Zahid Xəlil - Bir şair dostum vardı...

 

Anar, əziz qardaşım

Anar, əziz qardaşım,

Dağ gövdəli Beyrəyim.

Vaxtı saxlamaq olmur

Zaman ötür, neyləyim?!

 

Hərdən cavan olursan

Yeni sevda başında.

Hərdən müdrik olursan

Dədə Qorqud yaşında.

 

Ucalan sərt qayasan

Dəryaların içində.

Allah səni saxlasın

Bu nəmdə, bu biçimdə.

 

Sən Habilin kamanı,

Ədalətin sazısan.

Hər yeni əsərinlə

Nəsrimizin yazısan.

 

Hərdən çıxır qarşına

Vicdanını satanlar.

Çamurda böyüyübdü

Sənə çamur atanlar.

 

Bulaq kimi təmizsən,

Sözün çiçəkləyən yaz.

Üzdən Kür kimi sakit,

İçdən kükrəyən Araz.

 

Sən yaşadığın yerin

Sehrdi hər guşəsi.

"Beşmərtəbəli evin

Altıncı mərtəbəsi".

 

O ev yaman hündürdü

Eyfel qülləsi kimi.

Sözün dəyib hədəfə

Ovçu gülləsi kimi.

 

Hər əsərin bir nəğmə,

Hər cümlən bir şeirdi.

Bizi tilsimləmisən

Hər sözün bir sehrdi.

 

Əbədiyyət bağının

Damarında qanısan

Ədəbiyyat mülkünün

Tərtəmiz vicdanısan.

 

Bir şair dostum vardı

Bir şair dostum vardı,

Tofiq Mahmud adında.

Sevgisi oxunardı.

Gözlərinin odunda.

 

Sadəydi Tofiq Mahmud,

Şagird imlası kimi.

Təmizdi Tofiq Mahmud,

Bulaq damlası kimi.

 

Görüşlərdə sözləri

Şam kimi yandırardı.

O, şeir oxuyanda

Bülbülü andırardı.

 

Sözləri muncuq kimi

Sırayla düzülərdi.

Elə bil ki, kəlmələr

Qayadan süzülərdi.

 

Gah çiçəkdən yazardı,

Gah yağışdan yazardı.

Çiçək kimi bitərdi,

Yağış kimi yağardı.

 

Yağışlı şeirləri

Gəzərdi göy çəməni.

Düzərdi hər tərəfə

Topa-topa səməni.

 

Sözləri böcək kimi

Çəmənlikdə uçardı.

Zərif qanadlarından

Qığılcımlar saçardı.

 

Bir şair dostum vardı,

Tofiq Mahmud adında.

Sevgisi oxunardı

Gözlərinin odunda.

 

Teymur Elçin müəllimə

Dinlə, Teymur müəllim,

Mənim böyük qardaşım!

Səni xatırlayanda

Göyə ucalır başım.

 

Sən bizim şairlərin

Əlasıydın, xasıydın.

Sanki bahar fəslinin

Açılmış yaxasıydın.

 

Sözlərin quş qanadı

Ağ, qırmızı, gümüşü.

Şeirində çiçək açır

Körpələrin gülüşü.

 

Sən Şuşa dağlarının

Sərin nəfəsi idin.

O çağlayan Qarqarın

Şirin nəğməsi idin.

 

Yekəydin, cüssəliydin

Elə bil ki, dağ idin.

O qədər təmiz idin -

Bir yekə uşaq idin.

 

Görüşəndə üzümə

Günəş kimi baxardın.

İsa bulağı kimi

Çağlayardın, axardın.

 

Dinlə, Teymur müəllim,

Mənim böyük qardaşım!

Səni xatırlayanda

Göyə ucalır başım.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!