Dəli bir istək var canımda indi,
Baş alıb harasa getməyim gəlir.
Mən gec öyrəşənəm, çətin tərk edən,
Bəs nədir bu istək içimi dəlir?
Beləcə buraxıb
bulanıqlığı
Hansı nisgilimi ovudub gedim?
Qəlbimdə boğulan diləklərimi
Necə yola verib, təsəlli edim?
Alıb ürəyimi, alıb başımı,
Bu yüklə özümə yer tapım harda?
Varmı elə bir yer, elə bir aləm
Məni çəkə bilsin, əriyim orda?!
***
Yaşadıq, nə yaşadıqsa,
yada salmağa lüzum yox.
Bənd olmağa
bəndə gəzsəm
çoxdur sənin kimisi, çox.
bu divanə, dəli könül
dəli duyğulara çapar.
Ovut çığıran istəyi,
götür özün ilə apar.
Ümid etmə, bir gün dönəm,
yollarıma çıxma daha.
Nə sevgim, nə nifrətim var,
get, əmanət ol Allaha.
Gözünün yaşı
ovcunda olan adamın
ovcu, əli açıq olar, ürəyi tərtəmiz.
uşaq məsumluğu gəzdirər içində,
Nə xılt qalar ürəyində,
nə yığıntı,
yuyub axıdar gözündən
ən qorxusuz,
ən güvənli adamdır
gözüsulu adam,
könlü, kəpənək,
üzü gerçək,
üzüsulu adamdır,
gözüsulu adam.
Sevə biləcəyin bir kimsə ola
sevgin
şübhədən, xəyanətdən uzaq
qışda uşaqların tapdağından uzaq qalan
qartək
tərtəmiz,
əsəsən üstündə
pöhrələnə
soyuğu, qışı adlayıb
baharda pöhrələnən şiv kimi.
Sığıb-sığışdıra bilməyəsən bu sevgini,
bu sevinci heç yerə
məst olub
sərxoş səma kimi
çətir olasan bu sevgiyə.
***
ağrıları anma, gəl,
doğruları danma, gəl.
Hisslərini gizlədib
öz içində yanma, gəl.
sər səcdəyə selləri,
çək yedəklə yelləri,
andığın yerdə ara
al ovcuna illəri.
asıl öz həvəsindən,
nərdivan qur səsindən.
yığ gözümü yollardan
çıx bəlkə qəfəsindən.
ovuq, ovçu həyata
xətayıq, başdan xəta.
divan tut olmazlara
nə yaşa bax, nə vaxta.
***
istəklər ümmanında
çırpınardım, yanardım,
mən dünyanı nə boyda,
necə geniş sanardım.
ümidlərim elə çox,
inamım lap çox idi.
yel apardı dünyamı,
yoxsa divlərmi yedi.
heç bir ilğım, heç bir rəng
qamaşdırmır gözümü,
bu adam yığınına
yad görürəm özümü.
bir nəfəsəm bəlirgin
tükənmişəm, sönmüşəm,
məkanım göylər idi
artıq yerə enmişəm.
***
Udacaq,
bu duman udacaq məni,
udacaq,
üstünə qonanları udan
ingilis şehçiçəyitək,
itəcəm, batacam bu dumanda mən.
Ağrı, xiffət kimi gəldi
fikrimdə, halımda az imiş kimi,
başımın üstünü də aldı
düşdüm bu dumanın ovcuna.
Bu dumanda təklik, tənhalıq xofu
sarıb sarmaladı hər yeri yenə.
Bu duman
dünyanın gözünə enən yuxu.
Eyni açılmayan insan kimidir
bu dilsiz-ağızsız təbiət bu gün,
çəkir duman yükün.
Həvəsi azdırıb, sozaldır burda
belə süst, mürgülü, belə boz duman,
yönsüz, yöntəmsiz
tutqun, toz duman.
Udacaq,
bu duman udacaq məni
itəcəm, batacam bu dumanda mən.
***
vaxtsız yağmış qar altda,
qar altında
qalan şiv,
haqladı səni bu qar,
yarpağını tökməmiş.
o fəsili qarşıla,
bu fəsili yola sal
qarşında hələ çox qış,
hələ çoxlu qarlar var.
əyilmə,
əyildinsə
əyilərsən, sınarsan.
alış, bərki, sirinsi,
bas bağrına bu qarı,
oxşa sevdiyin kimi,
əzizlə,
dərdlərini
əzizləyən adam tək
onda
asan olar.
Nəvəm Aylinin
"darıxmışdım" sözünə
Nazım, qızım, axı sən nə bilirsən,
sən hardan bilirsən darıxmaq nədir.
hər təzə oyuncaq,
hər təzə oyun
təzə sevincindir, təzə həvəsin,
hələ dupdurudur gözünün içi,
gözündə dünya da hələ dupduru,
hələ aldatmayıb özünü zənnin,
bir namərd önündə
bir damla yaşı
içində saxlaya bilmədiyində
özün-öz gözündən düşüb o yaşla
ərimək varkən,
karına gələndə elə ağlayıb
səsini, özünü gözə soxursan
hələ,
hələ tanımırsan bu adamları,
böyüyə-böyüyə tanıyacaqsan,
tanıya-tanıya böyüyəcəksən,
gözlərin özündən tez böyüyəcək
gözləmədiyini görəndə,
göz yummağa öyrəşənəcən
əldən düşəcək ruhun,
çox,
çox darıxacaqsan,
nazım, qızım çox...
***
Bu gecə namərdmiş, gör necə namərd,
Bu gecə ruhumuz görüşər dedim.
Gündüzlər günəşdən pay alammadım,
Bu gecə bəxtimə gün düşər dedim.
Yükləndi ruhuma, yüklənib durdu,
Bu gecə bir ömür ağırlığında.
Zülməti əyninə biçib geyindi,
İtdim bu gecənin sağırlığında.
Gəzərsən, göylərdə gözlə, gəz məni,
Qalsam yerim yoxdur bu Yerdə daha.
Qalda, qovğadadır ruhumla cismim,
Mənimki, mənimki qalıb Allaha.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!