…

 

Bəlkə sənin üçün doğulub bu gün? -

Bax, bu taxt, bu saray sənindi ancaq.

Sevginin bir dili, min ləhcəsi var,

Bütün ləhcələrdə şirindi ancaq.

 

Bu gün sən tərəfdən doğacaq günəş,

Bu gün sənə görə gülümsəyir gün.

 

Mən də dəyişəcəm sənin adını: -

Bu gündən qoyacaq: "Gündoğar Qadın…"

 

…Bu çiçək də səni təbrikə gəlib,

Üstündə verirəm əllərimi də…

Suyun simfoniyası

 

Üzümü payızın üzünə qoyub

Bu yağan yağışa qulaq açıram…

 

Buludlar - xatirə dəftəri imiş,

Hər yağış elə bil bir xatirədi.

 

Bəlkə anaların dualarıdı,

Yağışa çevrilib geri qayıdır?

 

Bu yağan yağışın səsində sanki

Bir az da Tanrının hıçqırtısı var…

 

…Zaman tanış gəlir bu yağış mənə,

Elə bil hardasa görmüşəm onu.

 

Bu payız da mənə elə oxşayır,

Sanki əkiz qardaşımdı.

 

Yoxsa, itmiş yaddaşımdı,

İndi dönür üstümə?

 

…Gedək, payız qardaş,

Şəkil çəkdirək,

Hər ikimiz faniyik.

 

Üşüyən budaqdan asaq o şəkli,

O şəkil budağın köynəyi olsun.

 

Bir az yağış götür, gedək payızım,

Gedək, səhraların son nəfəsidi…

 

…Dünyanın o biri üzündə də

gözləri yolların şəklini çəkən

Bir qadın gözləyir məni.

Bir az bu yağışdan üstümə səpib,

Gedim o qadının qəmindən öpüm.

 

…Gedək, payız qardaş, gedək evimə,

Bir az sən qəribsən, mən qəribəyəm,

Gedək, gözlərimdə yerini salım…

 

Sənin adına şəhər

 

Mən sənin adına şəhər salmışam,

Heç kim bu şəhərə çıxmasın şərik.

Ev tikib, yol salıb duyğularımdan

Bir şəhər salmışam - iki nəfərlik…

 

Gəl, öz şəhərini göstərim sənə,

Gəl, öz şəhərini sənə tanıdım.

Mən sənin adına şəhər salmışam,

Ürəyim - şəhərin baş meydanıdı…

 

…Tikdim ürəyimin sahillərində,

Qoymadım bu şəhər məndən yan keçə.

Qala qapısıyam mən bu şəhərin,

Təkcə sənin adın qapıdan keçər!

 

Hələ görüləsi çox işin qalıb,

Hələ bir budağı dərə bilmişəm.

Mənə bu dünyanı verən qadına,

Mən hələ bir şəhər verə bilmişəm.

 

…Gəl doldur sən onu gözəlliyinlə,

Doldur nəfəsinlə bu boş şəhəri.

"Sevgi şəhərləri" xəritəsində

Bu paytaxt şəhəri, bu baş şəhəri.

 

Gəldim şəhərinə, sevindi şəhər,

Gəldin, işıq düşdü küçələrinə.

Oturub şəhəri tumarlayıram, -

Saçını sərmisən gecələrinə…

 

…Mən sənin adına şəhər salmışam,

Heç kəs bu şəhərə çıxmasın şərik.

Ev tikib, yol salıb duyğularımdan

Bir şəhər salmışam - iki nəfərlik…

 

Bir qadın ağlayır üzü göylərə

 

Dərdi sinəsinə sıxıb körpətək

Bir qadın ağlayır üzü göylərə.

Göz yaşları cırmaqlayır üzünü…

 

O, elə ağlayır, elə bil indi

Əriyib bir ovuc suya dönəcək…

 

Yermi günahkardı, göymü günahkar? -

Bir qadın ağlayır bu aralıqda…

 

…Bəlkə sən biləsən onun dərdini,

İlahi, o qadın niyə ağlayır?

İlahi, görəsən niyə adamlar

Güləndə dünyanın üzünə gülür,

Ancaq ağalyanda göyə ağlayır?

 

…Başını kədərin çiyninə qoyub

Bir qadın ağlayır üzü göylərə…

 

 

Ağlayan əlləri ovutmaq olmur

 

Kim çəkə bilərsə dərdin rəsmini

O yetim uşağın əlini çəksin…

O yetim uşağın əlini çəksin, -

Ancaq elə çəksin, əllərindəki

O xırda pulları utandırmasın.

 

Bu uşaq haçandı küncə qısılıb,

Tərs kimi günəş də küncə düşməyir.

Elə ağalyır ki, solğun əlləri -

Qoyulan pula da ovunan deyil.

 

Kim çəkə bilirsə dərdin rəsmini,

Qırılmış eynəyin rəsmini çəksin,

Cırılmış köynəyin rəsmini çəksin…

 

Saçını oxşasın bir əli ilə,

Uşağın rəsmini bir əllə çəksin.

Sonra da fələyi tapıb, danlasın,

Fələyin üzünə bir sillə çəksin!..

 

…Kim çəkə bildisə, dərdin rəsmini,

Versin, canımdakı sərgiyə qoyum…

 

Uzaqlara məktub

 

Hardasan, şəhlagözlüm,

Hardasan, ay əlacım?

Evdə mən darıxıram,

Çöldə söyüd ağacı…

 

Yenə yellər üşüdür,

Ürəyimin dağını.

Sən yoxsan, kim böyütsün

Bu sevda uşağını?

 

Gəl, canıma od kimi, -

Yanım, - yaxılam sənə

Mən sevgi qaçqınıyam,

Qayıt, sığınım sənə.

 

Günü də düşmür günümə, -

Bilirsən, nə gündəyəm?

Gəlsən, yerimi deyim,

Kədərin evindəyəm.

 

Sual düşdü bu eşqin

Yenə nida yerinə.

Gəl çıxaq bu şəhərdən,

Gedək vida yerinə…

 

…Hardasan, şəhlagözlüm,

Hardasan, ay əlacım?

Evdə mən darıxıram,

Çöldə söyüd ağacı…

 

 

Qürbət

 

Gecə növbəsindən qayıdan ay tək

Elə yorğunam.

 

Pətəkdə darıxan bir arı kimi

uçmaq istəyirəm öz çiçəyimə,

burda çiçkələrin şirəsi qərib.

 

Qürbətdə qış əbədidi, -

Hər gün ürəyinə qar yağa bilər…

 

Yalanmış, haçansa dediyim söz ki, -

Əqrəb dayansa da "saat işləyir".

Qürbətdə təqvimlər yalan danışır,

Yerdə gün keçmir ki…

            Gün göydən keçir…

 

Haçandı quş dili öyrənirəm mən, -

Vətəni quşlardan soruşum deyə.

 

…Gətir qanadından öpüm, göyərçin,

Sənin qanadında vətən ətri var…

 

Zaman darıxırdım darıxmaq üçün,

bu da darıxmaq.

İndi get buluda qoşul, ay canım,

O doğma çöllərə buludlardan ax…

 

…Gəl, sən də yanıma küknar ağacı,

Gəl, sən də qoşul mənə,

Gəl, bir yerdə darıxaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!