Səni soruşmaq istəyirəm...
Görüş yerləri
bağçamızdakı rəngbərəng çiçəklərin ləçəkləri olan
arılardan soruşmaq istəyirəm səni.
Bağçanızdakı güllərin ləçəklərindən öpəndə
bizim çiçəklərin ətri çökürmü onlara?
Sizin həyətin tozunu bizə gətirən
bizim həyətin tozunu sizə aparan küləklərdən
soruşmaq istəyirəm səni -
ətrini o tozlara qarışdırıb
gətirə bilərlərmi mənə?
Məni sevdiyini söylə külək əsəndə,
əzizim,
necə ki mən pıçıldayıram küləklərə səni sevdiyimi.
Bilirəm ki, o pıçıltım
qarışacaq tozlara
bələnəcək
adamların külək əsdikcə
ovxaladıqları gözlərinin yaşına
son ünvanı sən olacaqsan
ürəyin olacaq
gözlərin olacaq
sevgilim...
Səni yaxıb-yandırsa da,
tale kimi
qaraltsa da
bax günəşə, doyunca bax,
qorxma...
Səni öpüb yorulanda
mənə qonaq gələcək
üzünü, gözlərini öpdüyü zər telləriylə
öpəcək mənim üzümü,
gözlərimi,
isidəcək ürəyimi.
Dadacaq sevgini
sevgi dolu olacaq günəş
əvvəl sənin
sonra mənim ürəyimə dolacaq günəş.
Gözəl günəş,
sevgili günəş
işıq saçanda ağıllı
yaxıb-yandıranda dəli günəş...
Dənizə vurğun qağayılardan
qışın qarında, şaxtasında vətənini tərk etməyən
sərçələrdən
sahibini qoruyan itlərdən
soruşmaq istəyirəm səni.
Öyrətdilərmi sənə etibarlı olmağı
sevdiyinə xəyanət etməməyi...
Səni
yalnız səni soruşmaq istəyirəm gördüklərimdən
yaxşılardan yaxşı nə varsa öyrənməyini istəyirəm
sevməyini
istəyirəm
sevməyini...
Sevmək üçün yaranmaq...
Elə getdin...
Ürəkli olduğum vaxt ruhumdan çıxan qorxu kimi,
Evdəki səs-küyə dözə bilməyib
gözlərimdən qaçan yuxu kimi
çəkilib getdin...
Niyə getdin?
Hara getdin?
Tənhalığamı pənah aparım?
Tənhalıqlamı edim sənə xəyanət?
Yox! Bunu bacarmaram.
Mən səni sevmək üçün yaranmışam, əzizim,
itirmək üçün yox...
Uçurum
Yay gəlib
Qılınclı-qalxanlı, toplu-tüfəngli ordu kimi
küləklər kəssə də yolunu
bağçamızda çiçəklər açıb
bağımızda meyvələr yetişib.
Nə xəzri
nə də gilavar kəsə bilmədi bu yay
yenilməz qəhrəmana bənzəyən
günəşin
yolunu
sevgim də bu cür dolub sənin ürəyinə
xəyanətə gedən yolun
uçurumundasan
yıxılsan da sağ qalacaqsan...
Səni sevgim qoruyacaq
Bu yayın günəşinə bənzəyən sevgim...
Uzaqları görmək üçün...
Ağladım
çəkildi gözlərimin suyu
qışda axşam düşüncə
çöllərdən əl-ayaq çəkilən kimi...
Uzaqları görmək üçün
açdım pəncərəni,
Otağıma doldu, sarıldı ruhuma
sərin hava...
Əvvəl gülümsəməyi öyrəndim,
Sonra
qəhqəhə çəkməyi
Təzələdim üst-başımı,
hündürdaban ayaqqabılar aldım -
boyum bir az da uzandı,
həqiqətdən
bir az da uzaqlaşdım
və beləcə
çıxdım depressiyadan...
Ayrılığı tərk etmək
Gözlərimdən gülüş,
sevinc ayrılan kimi
ayrılıb getsəm uzaqlara
yaralı ürəyimin qaysağını qoparan kimi
qoparıb baxışlarımı gözlərindən
gedərdim
mümkün olsaydı getmək...
gedərdim yeni sevgilər olan yerə
gedərdim
məsələn
dənizlə göy üzünün öpüşdüyü
üfüq xəttinə tərəf.
Amma, sevgilim,
ordan da
ayrılıq qoxusu gəlir,
orda da
sevgi var,
saflıq var,
ölüm var...
Mümkün olsaydı getmək
ayrılığı tərk edərdim...
Qara kağız
Yenə qapıda
bir üzündə işıqpulu yazılmış kağız
kasıblığa təslimiyyət bayrağı kimi yellənir...
o biri üzünə gözlərimi siləcəm -
qaranlıqda qalanda
görməsinlər göz yaşlarımı...
Mən zəif deyiləm,
qaranlıqdan yox,
qaranlığı aydınlatmaq üçün
gələn ağ kağızlardan qorxuram.
Qaranlıq rəngində
zülmət rəngində
ölən ümid rəngindəki ağ kağızlardan...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!