Heç deməzdin qadındı - ayaqları nazik, qupquru - sinəsi dümdüz...
Qartallı Kazım
bir də dedi:
- Ey,
bulğur aşı
Süleyman…
Süleymandan səs çıxmadı.
Qatarın pəncərəsindən
yellədi əllərini,
qaranlığı dağıdırmışcasına
və
aşağıda
qatarla yanaşı qaçan
birinə söyləyirmiş kimi:
- Allahla aramız necədi,
kəndlim, - dedi.
Qartallı Kazım
canı sıxıla-sıxıla
cavab verdi:
- Bildiyin kimi.
Bu əks-həmlə
məmnundu Süleyman.
Qartallı Kazım davam etdi:
İnsan
Allahlı da,
Allahsız da
yaşaya bilir…
Mənim dediyim,
öz-özluyündə təmiz,
yəni,
suya, sabuna toxunmayan,
siyasətə qarışmayan
Allahdı, -
türkü kimi,
rəhmətlik babamı
xatırlamaq kimi
bir şey…
Süleyman güldü:
- Görünür,
bu barədə
çox düşünmüsən,
üz tutacaq
bir qapı da tapmısan,
kəndli hiyləgərliyinlə…
Cavab vermədi
Qartallı Kazım.
Hər şeyə rəğmən
Allaha inanırdı
və
düşmən idi bolqarlara,
hətta
dünyadan küsəcək qədər,
amma
ara-sıra
bir ümid,
təsəlli
qımıldanırdı içində -
bəlkə də
Balkan müharibəsində
bunların
hamilə qadınlara
etdikləri yalandı
deyə.
Bir ayaq səsi gəldi.
Qartallı Kazımla
Süleyman dönüb baxdılar.
Dəhlizə çıxmışdı
Sakaryalı Şakir.
Və
kupelərin qapısından
tuta-tuta
nazik ayaqları üstündə
su dolu qarnını
qamarlaya-qamarlaya
yaxınlaşdı Qartallı Kazımla
Süleymana.
Ağzının içində
fəryad qoparan,
ah-fəğan edən
bir tütək varmış kimi
dedi:
- Biləciyə hələ çoxmu var?
Güldü
Qartallı Kazım.
Diksindi Süleyman,
handan-hana
özünə gəlib dedi:
- Biləciyi çoxdan keçmişik.
- Qartallı Kazım
qarışdı sözə:
- Yuxudaydın?
- Nə yuxu,
qardaşım?
Biləcik gəldi-keçdi demək?
İndi
bizi harda düşürəcəklər?
Mən indi neyləyəcəm?
Artıq gülmürdü
Qartallı Kazım.
Sakaryalı Şakir
əllərilə
danqanaq kəlləsini döyə-döyə
bir ucdan üdüləyirdi:
- Mən indi neyləyəcəm?
Qatarda öləcəyəm.
Dəmiryoluna atacaqlar
meyitimi,
qurda-quşa yem olacağam.
Mən indi neyləyəcəyəm?
Mən indi neyləyəcəyəm?
Gözünü
yerə dikib,
susur Süleyman.
Və
bir daha
Sakaryalı Şakiri
geri gətirməmək üzərə
Ay işığında
kədər dolu tak-tuklarla
şütüyür 510 nömrəli qatar…
Gün ağardı.
Buz bağlamış
nəhəng şüşə kimidi
göy üzü
və
sürətlə güclənən rüzgar
yığıb aparmışdı
qırmızı,
mavi,
sarı buludları…
Günəş
çox sürətlə yüksəldi -
yarım mizraq boyu -
çöl üzə çıxdı birdən:
Aydakı vadilərin
cadar-cadar,
kədərli susuzluğu -
nə
bir ev,
nə
bir təkər izi,
nə
insanın əlinə toxunan
bir meyvənin
ümid dolu vədi…
Budur,
sonsuz yalnızlığı
heç nə
vermək istəməyən
otsuz, quşsuz-böcəksiz,
qısır dünya.
İnsan
incə torpağa
basınca ayağını
əcdadlarının
ilk döyüş nərəsini
duyur içində,
sanki
mamont çıxacaq qarşısına,
sanki yenəcək,
ya da
yeniləcək,
əski çağlarda
olduğu kimi…
Göy üzündə dağıldı buludlar.
Heydərpaşa vağzalından
saat 15:45-də
qalxan qatar
balaca,
fəqət inadkar,
cəsur bir oyuncaq kimi
keçir çöldən.
Nəhayət,
bir adam göründü,
tək-tənha bir adam,
üstündə eşşəyin.
Nəhayət,
bir kənd göründü
həyətləri ağacsız,
evləri pəncərəsiz,
torpaqdan və təzəkdən
ibarət.
Nəhayət,
bir qız uşağı çıxdı
uçuq-sökük evlərin arasından,
baxımsız,
fəqət sağlam,
əlində su bardağı,
baxdı qatarın arxasınca.
Sivri burnuyla
iylədi havanı,
güldü,
yanaqları batıq-batıq oldu,
deyək ki,
Zəhradır
qızcığazın adı.
Deyək ki,
atası yoxmuş qızcığazın.
Nədən yoxmuş?
Deyək ki,
bir yerə getmiş,
dönməmiş bir daha,
bəlkə də
dönəcəkdi,
kim bilir,
bir gün,
günorta çağı,
ya axşamüstü,
çölün
gözlə görünməyən
bir yerindən…
Deyək ki,
Zəhra qızcığazın
anası evdədir,
hələ oyanmamış,
amma
bəlkəli,
bəlkəsiz
o
bir daha
oyanmayacaq -
qara yorğanın altında
çırılçılpaq yatır!
Deyək ki,
beş yaşındakı
Zəhra qızcığazın
dünyadan xəbəri yoxdu,
yox,
deməyək,
boyuna görə
böyük yük götürənlərin
dünyadan xəbəri olur…
Etiməsudda durdu qatar.
Üç-beş
dəqiqə sonra tərpəndi.
Yolboyu
akasiya ağacları
əkilmişdi,
yellənirdilər
məğrur-məğrur -
bir
qorxu-ürküləri
yox idi
çölün
hər şeyi qovuran
istisindən,
kim bilir,
nə qədər
quraqlıq yola
salmışdılar…
Qatar
bir az getmişdi ki,
yenə dayandı -
Qazi vağzalında.
Bir
taksi şütüyürdü
asfaltın üstündə,
Ankaraya doğru.
Üç
pilot vardı taksidə,
bir də
nar çiçəyi bir qadın.
Qadın arxada -
Yusufla Vədatın arasında,
Rəhmi Çavuş qabaqda -
sürücünün yanında
oturmuşdu.
On səkkiz
yaşındadı Rəhmi Çavuş.
Sivri,
əsmər üzü
insanı
heyrətləndirəcək dərəcədə
siçovula bənzəyirdi.
Və
külrəngi uniformasının
qalstukunu vurmasından
bu işdə
səriştəsiz olduğu
dərhal sezilirdi.
On səkkiz
yaşındadı Rəhmi Çavuş.
On səkkiz yaşında
ürək bir sapand
daşı kimi fırladılır
və
insanın başı
çiyinlərinin üstündə
deyil,
kim bilir,
haralarda,
haralarda olur?
On səkkiz yaşında
yatağa xatirələrsiz girilir,
pırıltılar,
pırıltılar
yalnız irəlidə,
irəlidədir.
On səkkiz yaşın
bir yanı
dərya-dəniz,
bir yanı
yamyaşıl meşəlik,
bir yanı
Qayya quyusu,
bir yanı
hər birimizlə başlayan dünya,
bir yanı günlük-günəşlik,
bir yanı
röya...
Bir yanında
arxası üstə yat,
ulduzlara bax,
bir yanı dümdüz,
yüyürdükcə yüyür,
yüyürdükcə yüyür...
Bir yanı
toz, duman,
bir yanı
bomboş...
On səkkiz yaşın
heç nəyi gizli qalmır,
danışılır...
Fəqət
Rəhmi Çavuş nə danışacaq ki?
Pilot məktəbinə
girmədən öncə
bir
həbsxana dükanında
bir baqqalın yanında
şəyird idi -
il yarım
daş dükanla
dəmir qapının arasında
bəhməz,
quru lobya,
kömür daşıdı -
Rəhmi Çavuş nə danışacaq ki?
İbtidai məktəbi
acqarına,
həm də
baharat satıcısından
oğurladığı qələmlərlə
bitirdiyinimi,
yoxsa,
atası -
rəhmətlik qara saqqalı
bir şirniyyatçı idi -
öldükdən sonra
anasının yanına
zampara gətirdiyinimi?
Rəhmi Çavuş nə danışacaq ki?
Həbsxanadakı
dükanın baqqalı
pəhləvan cüssəli
Hüseynin dal ayaqları üstə qalxmış
qocaman
bir ayı kimi
çıxartdığı hoqqalardanmı?
Səsi
bir qız çocuğunun
səsi kimi incə
və
şit olurdu sevinərkən
və
küfr edərkən.
Baqqal Hüseyndən
yumruq yeyərkən
Rəhmi Çavuş
yerə çömələr
və
əlləri ilə üzünü örtərdi
və
barmaqları arasından
bic-bic,
hiyləgər-hiyləgər,
məsum-məsum
gülümsəyərdi, hər nədənsə,
baqqalın arvadına...
Əlli yaşındaydı
baqqalın arvadı.
Qapqara bir şey idi,
bərk-bərk örtərdi başını.
Heç deməzdin qadındı -
ayaqları nazik, qupquru,
sinəsi dümdüz,
saçı
və
dişləri düzəltmə...
Fəqət,
inanılmayacaq qədər
mavi, xain
və
xəyanətlə dolu gözləri
Rəhmi Çavuşu
bir şeylərə sövq edirdi.
Rəhmi Çavuş nə danışacaq ki?
Düşünürdü ki,
bu dükandan
bir daha çıxmayacaq.
(Şəyirdinin
adam olmasını
istəyərdimi
baqqal Hüseyn?)
"Həp
burada keçəcək
belə yüz,
belə min
hesabagəlməz illərim.
Həm də,
axırda
bu qaranlıq künc-bucaqda
cəviz çuvallarının altında
qazılacaq məzarım..."
Rəhmi Çavuş nə danışacaq ki?
Pilot məktəbinə
necə girdiyinimi?
Bir müəllim vardı həbsxanada -
cəzası çox,
dostları çox,
qulaqları iri,
boyu qısa,
axmaq kimi
gəlirdi adama,
amma
pulsuz-parasız yazırdı
məhbusların ərizəsini.
İçəridə ola-ola
gözətçi Məməti
çöldə işə düzəltdi.
Edam
fərmanı verilmiş
bir adamı
qurtardı dar ağacından.
Müdirlə can-ciyər idi.
Sünnət işinə baxan
bir dəllək -
həbsxanada yatıb çıxmışdı -
oğru,
lağlağı,
çənədən boş,
ürəyi xəstə,
amma
div kimi bir adamdı,
bir gözü kor,
aktyorluğa
böyük marağı vardı,
"Xalq teatrı"nda
rejissor idi.
Müəllim
onun yanına göndərdi
Rəhmi Çavuşu -
Təbii ki,
baqqal Hüseyndən gizli.
Və
dəllək düzdü-qoşdu işi
və
Rəhmi Çavuş
girdi pilot məktəbinə.
Rəhmi Çavuş nə danışacaq ki?
Nə
bir dəfə
uçdu,
nə
bir dəfə
paraşütlə tullandı -
yerdə idi bütün işi…
Rəhmi Çavuş
sürücünün yanında
arxaya dönmüş halda
əllərilə qapamışdı gözlərini -
kim bilir niyə?
Və
barmaqlarının arasından
bic-bic,
hiyləgər-hiyləgər,
məsum-məsum baxırdı
nar çiçəyi qadına.
Qadının gözləri
baqqalın arvadının
gözləri kimi
hiyləgər idi,
fəqət
xain və mavi deyildi.
Bu
yumşaq,
yaşıl
və
sürməli gözlər süzmürdü
Rəhmi Çavuşu
və
bəlkə buna görə
Rəhmi Çavuşun ürəyində
yüngül
diş ağrısı kimi
bir sızı
və
boğazında
uda bilmədiyi
bir loxma
kədər vardı…
Qadın
süzgün gözlərlə
baxırdı pilot Yusufa.
Qaba,
tösmərək
və sarışındı Yusuf,
sol
qaşının üstündəki çapıq yeri
ərköyün,
davakar
bir çocuq ədası verirdi
pəmbə-bəyaz üzünə.
Nar çiçəyi qadın
toxundu gombul barmağıyla
Yusufun
sol qaşının üstündəki
çapıq yerinə
və
qəribə bir iztirabla
bir bacı,
hətta bir ana
səsiylə sordu:
- Bu nədən olub belə?
- Bumu?
Heç. Çapıq yeridi.
- Uşaq vaxtı
ağacdanmı yıxıldın?
Xəfif-xəfif
güldü Yusif -
qəhvə rəngində
meşin bir jaket geyinmişdi
uniformasının üstündən:
- Ağacdan deyil,
iki min metr yüksəklikdən.
- İki min metr?
Minarədən də yüksəkdən?
Vay…
vay…
vay…
Yəni,
təyyarədən
yerə düşdün demək?
Və
pilot Yusuf
nar çiçəyi qadının
üzünə gülümsəyərək dedi:
- Təcrübə uçuşundaydım,
Əskişəhərin üstündə,
yüzbaşı Ilqazla bərabər.
Elə hey əmrlər verir mənə,
bir dedi,
iki dedi,
nəhayət, qızdı beynim,
atdım
özümü yerə.
Paraşüt
gec açıldı bir az.
Sol
qaşımın üstündən
yaralandım.
Susdu.
Və
əlavə etdi həmən:
- Nə isə,
xırda şeydi.
Nar çiçəyi qadın
əzilə-əzilə dedi:
- Niyə
bu sənəti seçdin ki?
Mən qoymazdım -
əgər anan olsaydım
deyəcəkdi az qala -
arvadın,
şey,
nişanlın olsaydım…
Ardı var...
Hazırladı: Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!