Dəli Günəş... - Barat VÜSAL - ŞEİRLƏR

Heykəl

Ha çək-çevir eyləyəm,

Ha düşünəm, daşınam.

Qərarım budu, Vətən,

Torpağınam! Daşınam!

 

Kimdi haqqı duymayan?

Kimdi dərdə uymayan?

Kimdi axı saymayan,

Torpağı nam, daşı nam?

 

Yazsın əli qələmli,

Dinsin dili kərəmli...

Önəmlərdən önəmli

Torpaq - önəm, daş - önəm!

 

Haqq nəzərdən salmasın,

Heç vaxt gözüm dolmasın.

Nahaq yerə almasın,

Torpağı nəm, daşı nəm!

 

Bütün dinlər içimdə,

Ruhum inlər içimdə...

Bütün dinlər içində,

Torpaq dinəm, daş dinəm!

 

Sanmasınlar dəliyəm,

Barat, mənmi ölüyəm?

Torpaq, daş heykəliyəm,

Torpaq anam! Daş anam!

 

Körpələr evi

Körpələr evini yaxşı saxlayın,

Körpələr evini yaxşı qoruyun.

Körpələr evini kim qoruyursa,

Torpağı qoruyur, daşı qoruyur.

 

Birciyi qorunsa bu körpələrin,

Hamı əminlikdən əmin olacaq.

Birliyi qorunsa bu körpələrin,

Yurdun bütövlüyü təmin olacaq.

 

Hər biri gərəkdir Vətənə, gərək,

Hər şeydən əvvəl, baş bu körpələrdir.

Sevin körpələri yurd balasıtək,

Ən böyük vətəndaş bu körpələrdir!

 

Onlardır gələcək igid əsgər də,

Bilsin qızıl ilan - o düşmən əfi...

Ən böyük sipər də, elə səngər də,

Körpələr evidir, körpələr evi!

 

Qoymazlar qoyulsun hərraca torpaq,

Hər biri Vətəndən güc alacaqdır.

Əldə tutduqları balaca bayraq

Bir gün özləritək böyüyəcəkdir,

Bir gün özləritək ucalacaqdır!

Gör nələr gözləyir ölkə bunlardan,

Zəfərlər gözləyir ölkə bunlardan.

Çox körpə sanmayaq

Çox da bunları...

Biz daha uşağıq, biz daha uşaq,

Biz daha körpəyik bəlkə bunlardan?!

 

...Biz daha körpəyik bəlkə bunlardan,

Onlara verib bax, öyüd bir Vətən.

Bunların bap-bala sinələrində

Böyük bir ölkə var,

Böyük bir Vətən!

 

Döyünən bayraq

Mən hər gün altından keçirəm sənin,

Hər gün ucalrısan başımın üstə.

Hər cür döyüşlərə sən də hazırsan,

Torpağımın üstə, daşımın üstə!

 

Hər gün başım üstə sən varsan deyə,

Başımı dik tutub gəzirəm mən də.

Vətən, Torpaq, Millət əmr eylədiyi

Döyüşdə olmağa hazıram mən də,

Döyüşdə ölməyə hazıram mən də!

 

Layiqsən göylərdə dalğalanmağa,

Günəş bayrağısan, Ay bayrağısan!

Sən yerlər bayrağı deyilsən, haşa,

Əcdadım Göy türkün göy bayrağısan!

 

Uğrunda vuruşaq, uğrunda ölək,

Meydanı boşaldıb mərdə qoysunlar.

Vaxt olsun, məni də sənə bükərək,

Məzara sallayıb, qəbrə qoysunlar.

 

Hünər dastanını şair, bu yurdun

Hamımızdan qabaq bayrağım yazır.

Bayrağı olmayan məmləkət quldur,

Bayrağı olmayan məmləkət yazıq!

 

Yerlərdə susmayaq əlacsız halda,

Göylərin qatında danışa bilək.

Nə var danışmağa öz adımızdan,

Bayrağın adından danışa bilək,

Torpağın adından danışa bilək!

 

Qürurmu yoxumdur, sevincmi yoxum?

Dərdim Vətən, Millət, Torpaqdır mənim.

Açın! İstəsəniz açın, bir baxın,

Ürəyim döyünən bayraqdır mənim!

 

Bayrağım! Sabahla verib əl-ələ,

Düşmənlə vuruşur, savaşırsan sən.

Bütün zamanlara, bütün illərə,

Bütün əsrlərə yaraşırsan sən,

Bütün dövrlərə yaraşıqsan sən!

 

Ehtiram

Özüdür Yaradan... yaratdığı da,

Bircə bir var,

Başqa bir yoxdu, gördüm.

Həyatla ölümün arasındayam,

Belə beşik, belə gor yoxdu, gördüm.

 

Sən Ona vararsan ha varsan Eşqə,

Suvarsan ata yox, suvarsan Eşqə!

Nə varsa gizliymiş, nə varsa aşkar,

Nə varsa sirr imiş... Sirr yoxdu, gördüm.

 

Yermi var hər kəsin öz yeri kimi,

Ocaq yeri kimi, köz yeri kimi!

Dünyada Allahın nəzəri kimi,

Ocaq yoxdu, gördüm, Pir yoxdu, gördüm.

 

Barat, Allah nə var, bizə veribdi,

Ürəyə veribdi, gözə veribdi.

Qalxıb öz yerini sözə veribdi,

Özü oturmağa yer yoxdu, gördüm.

Ölmədin...

 

Dəli könül, oyun açdın başıma,

Səndən ötrü ölən üçün ölmədin!

Verdin, getdi ömrü-günü boşuna,

Səndən ötrü ölən üçün ölmədin!

 

Bir gözəl var, səndən ötrü yaşadı,

Səndən ötrü can verməyə başladı.

Yaman yerdə bıçaq cana işlədi,

Səndən ötrü ölən üçün ölmədin!

 

Gözün yumdun haqdan gələn payına,

Yetişmədin harayına, hayına.

Öz əlinlə kəfən biçdin boyuna,

Səndən ötrü ölən üçün ölmədin!

 

Heç belə də işmi olar, a yolçu,

Adam ölməz a sevgiyçün, a yolçün?!

Nəsillərə vəsiyyətin bu olsun:

"Səndən ötrü ölən üçün ölmədin!"

 

İkiləşər... Birdən olub gedərsən,

Burdan olub... Ordan olub gedərsən.

Bilmədinmi murdar olub gedərsən,

Səndən ötrü ölən üçün ölmədin!

 

Görüm sənə haram olsun, ay Barat,

Könül sənə haram olsun, ay Barat!

Ölüm sənə haram olsun, ay Barat,

Səndən ötrü ölən üçün ölmədin!

 

Analardan xahiş

Sizə yalvarıram, əziz analar,

Südü halal olan, təmiz analar!

Eşqi ümman-ümman, dəniz analar,

Bax, belə oğullar doğun, doğanda!

 

Bax, belə oğullar - hər biri bir Yurd,

Beşiyi bir Vətən, qəbiri bir Yurd.

Özü Yurd əsiri, əsiri bir Yurd,

Bax, belə oğullar doğun, doğanda!

 

Yarımçıq qalsa da toyu... vuruşsun,

Vətən, Millət! - deyib, qoyun vuruşsun.

Qoy yerə girməsin boyu, vuruşsun,

Bax, belə oğullar doğun, doğanda!

 

Hamıya gərəktək gərəkləşsinlər,

Birləşib, şirləşib, pələngləşsinlər.

Qazanxan olsunlar, Beyrəkləşsinlər,

Bax, belə oğullar doğun, doğanda!

 

Oğul oğuldumu, qayalaşmasın,

Dəli Kür olmasın, Arazlaşmasın?

Heç vaxt öz-özüylə yavalaşmasın...

Bax, belə oğullar doğun, doğanda!

 

Olsun, əgər kimin ağlı var, şəhid,

Haqq olan dünyada haqlılar şəhid!

Vətənin tək bircə oğlu var: Şəhid,

Bax, belə oğullar doğun, doğanda!

 

Xalqa qürur versin, qol-qanad olsun,

Doğun! Oğul doğun, ehtiyat olsun!

Elə bir adı da qoy Barat olsun,

Bax, belə oğullar doğun, doğanda!

 

Dəli Günəş

Hamıya göndərir öz işığını,

O Günəş ağıllı, o Günəş dəli.

Şüşədədir Divin canı, deyirlər,

İşıqların canı o Günəşdədi.

 

Şeytanı qəhr edib yanılda bilir,

Dəyməz, yerə dəyməz yanı da, bilir.

Haqqın məşuqudur, hamı da bilir,

O pəri - Günəşdir, o Günəş - pəri!

Nə deyir o göylə bu yer özünə,

"Burda deyiləmmi a yer, üzülmə!"

İşıq ha saçmırmış bu yer üzünə,

Əslində tökürmüş o Günəş təri!

 

Allah qəzəblənib qəzəb etməsin,

Zülmətə də zülmət nəsib etməsin.

Heç vaxt üstümüzdən əskik etməsin,

O Günəş qolları, o Günəş əli!

 

Biz kimik? O yanlıq, o həmən ayrı,

Biz həmən Günəşli, biz həmən Aylı?!

Biz həmən anrıyıq, biz həmən anrı,

O Günəş bəridi, o Günəş bəri!

 

 

Söyləməmişəm

 

Gözümün önündə biri batanda,

Yalandan sahiləm, söyləməmişəm.

Məcnunam, Leylini aldatmamışam,

Zöhrəyə Tahirəm, söyləməmişəm.

 

Ağlamışam, kef üstündən kef görsəm,

Anlamışam öz işimi səhv görsəm.

Aqil görsəm, arif görsəm, saf görsəm,

Sanırsan cahiləm, söyləməmişəm?!

 

"Ot kök üstə bitər" məsəli doğru,

Bilirəm, axıram əzələ doğru!

Bilirəm, axıram Xəzərə doğru,

Harasa axıram, söyləməmişəm.

 

Barat mənim ruhum deyir, xalqımdı,

Batini üzündən zahir xalqımdı.

Mən şair deyiləm, şair xalqımdı,

Heç zaman şairəm, söyləməmişəm!

 

Bir şeir de, ölməyəcəm...

Yasa batma gəl yasımda,

Yaşayacam misrasında.

İnsanların arasında

Bir şeirdə ölməyəcəm,

Bir şeir de, ölməyəcəm!

 

Ağlamasın Vətən, ölsəm,

Ruh sağ olsun bədən, ölsəm!

And içirəm nədən ölsəm,

Mən şeirdən ölməyəcəm,

Bir şeir de, ölməyəcəm!

 

Öldüm dostum inləyəndə,

Son sözünü dinləyəndə.

Gördüm neçəsi deyəndə,

Ölən yerdə... "ölməyəcəm!

Bir şeir de, ölməyəcəm!"

 

Ölüm diləmə ölümə,

Tabedi Allah əmrinə!

Düşsəm o ümman əlinə,

Bu sahildə ölməyəcəm,

Bir şeir de, ölməyəcəm!

 

O dilsiz də nəsə dedi,

Hər nə dedi, gözəl dedi.

Ölərkən bir gözəl dedi:

- Şair, gəl də!.. Ölməyəcəm,

Bir şeir de, ölməyəcəm!

 

Ömür sürmə boş-boşuna,

Gəl həyatın dön başına!

Bir şeir yaz başdaşıma,

Ölsəm, bir də ölməyəcəm,

Bir şeir de, ölməyəcəm!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!